40 qəpik



“İçərişəhər” adına “bakı soveti” metrostansiyasında təmirdən sonra tualet açıblar. O gün ikinci dəfə ora getdim. Birinci dəfə fikir verməmişdim. Tualet elə bil 60 yaşı olan məktəbn tualetidir, sadəcə üstünə bəzəyib yeni göstərirlər. Suyu çəkmək mümkün deyil, sadəcə işini görüb başqaları kimi iylənə-iylənə qoyub gedirsən. Hər yer kəskin xlor iylənirdi.

Yəqin təzəlikcə “təmizləyiblər”. Yaxşı xidmət olmayan yerlərdən, təbii ki, zəhləm gedir. Tüpürdüm bunlara da. Çıxıb gördüm geyimlərindən, həyat tərzlərindən tualetin bir hissəsinə çevrilmiş 2 arvad  söhbət edir. 1 manat verdim, biri dedi ki, “gözlə, xırdalayıb qaytaraq, cəmi 40 qəpiyim var indi”.
Gözləyə-gözləyə fikirləşirdim ki, niyə bunlar tualeti adam kimi təmizləmirlər. Axı özləri bütün günü burda otururlar. Bunu axırda anladım. Tələsirdim, dedim “eybi yox, 40 qəpik qalsın sizə”. Fikirləşdim, etiraz edər, özünü dilənçi-filan hesab etməyimi fikirləşər. Amma bir az duruxub arvad başladı dil-ağız etməyə. 40 qəpiyə görə o qədər təşəkkür etdi ki, mənə tualetin təmizlənməmə səbəbi çatdı.

Comments