Yaşayaydıq demokratik ölkədə... (şizofrensayaq)



Demokratik ölkədə yaşasaydıq, nələr edərdik məsələsində adətən verilən cavablar kimi standart sözlər deməyəcəm. Dostum Könül Zeynallının dəstəyi ilə daldığım xüsusi xəyalları bölüşəcəyəm.
Yaşayaydıq demokratik ölkədə, çıxardım küçəyə, dostlarımla gəzib-gəzib yorulub, yolda oturardım. Uzanardım yolda, baxardım səmaya. Amma yolun ortasında uzanaydım. Qoşa xətti kürəyimlə tapdalayıb. Səmada ulduzlar olaydı. Şəhərin işıqlarının görünməz edə bilmədiyi ulduzlar.

Azadlığın simvolu ola biləcək qədər geniş çöllükdə salınan şəhərimizi bir çöl zənn edib uzanardım asfalta. Kimsəsiz çöldəki kimi əlimi ulduzları tutarcasına uzadanda dostlarımdan birinin şəhərlilərsayaq gözəlliyinimi (təbii yox, şəhərəxas gözəlliyini), avtomobilin siqnalınımı, polisin müdaxiləsinimi hiss edib ayılardım. Bilərdim ki, azadlıqların çölündə deyil, məhdudiyyətlərin şəhərindəyəm.
Əgər məni oyadan dostumsa, durub onunla bərabər bacardıqca yuxarı tullanar, “azadlıq” deyə bağırardım. İçimdəki azadlıq odunu püskürürcəsinə...
Əgər məni oyadan maşın siqnalıdırsa, qalxıb sürücüyə “azadlıq” deyə qışqırardım. Maşından düşüb “maşın xarabdır deyən sürücüyə” siqnalını söyməklə gülə-gülə cavab verərdim. Sürücünün təpiyinin ağrısında azadlığı dadardım.
Əgər məni oyadan polisdirsə, onunla 2 cür davranardım:
1)    Öpərdim onu, qucaqlayardım, başımı qoyardım sinəsinə, döş nişanının üzərinə, düşünərdim ki, indi dünyanın 80%-i belə demokratiyanı görmür, polisə nifrət edir, azadlığıma şükür edə-edə ağlayardım o uniformalı sinədə;
2)    Durub söyərdim onu. Ağzıma gələni deyərdim. Polisə müqavimət göstərərdim. Dubinkanı çıxarıb vurardı məni. Bacarsam, qaçardım ondan. Dubinkanın ağrısından ulaya-ulaya qaçardım. Bu ulartı da azadlığımın püskürməsi olardı. Qaçardım dayanmadan prezident adminstrasiyasının binasına. Üzümü binaya tutub “aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaazadlıq” deyərdim. Bununla da transa keçərdim. Elə bilərdim, səsimlə o bina yerlə yeksan olur. Bakı silinir, yerini çöl alır, ucsuz-bucaqszılığı azadlığı ifadə edən çöl. Bu çöldə hamıya yer olacaq. Dünyanın 80%-inin hamısına. Qoy bu azadlığın əleyhinə çıxan əclaflar mənim azadlıq püskürməyimlə Bakının yerləşdiyi çöldən rədd olub gedən binaların qalaqlandığı xarabalıqda gəbərsinlər.
Mən Bakını azadlıq paytaxtı etmək istəyirəm. Çöl etmək istəyirəm. Hamımızın azadlıq püskürə biləcəyi çöl.

Comments