Repressiyanı körpəyə tətbiq edən diktator



O qədər deyilib, o qədər yazılıb ki Elmar barədə...
Ağılla düşünülənlər dəbdən düşə bilər. Amma hisslər dəbdən düşmür. Məsələn, modaya uyğun paltar dəbdən düşür, amma o paltarı sevən adam 10 ildən sonra da onu geyəcək, çünki sevgi hissdir və qaldıqca dəbdən düşmür.
20 yanvar haqqında o qədər yazılıb, deyilib, mövzunun şitini çıxarıblar. O barədə danışmaq, yazmaq, təsvir etmək və s. dəbdən düşüb. Bezdirir hamını.
Amma yenə hər il 20 yanvarda şəhidlər xiyabanı dolur insanla. Çünki hisslər dəbdən düşmür. Heç kim danışmır, tankın insanları, maşını necə əzdiyini təsvir eləmir, amma hamı kədərlənir.

Elmar haqqında çox danışılmır bəlkə də. Yəqin ki, mövzunun şitini çıxarmağa ehtiyac yoxdur deyə. Onsuz da, hisslər bu mövzunu həmişə aktual saxlayacaq.
Eyni sözü hər dəfə deyəndə də adam ondan təsirlənə bilər, hər il deyəndə də. Bu il də eyni sözlərlə yanaşı yeni sözlər də eşitdim Elmar barədə.
Onu bildim ki, Elmarın atası 6 ildir hər cümə axşamı qəbir üstünə gedir.
Bir də düşünəndə tapa bilmədim ki, Əhməd Cavadın, Almas İldırımın övladlarından başqa hansı uşaq Aslan kimi siyasi mühacir olub, körpə ikən repressiyanın hədəfinə çevrilib.
Tək buna görə biz İlham Əliyevə cüzi güzəşt də eləməli deyilik. Repressiyanı körpəyə tətbiq edən diktatora nə güzəşt?

Comments