Seymur Baycanın məhərrəmlik haqqında yazısı
(xatirələri) insanların SSRİ dövründə qadağalara baxmayaraq aşura qeyd
etməsindən bəhs edir. Bunlar səmimi, mollasız, qorxusuz-filansız inana bilən
insanlardır.
Bu səmimi inanc insanların ehtiyacıdır.
Bəzən bu ehtiyac o qədər güclü olur ki, hətta inandıqlarını da eqosu, ehtiyacı
uğruna tapdalayıb keçir.
Uşaq vaxtı qaldığım evin yaxınlığında
bir qəbirstanlıq vardı. Ətrafına alçaq divar çəkilmişdi. O vaxtlar o
qəbirstanlıda nəzir qutusu yox idi. Ona görə də nəzir vermək istəyən adam pulu
həmin alçaq divarın üzərinə qoyub gedirdi ki, kim görsə pulu götürsün. Külək
aparmamaq üçün də pulun üzərinə daş qoyurdular. Məntiq bundan ibarət idi ki,
pulu görən adam özünü həmin pula ehtiyacı olacaq qədər və pulu götürməsi ilə
nəzir verənə savab qazandıracaq qədər kasıb hesab etsə, pulu götürəcək, əks
təqdirdə pul başqasına qismət olacaq.
90-ci illərdə hələ də əksəriyyəti kasıb
olan bir ölkədə ağır vəziyyətdə idik. İnsanlar hamısı bir-birinə atırdılar.
Amma o qəbirstanlıqda nəzir vermək şousunda insanların inandıqları Allaha da
atma cəhdinin şahidi oldum. Deməli, bir ailənin üzvləri belə şou düzəldirdilər:
ata pulu qəbirstanlıq divarının üstünə qoyur və ondan təxminən 150-200 metr
arxada gələn oğul pulu götürür. Və ya əksinə oğul pulu qoyanda ata arxadan
gəlib pulu götürür. Bu, kimin Allaha nəzir vədi verməsindən asılıdır.
Bunun mentalitet düşkünlüyü, ya da
ziyarətə inamın Allaha inamdan daha güclü olması olduğunu bilmirəm. Amma belə
düşünürəm ki, Allaha yalvarmaqdan bir şey çıxmadığını görən insanlar ziyarət
variantını sınamaq qərarına gəliblər. Yəni diləyinin yerinə yetəcəyi təqdirdə
nəzir verəcəklərini vəd ediblər. Dilək yerinə yetib, lakin ola bilər ki, tam
yetməyib, yəni kasıbçılıq davam edir. Yəni Allah sanki onları aldadıb – diləyi
yerinə etirib, lakin kasıbçılıq davam etdiyinə görə deməli, həm də yerinə
yetirməyib. Onlar da belə varianta əl atırlar ki, həm nəziri verirlər, həm də
yox.
Comments
Post a Comment