Əşi, nəyimə lazımdı ee? Boşlayım getsin

- Necəsən? Nə var, nə yox?
- Salamatçılıqdı, sağ ol. Sən neynirsən?
- Mən də belə də. Həmişəki kimi.
- Əə, yenə müxalif-müxalif danışırsan?
- Səncə mən gündə bir mövqe seçənə oxşayıram?
- Nolub ee, gündə bir mövqe seçənlərə? Elə dedin, elə bil “padlo”du.
- Əlbəttə, şərəfsizlikdir.
- Yox ee, indi baxır nə üçün də. Məsələn, mən vaxtilə orda-burda, sağlıq-zad deyəndə Elçibəyi tərifləyirdim, sora kişi getdi Naxçıvana, mən də başladım Heydəri zad eləməyə. Rövşən Cavadovun, Surətin mənəm-mənəm vaxtlarında dilim dinməz yerimdə oturmuşdum sakitcə.
- Səncə bu, normaldı?
- Əşi nə normalbazlıqdı ee? Əsas odu ki, 5 qəpik çörəkpulumu apara bilim evə. Başqasına neynillərsə, mənə bundan nə?
- Axı başqasına edilən haqsızlıq bir gün də sənin başına gələcək?
- Yooo, burda haqsızsan. O haqsızlıq edilən nəsə edib ki, başını bu iş gəlir də. Məsələn, səni niyə qovdular işdən?
- Mitinqə çıxmışdım deyə.
- Ay sağ ooool, sən mitinqə çıxmasaydın, hansı oğlanın “dux”u çatardı səni qovsun?
- Mən mitinqə ona görə çıxmışdım ki, deyim, mitinqə çıxanın işdən qovulması düzgün deyil.
- A kişi, mitinqə çıxanda hələ qovulamışdın ki? Əşi, nəyinə lazımdı ee? Boşla getsin.
- Bəs axı insanların hüquqları pozulur?!
- Əşi, nəyinə lazımdı ee? Boşla getsin.
- Camaatın obyektini əlindən alırlar.
- Əşi, nəyinə lazımdı ee? Boşla getsin.
- Haqsız yerə həbslər olur, basıb aparırlar naməlum yerə.
- Əşi, nəyinə lazımdı ee? Boşla getsin.
- Ölkədən qovurlar.
- Əşi, nəyinə lazımdı ee? Boşla getsin.
- Maaşlarımızı yeyirlər, büdcəni soyurlar.
- Əşi, nəyinə lazımdı ee? Boşla getsin.
- Korrupsiya, rüşvət dəhşətli səviyyədədir.
- Əşi, nəyinə lazımdı ee? Boş... Alo... Üzr istəyirəm, zəng gəldi... Alo, hə, hə, eşidirəm... Nə? Nəyi? Niyə? ... Çıxın evdən, tez şeylərdən bir-ikisini çıxarın. Başınıza uçar ee. Yox ee, çıxma... çıx... bilmirəm... uşaq... qızıllar... neyniyim? Gəlirəm, gəlirəm indi... Köpəyuşağı, əclaflar. Lap qudurublar. Belə dövlət olar? Biz neçənci əsrdəyik?
- Nolub?
- Arvad zəng eləmişdi, evimizi uçururlar, hansısa harınlamış nazirin gözü düşüb, ay onun gözü çıxıb tökülsün ailəsinin qabağında. Ay onun ailəsini ... anasını ... Bax, sən elə burda etiraz eləməlisən, bax, burda hüquqlar pozulur. Buyur, indi etiraz edək.
- Əşi, nəyimə lazımdı ee? Boşlayım getsin.

Comments