Radikal solçular və radikal dindarlar

İndiyə qədər yayımlanan və yayımlanmayan, mənim və Axillesin yazdığımız yazıları cəmləyib burda yerləşdirirəm:

Əvvəldən deyim ki, təkrarçılıq olmasın deyə mətndə “radikal” sözünü işlətməyəcəm, amma yazının adındakı kimi başa düşülməsini istəyirəm.

Özlərini bu qruplara aid hesab edənlərlə mübahisələrim olub deyə bunlar arasında bəzi oxşarlıqlar tapmışam:

1. Terror – həm solçular, həm də dindarlar terroru dəstəkləyirlər. Dindarlar ya bunu cihad adı ilə pərdələyirlər, ya da pərdəyə-zada ehtiyac görmədən düzünə terror edirlər.

Solçular isə adını inqilab qoyurlar, sonra qır ki, qırasan. İnqilabın mən də tərəfindəyəm, amma inqilabdan sui-istifadə etmənin yox.

2. Sıfır tolerans – dindarlar kitablarına yazırlar ki, bizdən olmayan öldürülməlidir. Solçular da hakimiyyətə gələ biləndə konstitusiyalarına yadfikirliliyin qadağasını yazır, bu qadağanın da həyata keçirilməsi üçün leqal və ya qeyri-leqal 1-ci bənddə yazdığım üsuldan istifadə edirlər.

3. Demokratiyaya nifrət – dindarlar müasir Qərb demokratiyası ilə heç vaxt razılaşmır, buna qarşı öz teokratiyalarını, klerikalizmlərini, imamətlərini və s.-ni qoyurlar.

Solçular isə demokratiyanı qətiyyətlə rədd edərək “proletariat diktaturası” adı altında istibdad qurmağı hədəfləyirlər.

Diktatura kiminsə diktəsidir – adətən diktə edənlərdən çox olan əksəriyyət üzərində. Əgər əksəriyyət (hətta kommunizmdə hər kəs) proletariatdırsa, o zaman kimin kimə diktəsi var? Özlərinin özlərinə?

4. “Tərcümə səhvdir” – bu sözü adətən dindarlar işlədir, xüsusən müsəlmanlar. Qurandan özlərinə sərf etməyən nümunə eşidəndə deyirlər ki, “sən düzgün tərcümə oxumamısan”.

Və ya dindən danışanda deyirlər ki, “get Quranı, hədisləri, islam mənbələrini oxu, sonra gələrsən, mübahisə edərik.” Halbuki bu sadalananları oxumağa insan ömrü yetməz.

Bənzər şey solçularda da var. Hansısa solçu hesab olunanın bir axmaq hərəkətini (məsələn, PKK-nı solçulara nümunə çəkəndə, Mao Tszedun və Stalinin müharibələrdən kənar birlikdə 160 milyon adam öldürtmələrini xatırladanda) deyəndə ya əlüstü o adamı solçuluqdan “çıxarırlar”, ya da deyirlər, bu, dezinformasiyadır.

Ya da ki, ideologiya barədə mübahisə olanda deyirlər, “Marksın “Kapital”ını oxumusan? Get oxu, sonra gələrsən, mübahisə edərik.”

5. Müsəlmanların bəzilərinin ağzından sionizm, masonlar kəlmələri düşmədiyi kimi solçuların da ağzından kapitalist, burjua kəlmələri düşmür.

Məsələn, desən ki, mən namaza yaxşı bir ibadət forması kimi baxmıram, cavab gəlir ki, “sən masonların adamısan” və ya “sionist rejimə qulluq edirsən”.

Sola aid nəsə çinlərinə toxunan bir söz deyəndə isə cavab gəlir ki, “sən burjuysan” və ya “kapitalistlərə qulluq edirsən.”

6. Halal və haram – dindarlar üçün bu, aydın məsələdir: donuz, laxta qan, şərab, şübhə, prezervativ və s..

Solçularda da kapitalizm sözünə daxil edə bildikləri bütün fantaziyaları. Keçirdikləri həyat tərzinə görə başqalarını ikiüzlü kimi qələmə verə bilirlər.

Məsələn, dindar ölkədə yaşayan ateistə dindarlar deyirlər ki, “get başqa ölkədə yaşa”. Amma özləri dayanmadan Avropaya axışırlar – kafiristana.

Solçular sahibkarları təqsirləndirirlər ki, fəhlələrin hesabına dolansalar da, onların hüquqlarını danırlar.

Amma özləri kapitalist müəssisələrində işləyəndə və ya kapitalist ölkələrin qrantları hesabına təşkilat saxlayanda nədənsə bu iddia yada düşmür.

7. Hansına desən ki, niyə dünyada normal dini (sol) dövlət yoxdur, cavab 2 cür ola bilər. Bir qrup nümunələr çəkir.

Dindarlar İranı, Sədiyyəni və s. (məzhəbdən asılı olaraq), solçular da Çini, Kubanı və s. (vəziyyətdən asılı olaraq). Digər qrup isə deyir ki, dünya hələ buna hazır deyil, islam (və ya kommunizm) gələcəyin işidir.


8. Hər ikisi insanların bərabərliyinə çağırsa da, hər ikisində müqəddəslik iyerarxiyası var. Dinlərdə allah, peyğəmbər, imam, apostol və s., solçularda Marks, Engels, Lenin, Çe, axırda da Baböf-zad.

9. Sıfır tolerans göstərilib keçən dəfə. Bu dəfə onun nəticəsini qeyd etmək istərdim. Maraqlıdır ki, qeyri-tolerantlıqlarına görə hər ikisi eyni reaksiya verirlər. Məsələn, hər iki tərəfdə toxunulmazlar, “müqəddəs” dəyərlər var. Onlardan birinə toxunanda “mücahidlər” adamı söyməkdən başlayıb döyməyə, şantaja, öldürməyə qədər gedə bilərlər. Adi bir şey – Çe Qevaranın şəklinin kollajı var, çox sadə zarafatdı. Bunun üstündə nə qədər adamı söyüblər, facebook-da dostluqdan siliblər. Dindarlar barəsində danışmağa dəyməz, Quran deyib Kərim deməsən, qırğına düşürsən.

10. Geyim məsələsində solçular vəhabilərə, İran şiələrinə, talibançılara daha çox bənzəyirlər. Belə ki, dediyim dindarlar 7-8-ci əsrlər ərəb paltarlarını geyməklə özlərini daha çox dindar hesab etdikləri kimi bəzi solçular da 1960-ların-filanın paltarlarını, Çenin beretini, rus kommunistlərinin botinkasını, Deniz Gezmişin gödəkçəsini geyinməklə özlərini daha çox solçu hesab edirlər.

11. “Underground” fəaliyyət – deməli, nə vaxtsa dindarlar və solçular həqiqətən də gizli fəaliyyət göstərərək şəbəkələrini qurub, hətta hakimiyyətə gələ biliblər. Bəs indi nə gedir? Bir qrup adam oturur hardasa zirzəmidə və ya birinin evində, dini (solçu) kinolara, sənədli filmlərə baxırlar, uzaqbaşı köşə yazırlar, məktəbdən, universitetdən və s. yaxın və ideologiyalarına aidiyyatı olmayan yerlərdən tanıdıqları bir-ikisindən başqa yaxınlarına heç kimi buraxmırlar, özlərini ilahi, ali, dəhşətli, xilaskar missiyanın qəhrəman, dəyanətli əsgərləri, daşıyıcıları saydıqlarından “bəsirət gözləri” bağlanmış digər insanlara yuxarıdan aşağı baxır, “kruq”larına girmək cəhdlərinə gülür, bir-az çox cəhd edəni təhqir edib qovurlar. Bu da olur “underground” fəaliyyət. Hə, bir də əyinlərinə yuxarıda sadaladığım paltarları geyinməyi də bu “underground” fəaliyyətin bir parçası sayırlar.

12. Romantika – dinlərdə əməlli-başlı romantik, bəzən erotik ifadələrdən istifadə olunur – “Allahı sevmək”, “İsanın bizi sevməsi”, “peyğəmbər o qədər gözəldir ki, onu təsvir etmək mümkün deyil”, “ilahi məhəbbət” və s.. Hətta xristianlıqda orgiyaya bənzər rəsmlər də var. Solçular isə özlərini Türkiyə türkləri demiş, romantikaya kapdırmışlar. Bir dəfə Deniz Gezmiş haqqında yazı oxudum. O vaxta kimi Denizi tanımırdım. Yazıdan sonra da tanımadım. Yazıda Deniz haqqında ibtidai də olsa, məlumat vermək əvəzinə, onun qəhrəman, dəyanətli, mərd, şəhid, gənc inqilabçı, qorxmaz və s. olduğuna diqqət çəkilib. Amma “niyə belə hesab edirsiniz?” sualına elə təhqirlərlə cavab gəlir ki, sual verməkdənsə, google-dan məlumat axtarmaq daha yaxşıdır. Yaxud, “Bella çao” mahnısı haqqında bir yazı oxumuşdum – bu yazıdan öyrəndim ki, mahnı qəlbimizin dərinliyindən gələn inqilabi, mübarizəmizin zirvələrindən süzülən üsyankar şərqidir, amma bilmədim ki, niyə belə hesab olunur, kim yazıb, hansı tarixi şəraitdə və s..

13. Keçmişə həsrətlə baxırlar – çünki keçmişdə nə vaxtsa olmuş bir dövləti indi özlərinə ideal sayırlar. Sanki həmin dövlətdə hər şey əla idi, hamı yağın-balın içində üzürdü. Buna görə də “Qızıl dövr” anlayışı var hər ikisinin. Məsələn, müsəlmanlar Məhəmmədin dövründə olan hər şeyi “əla” sayırlar, özlərini axırıncı yola qoymaq hesabına da olsa, o dövrdəki ən mundar hadisəni ya inkar edəcəklər, ya da hadisəyə bəraət qazandırıb nümunə götürəcəklər. Həmçinin, yəhudilər üçün – Süleymanın dövrü, xristianlar üçün İsanın etdikləri, solçular üçün SSRİ, xüsusən də Leninin və Stalinin dövrü. Solçularla bir az dirəşən olsa, hətta Xruşşovu müdafiə etmək üçün iclas stoluna ayaqqabı vuranda ayrılan səsin məlahətindən mühazirə deyəcəklər. Rəhbərlərdən yalnız Qorbaçov “pis oğlan”dır, onu qınamaq, söymək, pis-pis eləmək lazımdır.

14. Bəzi ifadələr var ki, pafosun ölçüsündən sətirlərdən köpük yağır – ümumxalq, şanlı, ulu, mübarizə simvolu, “qəlbin dərinliklərindən gələn musiqi”, zəhmətkeşlərin haqq mübarizəsi və s.. Bu sözləri kim işlətsə, ya radikal olduğuna görə işlədir (bura dindar və solçulardan başqa digərlərinin də radikalları aiddir), ya da kimisə lağa qoymaq üçün. Bu dindar və solçularda isə vəziyyət belədir ki, bu tip sözləri kimisə pisləmək üçün lağ mənasında işlədirlər. Amma ki, söhbət özləri haqqında gedəndə, öz müqəddəslərinə gəlib çıxanda, vəziyyət dəyişir və nədənsə yaddan çıxır ki, müqəddəslərinə epitet olaraq qoşduqları bu ibarələr az öncə lağlağı aləti idi.

15. Dindarlar və xüsusən də, solçular ermənilərsayaq daim elə hesab edirlər ki, onlar əzilən, istismar olunan, haqqı pozulan olublar və mütrəmadi olaraq tarix boyu pis-pis adamlar tərəfindən qırılıblar, amma sonda hansısa ilahi qüvvə və ya dəhşətli fövqəladə güclü inqilabi qüvvə gəlib olnları xilas edib. Məsələn, müsəlmanlar hesab edirlər ki, ərəblər peyğəmbərə qədərki dövrdə qızları diri-diri torpağa basdırır, qız çatışmazlığından homoseksuallıq edirmişlər, peyğəmbər azca da geciksə imiş, bütün dünya məhv olacaqmış. Yəhudilərə görə Musaya qədər bütün yəhudilər hamısı bir nəfər kimi Misirdə qul idi. Solçulara görə də Leninə qədər (və ya başqa ölkədə solçu hakimiyyət iqtidarı zəbt edənə qədər) hamı acından öıürmüş, mələyə-mələyə “inqilab” deyib dad edirmişlər, Lenin 1917-də yox, 1919-da inqilab eləsə, Rusiyadakı qırğınlara görə 200-300 milyon adam acından, savadsızlıqdan öləcəkmiş. Maraqlı burasındadır ki, dini və ya solçu dövlətin özünü dəhşətli qırğınlarda ittiham edirlər. İncəvara qanuni fərman, dekret və s. verib soyqırımları, terrorları rəsmiləşdirməklə öz əleyhdarlarının əlinə fakt da veriblər. Amma onlardan başqalarını təqsirləndirmələrinə dair sənəd-sübut istəyəndə qırğın-qiyamət düşür, öz müqəddəslərinin qırğınlarına aid öz etiraflarını göstərəndə isə ağız büzürlər ki, sən qərəzlisən, buynuzlu masonlara, şlyapalı burjuylara işləyirsən. Uzaqbaşı müqəddəsləinin 100 milyonlarla adam öldürməsi iddialarına cavab olaraq deyirlər ki, 1900 çoxdanıncı ildə Amerikada bir nəfər fəhləni kapitalisti zorladığına görə 1000 dollar cərimələyiblər və bu demokratiya (!) əleyhinə olan hərəkat bizə əsas verir ki, Stalinin 60 milyon adamı repressiya etməsinə haqq qazandıraq.

16. Hər ikisi söyüşü, təhqiri qanuniləşdirilər. Yazı həddən artıq geniş alınmasın deyə əlavə mətn yerləşdirmirəm bura. Amma “Quran”dan müvafiq ayələrə və inqilab vaxtı SSRİ-də verilən dekretlər, qanunlara baxmaqla “kafirlər”in, “əksinqilabçılar”ın necə adlandırılmalarını aydın görmək olar.

17. Nədənsə onların babalarının işğal etdikləri yerlərdə “lap pis adamlar”dan başqa işğalçılara müqavimət göstərən olmur. Hamı onları gül-çiçəklə qarşılayır, oğul-uşağını uzadıb atların, tankların qabağında qurban kəsirlər. Hətta onlar gələnə qədər özləri hakimiyyəti ələ keçirib bunları gözləyirlər ki, “di, gəlin bizi qırın, ürəyimiz repressiya istəyir”.

18. Tarixi təhrif silsiləsində növbəti oxşarlıq – öz adlarına olan və olmayan hər müsbət gördükləri şeyi özününküləşdirirlər. Dindarlar tarixdə nə yaxşı şey görsələr, peyğəmbərdən əvvəl də olsa, necəsə öz adlarına calayıb, bunu peyğəmbər doğulmamışdan belə onu iradəsi ilə baş verdiyini iddia edirlər. Solçular da 20-ci əsrdən əvvəl olanları “zəhmətkeş” adlı hələ də ünvanı bilinməyən hansısa keşməkeşin adına yazaraq özününküləşdirilər. 20-ci əsrdə olan hər şeyi də ya Leninlə Stalin edib, ya da elə bu mübahisəni sizlə edənlər. Bir də baxırıq ki, hardasa etiraz aksiyası olub, insanlar siçanların çoxalmasına görə küçələrə çıxıblar. Vəssəlam, bunlar olur əzmli, mübariz zəhmətkeşlər və proletariat, bunlara qarşı çıxmaq cəhənnəm, qoşulmayanlar belə olurlar ən qəddar, qaniçən, zalım burjua, kapitalist, imperialist. Maraqlıdır ki, özləri hakimiyyətə gələndə heç siçanlara qarşı da etiraz aksiyası keçirməyə icazə vermirlər.
Lap yadıma “1918-ci il 28 mayda Cümhuriyyətin yaranmasında Heydər Əliyevin rolu” mövzusunda dissertasiya işləri düşdü.

P.S. Bu o demək deyil ki, solçu və dindar mənim üçün eyni şeydir.

Ona görədir ki, az-çox rəğbətim olan solçular belə radikallaşmasınlar ki, dindarlara bənzəməsinlər. Çünki solçular daha savadlı, daha ağıllı olurlar.

Comments