Ata, çəkilin önümüzdən

Hər uşaqda qəhrəman ata obrazı olur. Çoxunda bu, gözünün qabağındakı öz atası olur. Sən də mənim qəhrəmanım idin. Elə bilirdim, hamını döyə bilirsən. Dayım ştanqist idi, amma mən nədənsə sənin onu da döyəcəyinə inanırdım, özümə də qəribə gəlirdi ki, bu boyda dayını ata necə döyəcək. Amma inanırdım da sənə. SSRİ dağılanda ekrana ayaq açan Hollivud qəhrəmanları çox uşağın atasını qəhrəman statusundan məhrum etdi. Çoxu gördü ki, ata Van Damı, Şvasneqri, Rembonu, Çakinorisi döyəmməz. Amma sən hələ də mənim qəhrəmanım idin. Mənə demək olar ki, əl qaldırmırdın, heç kimlə dava eləmirdin, amma yenə səni hamıdan güclü bilirdim. Terminatordan da.
Amma bir gün sarsıldı bu qəhrəmana inamım...Bir dəfə səndən soruşdum ki, “sən 80-lərdəki meydan hərəkatında iştirak eləmisən heç?” Dedin ki, “yox”. Dedim, “heç o 20 yanvar şəhidlərinin basdırılmasındakı milyonların içində də deyildin?” Dedin, “ay oğul, biz rayondayıq. Kimdi Bakıya gedən?!” Hələ beynimdə qalan qəhrəman obrazınla “rayonda olan Bakıya mitinqə getməz” məntiqinə məni inandırdın.
Sonra ən çox sevdiyim yerdə - atlaslarda eşələnməyə davam elədim. Baxdım ki, Bakının 1991-ci ilə əhalisi 1 milyon 100 mindən az göstərilib. Sonra 20 yanvar şəhidlərinin basdırılma səhnələrinə, 1988 Azadlıq meydanı səhnələrinə baxdım. Gördüm bütün Bakı uşaqlı, qocalı yğılsa da, o kütləni verə bilməz. Xoruzun quyruğu görsəndi. Bildim ki, rayonlardan gedənlər var imiş. Əclaflar. Kim sizə haqq vermişdi ki, rayondan basa-basa Bakıya mitinqə gedib mənim qəhrəmanımı gözümdən salasız?
Yenə suallar... “ata, sən niyə mitinqə getmirdin? Axı rayonlardan gedənlər var idi? Sən Qorbaçova “balet” eliyirdin?” – “yox, ay oğul. Qorbaçova-zada balet eləmirdim. Amma siz varsınız axı. Mənim orda başıma bir iş gəlsə, siz nolarsınız?!”
Həə, bu “siz varsınız” söhbətində müharibə dövrü yadıma düşdü. Qapımıza hərbi komissarlıqdan bir kişi gəlib səni müharibəyə çağırırdı. Sən də uşaqlıqda sınıb əyri bitişdirilmiş qolunun əyrisini göstərdin. Bir az kişi ilə danışdın və kişi getdi. Sən isə getmədin. Müharibəyə... Bilmirəm əvvəldən danışılmışdı məsələ, ya yox, amma kişi çılpaq qola baxıb “səyyar ekspertiza”sını keçirib bizdən əl çəkdi. Elə sevinmişdim ki onda. Atam müharibəyə getmədi. Müharibə aparan dövlətdə yaşamaq, hətta müharibə sənə ən az təsir etsə də, dəhşətlidir, silinməz xatirələr qoyur.
Sənin həmin qolunu kişiyə göstərmə səhnən heç getmədi gözümün qabağından. Həmin o “siz varsınız” söhbətində də o səhnə yadıma düşdü. O söhbət gedəndə artıq atəşkəs idi. Düşündüm ki, sən demə atam bizim üçün edibmiş hər şeyi. Qəhrəmanın etdiyi şeylər isə mühakimə olunmaz, doğru kimi qəbul olunar.
Lakin şübhə içimi dağıdırdı. Axı rayondan başqa gedənlər də kimlərinsə ataları idi, kimlərinsə qəhrəmanları idi, onlar uşaqlarını heç mi fikirləşmirdilər? Bu suallara cavabı bir az gec tapdım. Uşaqlıqdan çıxana yaxın.
Bildim ki, ata, sənin arzuların nə qədər gözəl olsa da, tutduğun yol düzgün olmayb. Sən heç vaxt bilməmisən ki, uşaq üçün ən vacibi atasızlığın qarşısını almaq yox, onu azad gələcəklə təmin etməkdir. Sən mənim üçün hər şey edərdin. İndi də edərsən. Amma Hitler də Almaniya üçün hər şey edərdi. Fəqət neylədi? Sənin və sizin nəsilin mənə və bizim nəsilə elədiklərini elədi Hitler Almaniyaya.
Mitinqə, müharibəyə getməyən atalar övladlarını qoruyurdular. Nədən qoruyurdunuz? – atasızlıqdan, aclıqdan, yetimlikdən, təklikdən...
Amma nələrdən qoruya bilmədiniz bu getməməklərlə? – normal təhsilin olmadığı mühitdən, azad olmayan gələcəkdən, diktaturadan, şikəst vətəndən...
O səhv qərarla itirdikləriniz qazandıqlarınızdan qat-qat çox oldu. Siz bizi yox, şikəst, savadsız, bir tikə çörək üçün rüşvətdən tutmuş Dubaya qadınlarımızı satmağa qədər hər şərəfsizliyə gedən gənclik qazandınız. Susan, müti, kölə, korrupsioner, fırıldaqçı, kitab düşməni nəsil qazandınız.
Səhvlərinizi düzəldirik, ata. Sizin yaralarınızı sarıyırıq. Hər gün qanayan, qartmaq tutmayan, irinli, xroniki yaralarınızı. Bizə qoyduğunuz, bizi irininin içinə atdığınız yaralarınızı. Heç olmasa, indi anlayın ki, insan üçün 3-5 il artıq yaşamaqdan daha vacib dəyərlər var. Heç olmasa, indi qabağımızı kəsməyin. Buraxın bizi meydanlara, buraxın bizi bəsləyib qudurtduğunuz diktator monstrının üstünə, buraxın, bəlkə biz övladlarımıza sizdən fərqli ölkə qoya bildik.
Təsəvvür edirsiniz, nə qədər gənc evlənmir ki, övladı bu ölkədə dünyaya göz açıb rüşvətlə həyata başlamasın? Təsəvvür edirsiniz, nə qədərimiz ölməyə qorxuruq ki, rüşvətdən bizi basdırmağa yer tapmayasnız?
Əgər etmirsinizsə, yazıq sizə... Hələ də ən naşı gözlə görünə biləcək gerçəkləri görməmisiniz. Görsəniz də, refleksinizi itirmisiniz.
Sevginizi, qəhrəmanlığınızı, göz yaşlarınızı da götürüb çəkilin önümüzdən. Biz azadlığımızı, şərəfimizi uşağımızın yetim olmasından daha üstün tuturuq.

Comments