Birinin ardınca minimiz GƏLİRİK!



Anaların övladları barəsində ümidləri sonsuz imiş, heç sonda da ölmür o ümidlər. Dəhşətli səhnədir. Bəxtiyarın anası “Azadlıq” radiosuna danışdı məhkəmə zalındanca.
Mətin qadındır, şəxsən görüşmüşəm, görmüşəm ki, o oğulu yetişdirə biləcək qadındır. Amma mətinlik, mərdlik filan analıq qarşısında nədir ki?

Solidə xanımın arzusu tarixə yazılacaq bir şey oldu. “Allah gəncləri bu hakimiyyətdə qorusun”. Vaxt var idi, analar övladlarının bəd nəzərdən, qəzadan, narkotikdən, mərdimazardan ... qorunmasını Allahdan istəyərdilər. İndi bunlarn hamısını artıqlaması ilə əvəz edən bir şey var – hakimiyyət. Məşhur reklamı  bir az dəyişsək, “hakimiyyətsə eğer, herşeye değer”. Solidə xanımın bu sözü vaxt gələcək, ensiklopediyamıza yazılacaq, gələcək nəsillərə indiki hakimiyyətlərin qorxuncluğunu başa salmaq üçün wikipedia-ya yerləşdiriləcək, tədris olunacaq.
Möhkəm durmuşdu ana. Amma axırda səsi titrədi. Dedi, 2 ilə qədər idi, 2 il verdilər. Rəzillər, bir dəfə bunu düşünərdilər kaş ki, nəyə zərbə vurdular. Ana bu qədər rəzil hakimiyyətlə də ümid edirdi ki, “2 ilə QƏDƏR” ifadəsi, bu QƏDƏR məsələsi işə yarayar. Qınamıram onu. Anadır, onun ümidləri əbədidir, heç vaxt ölmür. Biz ölmədik ki, onun ümidləri ölsün. Rəzillər, kaş anlayardız nə boyda səhv etdiyinizi.
1 Bəxtiyarın ardınca 1000 Bəxtiyar gəlir.
1 Cabbarın ardınca 1000 Cabbar gəlir.
1 Turalın ardınca 1000 Tural gəlir.
1 Əhədin ardınca 1000 Əhəd gəlir.
1 Elnurun ardınca 1000 Elnur gəlir.
............ hər birinin ardınca minimiz gəlirik. Ola bilər, bu zombi toplumda azlıqda qalaq, milyonumuz gələ bilməsin, amma biz ki varıq, anaların ümidləri heç vaxt ölməyəcək.
GƏLİRİK!

P.S. Solidə xanımın o “2 ilə qədər, amma maddə 2 il...” dediyi çıxışa dəfələrlə qulaq asdım. Necə sarsılmışam onun o səs titrəməyindən. Bu yazıda heç yarsını da ifadə edə bilmədim.

Comments