Anamın gözyaşları

4 gün evdə qalmadım. Bütün bu 4 gün boyunca da sahə müvəkkili öz adam(lar)ı ilə binamızı nəzarətdən kənar qoymadılar. Tapsalar, çox güman ki tutacaqdılar.
Xırda bir işdir. Sadəcə bizim əslimizdə-nəslimizdə hökumət əleyhinə çıxan bir başıpapaqlı köpəyoğlu olmayıb. Ona görə də mənim “cəsarət” nümayişimi şişirdib filə döndəriblər. 15 il iş almaq təhlükəsi olana belə münasibət göstərmirlər.Əlbəttə hökumətdən qorxu öz yerində, amma bunun bir səbəbi də sevgidir, hörmətdir. Sağ olsunlar. Sevgilim, qardaşım, atam, başqa qohumlar, tanışlar narahat oldular, maraqlandılar, ağlayan oldu, gülən oldu, acıqlanan oldu, tərifləyən oldu və s..
Ayın 3-ü gəldim evə. Əvvəl də anama deməmişdim gəlirəm. Ona görə də onun sevinci xüsusi alındı. Dediyim kimi qəhrəmanlığım filan yoxdu, bir dılğır “uçaskovı”dan gizlənmişəm. Sadəcə arvadın məni qarşılamağına sarsıldım. Məni qucaqlayıb iyimi çəkə-çəkə dayanmadan öpməsi, ayrılmağı sadəcə bacarmaması sarsıtdı məni. O dediyim dılğırın dalbadal narahat etməsindən sonra anamın küçədə özündən getməsi nəticəsində qolunun göyərmiş yerini görəndə hiss elədim ki, mənlə görüş ona ağrılarını da unutdurub.
Sözlə ifadə edə bilməyəcəyim auraya düşmüşdüm. Sanki anam ətrafında xüsusi təbəqə gəzdirir, məni təsir dairəsinə salanda belə atmosferə düşürəm. O aurada hisslərimlə, indi isə ağlımla fikirləşirəm ki, nəinki bu iqtidar, bütün bu dünya da anamın bir damla göz yaşına dəyməz.
Ona görə də tam gücümlə mübarizəyə davam. Layiq olmadıqları o gözyaşlarına səbəb olan bu rəzilləri devirənə qədər davammmmmmmmmmmmmm...............

Comments