Yad cisim və leykositlər


“Moskva” prospektini “Heydər Əliyev” elədilər – biz yenə “Maskovski” deyirik;
“Respublika” sarayını “Heydər Əliyev” elədilər, biz yenə “Respublika” deyirik;
“Azərbaycan” prospektini “Zərifə Əliyeva” elədilər, biz yenə “Azərbaycan” deyirik;
Amma:
Kirovabadı Gəncə elədilər, Gəncə dedik;
“Şaumyan”ı “Xətai” elədilər, “Xətai” dedik;
“Avrora”nı “Qara Qarayev” elədilər, “Qara Qarayev” dedik...

Fərqində deyilsiniz ki, yapışmırsınız, girdirməsiniz, sünisiniz, soxuşdurulmusunuz bizə, dandiksiniz. İstəyirsiniz hər yerdə heykəl, şəkil qoyun, lap ölkənin adını da belə dəyişin, nəinki himnini. Yenə alınmayacaq, manatın kursunun inzibati yolla saxlanılıb, sərhəddən kənarda qara qəpiyə dəymədiyi kimi, sizin də dəyəriniz bizim gözümüzdə tamamilə heç nə olaraq qalacaq.
Bədənə bir yad cisim girəndə orqanizm özü vəziyyəti tənzimləmək üçün o cismə qarşı mübarizə aparır. Leykositlər göndərilir ki, yad cismə hücum olunsun və irinin, zibilin içində, iylənmiş vəziyyətdə bu yad cisim bədəndən atılsın.
Siz də “Azərbaycan” adlı orqanizmin yad cismisiniz, pazısınız. Heç cür bizə yovuşa bilmirsiniz, təbiiləşə bilmirsiniz, çünki dediyim kimi, soxuşdurulmusunuz bizə. Bədəndəki milyardlarla hüceyrənin içində leykositlər yəqin milyonda bir faizdir. Biz də Azərbaycanın leykositləriyik, göndərilmişik meydanlara ki, sizin kimi yad cismi, pazı zərərsizləşdirib ataq bədəndən. Bəs biz nə qədərik? Qulbeçəniz “ANS” 2 aprel mitinqini 5000 nəfər olaraq saydı. Bu da edir təxminən 0,25%. Görün, nə qədər çoxuq leykositlərin faizindən. Hələ də az olduğumuzu düşünürsünüz? Hələ də xalqın susduğunu düşünürsünüz? Düzdür, indi neyronlar da leykosit funksiyasını görür, amma əsas odur ki, bu işi görənlər var və adi orqanizmdəkindən də çoxdur.
Artıq yad cismi iyləndirmişik – körpə uşağa zor tətbiq edəsi qədər, diktatorun adına olan telekanalınızı pornoqrafik kanala çevirə biləcəyiniz qədər, qadına sifarişli həbs cəzası verə biləcəyiniz qədər, başqasının evinin qarşısında ağzınıza gələni kütləvi orgiya kimi birlikdə söyəcəyiniz qədər, xalqın yumurtaları ilə “şəxsən məşğul olma” səviyyəsizliyinə enəcəyiniz qədər mundarlaşmısınız, irinləmisiniz, artıq bədəndən bayıra atılmanız yetişib.
Yad cismi uzaqlaşdırarkən leykositlərin milyonlarcası ölür, biz də qurbanlara hazırıq, 18 ildir, qurbanlar verə-verə gəlmişik. O qədər də səxavətli deyilik ki, bu qurbanları əvəzsiz verək. Sizin rüşvətdə-zadda islahat aparma cəhdinizin gülüş döğurması da leykositlərlə tam əhatə olunduğunuzu və bədənlə - xalqla ünsiyyətə girə bilmədiyinizi göstərir.

Comments