Yeyib-içmək Firuzə Mahmudlu yazdı


Yeyib-içmək... Bütün münasibətlərimizi az qala bu “yeyib-içmək” üzərində qururuq. Çoxdandı görüşməyəndə “ə, gedək bir yeyib-içək” deyirik. Ən sinir olduğum və mənasız hesab etdiyim, sanki xüsusi bir üstünlükmüş, bacarıq, qabiliyyətmiş kimi vurğulanan -“əə, getdik, oturduq, yedik, içdik”  ifadəsidir. (həmişə bu cümləni eşidəndə ürəyimdə deyirəm “hə, nolsun?”). Bu cümləsi məndə həmin insan haqda təsəvvür oyadır.
Xalqımız tarixi, sosial, mədəni, gündəlik və s. bütün sahələrlə “yeyib-içmək” ifadəsini ustalıqla əlaqələndirir. Demək olar, bütün tarixi məkan və abidələrimizin qarşısında mütləq çayxana, yaxud yeməkxana açılmalıdır.
Təbii ki, yemək mədəniyyətin bir parçasıdır. Amma yeyib-içməyi ilə öyünən, fəxrlə danışan ikinci bizim kimi xalq təsəvvür etmirəm. Məsələ ondadır ki, o yeyib-içmək mədəniyyətimiz də fəxr ediləsi deyil axı. Taa tarixi dastanlarımızdan tutmuş bu yeyib-içmək sevdamız və yeyib-içmək mədəniyyətSİZliyimiz hər yerdə özünü göstərir. Məsələn Koroğlunun bir qoyunu tək başına yeməsi, üzərindən şərab içib, dərin yuxuya getməsi, düşmənin də bundan istifadə edib hücuma keçməsi, yağmalaması və s. səhnələri oxumuşuq hamımız. Bu xüsusiyyətinə görə Koroğlunun qəhrəman obrazı canlanmır gözümdə. Çox şeyi, necə deyərlər, mədəsinin güdazına verib. 
Bu “yeyib-içmək” adətimizi müasir dövrdə də təkmilləşdirə bilməmişik. Lovğalıqdan süfrəyə sifariş etmədiyimiz yemək növü qalmır. Yedik-yemədik süfrədə olmalıdı. Lap kiçik ev məclislərindən tutmuş, toy məclislərimizə, yas məclislərimizə qədər. Kənardan baxanda elə təsir bağışlayır ki, “biz elə həmişə acıq”. Yas mərasimində ölü yaddan çıxır, hüzn, itki yaddan çıxır, ev yiyəsi başsağlığına gələn qonaqlarını necə doyuzduracağının qayğısını çəkməyə başlayır. Hətta belə bir misal da var “molla aş gordü, quran yaddan çıxdı”. Toy məclisində də həmçinin. Məclis bitdikdən sonra “süfrə yaxşı idi”, “süfrə pis idi”, “süfrədə nə var idi/nə yox idi” müzakirələri gedir hər evdə. Məqsədindən asılı olmayaraq getdiyi yerə ac mədəsini “aparmaq” ancaq bizim xalqa məxsusdu. 
Bakıda Şirvanşahlar sarayının önündən hər zaman kabab qoxusu gəlir. İçərisi də restoran. Tarixi saray öz mahiyyətini restoran fonunda itirmiş olur.  
Qonşumuz keçən il Antalyaya “istirahət”ə getmişdi. Gələndən ancaq orda edilən yemək servisindən və bolluğundan danışır. Məndə dərhal o təsəvvür yaranır ki, burdan Antaliyaya ancaq yeyib-içmək üçün gedib. İstirahət yaddan çıxıb. Ya da onun istirahət anlayışı “yeyib-içmək”di.
Bir neçə ay öncə ATV kanalında Zaur Baxşalıyevin aparıcılığı ilə, "Pole çudes" formatında, "Bəxtəvər" adlı intellektual bir proqram yayımlanmağa başladı. Əvvəlcə belə poqramlara da yer ayrıldığı üçün çox sevindim. Amma zamanla gördüm ki, yooxxx, verilişin intellektlə-falan sadəcə 5-10 faiz əlaqəsi varmış. Əslində intellektual fromatda deyil də, mahiyyəti və məqsədi iştirakçılar arasında intriqa yaratmaq, iştirakçılara yeməklər bişirtdirib gətirtmək, ya da studiyada bişitdirmək imiş. Zaur da bişirtdirdiyi yeməkləri düzür çarxın üstünə, veriliş boyunca hamısını bir-bir dadır. Kotleti bir udquma basır ağzına. sonra yağlı əlləri ilə çarxı fırladır. Ya da reklamını etdiyi smetanın içinə barmağını soxur, studiyada oturan qonaqlara yedizdirir. Qısacası, proqram öz mahiyyətindən çıxıb əsl yemək show-suna çevrilib. 2 saatlıq proqram boyu verilən sual və tapılacaq sözlər qalır bir kənarda bütün diqqət yemək bişirmək və yemək üzərinə cəmlənir. Bu da intellektual veriliş.         
Yeyib-içmək bizə gedilən məclisin, ziyarətin, səfərin, hətta hazırlanan proqramın belə məqsədi, mahiyyətini unutdurur. Ya da arxa plana atır. Mədə – 20 qəpiklik bulka ilə də doya bilir, kababla da. Həyatın, yaşamağın zövqü və mahiyyəti təkcə mədənin dolmasında deyil. Olmamalıdır.

Comments