Naxçıvan və Einstein

7 il əvvəl bizi – birinci kurs tələbələrini başlarını aldadıb BDU-nun akt zalına yığdılar. Sən demə, Naxçıvan Muxtar Respublikasının yaranmasının 80 illik yubileyi imiş.
O zamana qədər tarix dərsliklərindən oxumuşdum ki, Naxçıvan şəhərinin 2000 yaşı var. Bu yubiley iclasında da 80 illik müddət yaltaqlanmaq üçün az olduğundan keçdilər şəhərin yaşına.
Yaqub Mahmudova qədər çıxışçılar Naxçıvan şəhərinin yaşının 3500 il olduğunu qeyd etdilər. Fikir verdim ki, artım fantastikdir. Mən 6-cı sinifdə oxuyanda (1997-ci il) Naxçıvanın 2000 yaşı vardı, yəni 7 ilə şəhər 1500 yaş qocalmışdı.
Show isə davam edirdi. Yaqub Mahmudov çıxdı efirə. Bu adam çıxışını Adəm peyğəmbərin naxçıvanlı olmasını sübut etməyə həsr etdi. Yaltaqlığın dozası elə artırdı ki, iclasın gedişatı çox maraq kəsb edirdi.
Ardınca tələbələrin təmsilçisi kimi həmkarlardan bir tələbə çıxdı və yaltaqlanmada təkcə o iclasın yox, indiyə qədərki bütün təcrübələrin kulminasiyasını vurdu. Adam çıxışa belə başladı: “Mən sözümə ulu öndər, dahi siyasətçi... (nöqtələrin yerində nə var təxmin edərsiz yəqin) Heydər Əliyev cənablarının sözü ilə başlamaq istəyirəm: SALAM, TƏDBİR İŞTİRAKÇILARI!” Gurultu alqışlar...
Bu gün AzTV-də yenə Naxçıvan MR-nın ildönümü ilə bağlı yaltaqlanmalar silsiləsi gedirdi. Həlim səslə danışan diktor deyirdi: ““Naxçıvan” sözünün bir-çox dillərdə mənası var... Lakin ən inandırıcısı və qəbul olunanı “Nuh çıxan” mənasıdır”. Hiss elədim ki, şəhərin yaş artımı ilə bağlı yeni sürət rekordu gəlir. Yanılmadım. Sən demə şəhər 2004-cü ildən keçən 7 il ərzində daha 1500 yaş qocalıb və indi Naxçıvanın 5000 (!) yaşı var.
Einstein-in nisbilik nəzəriyyəsinin belə tətbiqinə görə o kişiyə bir yağlı söyüş göndərib keçdim hesablamaya. Deməli, “Naxçıvan təqvimi” adlanan bir təqvim var. Bu, kosmik hesablama ilə bağlıdır. Bizim indi işlətdiyimiz miladi təqvimlə Naxçıvan təqviminin fərqi ondadır ki, Naxçıvan təqvimində zaman daha sürətlə gedir. Belə ki, miladi 1 il naxçıvani 214 il 104 gün 6 saat 42 dəqiqəyə bərabərdir. Təxmini götürsək 214,3 il edir. Deməli miladi 1 gün keçəndə naxçıvani 214,3 gün keçir. Bu hesablamanı daha da xırdalamaq olar.
Lakin bir məsləyə aydınlıq gəlir. Vasif xan rejimində çox adam olub ki, xəbərsiz-filansız itkin düşüb. Buna görə xanı təqsirləndirmək düzgün deyil. O adamlar bu təqvimlər aralığında, kosmik keçidlərdə itiblər. Məsələn, adam hardasa yarım il keçirir, qayıdanda elə bilir ki, həmin dövrə yarım il fərqlə qayıdacaq. Daha demir ki, burada o yarım ildə 107 ildən çox keçib. Məsələn, 2010-cu ildə itən bir nəfər yarım il sonra qayıtmağı düşünürsə, ən yaxşı halda 2117-ci ildə qayıdacaq.

Comments