2-ci abzasdakılar (AXCP və Müsavata)



 
Yenə bitdi. Hər şey beləcə “yoluna düşdü”. Bəlkə də çox sadəlövh olmuşam deyə belə fikirləşmişdim ki, nəsə dəyişiklik olacaq.
Deyirdilər, belədi də, müxalifət həmişə qısamüddətli olaraq birləşib çıxır meydanlara, sonra da sönür, bir-birləri ilə ağızlaşırlar, dünən öpüşüb görüşənlər təzədən söyüşürlər və hərə qayıdır öz kabinetinə. Tutulanlar olur, 1 ilə-zada buraxılırlar.
Ərəblərdən gələn impuls, hakimiyyətin əvvəlkilərə nisbətdə fövqəladə qorxması, ciddi olaraq bizi təhlükəli hesab etməsi məni də çoxları kimi inandırmışdı ki, bu dəfə nəsə olacaq. Hakimiyyət dəyişikliyi demirəm, heç olmasa, Ermənistandakı kimi iqtidarın güzəştə gedəcəyi-filan.
Amma 2-ci abzasda irad tutanlar deyirdilər, boş şeydir. Bu da 1998, 2003, 2005-in davamı olacaq. 2011 də tarixdə təkrarçılıq kimi qalacaq. Mən də onların ağzından vururdum. Öz daxili inamım, qələbəyə köklənməm, dostlarıma güvənimlə.
Noldu? 2-ci abzasdakılar deyən oldu. Yenə camaatı dağıtdılar, cinayət işləri, inzibati işlər, döyülmələr, tutulmalar, işdən qovulmalar, təhqirlər... Müxalifət yenə aksiyaları davam etdirmək istədi, yenə alınmadı, sonra da ağızlaşdılar. Biri dedi, sən hakimiyyətə işləyirsən, o biri dedi, adam kişi olar və s..
Mən 2-ci abzasdakılardan deyiləm. Mən 2-ci abzasa keçməyəcəm də. Bəylər, xanımlar, əzizlərim, inandıqlarım, güvəndiklərim, lütfən, ama lütfən. Bu qədər olmaz, vallah, olmaz. 1998, 2003 və digər əvvəlki mübarizələrdə olmamışam, ağlım, yaşım çatmayıb. Amma Napoleon haqqında bilmək üçün 19-cu əsrdə yaşamaq məcbur deyil. Az-çox bilirik məğlubiyyətləri. Sizi bərabər səviyyəli döyüşdə məğlub olan şərəfsiz hesab etmirəm, qeyri-bərabər vəhşilikdə uduzan fədai kimi görürəm.
Amma get-gedə azalmışıq bu zamana qədər. Hər mitinqdə məğlubiyyət həm də düzgün hesablanmamış taktikanın iflasıdır. Axı siz nə qədər taktika dənəmisiniz? Axı bir səhvi iki dəfə etmək ağıllı insanın işi deyil. Birincini anladım, mitinq yoxlanıldı, alınmadı. İkincini də anlayaq – yenə yoxlanıldı, yenə alınmadı. Bəs üçüncü? Bəs dördüncü? Bəs onuncu?
Axı taktikanı dəyişməyin zamanının çatdığını anlamaq üçün siyasətçi, geopolitoloq, heliopolitoloq olmaq lazım deyil. İndicə televizorda televizorda “Baharın 17 anı kinosunda dedilər: “fiziki kimyanın köməyi ilə kütlələrin kütləşməsinin qarşısını necə almaq olar?” İnsanlar fizikanı, kimyanı köməyə çağırırlar ki, taktika dəyişsinlər. Axı bir-iki ağacın kəsilməsinə görə 2 milyon nəfər meydana çıxırsa, namusunun, qeyrətinin, çörəyinin, yaşamının, əslində hər şeyinin kəsilməsinə görə niyə meydanlara bir-neçə min adam çıxır? Hanı o bir milyon doqquz yüz neçə min adam? Bunlar qoyundursa, niyə o zaman bir-iki ağaca görə SSRİ kimi əjdəhanın qabağına çıxmışdılar? Qoyun deyillərsə, hanı bunları meydana çıxaranlar? Axı o zaman tribunada olanlar da, tribunadakıları alqışlayanlar da sağdırlar. Çoxu da Azərbaycandadır, ağır vəziyyətdədirlər. Bəs niyə çıxmırlar?
Nədir taktika? Tam açıqlamasanız da, heç olmasa, ucundan-qulağından deyin, görək ortada qalan və sizdən başqa dəstəkləməyə adamı olmayan bu fədakar insanları neyləmək istəyirsiniz? Axı ən uzunmüddətli taktika ilə də 18 ilə nə isə etmək olardı.
İstədiyim nəsnə dəyişiklikdir. Taktika dəyişikliyi, ya da başqa nədəsə dəyişiklik. Klassik üsullar gözəl idi, amma faydasızdır. Bizə gözəllik yox, nəticə lazımdır. Mən nəticə istəyirəm, mən bir də 24 yaşımda olmayacam. Mən inandığım adamlara səslənmək haqqındayam yəqin. Nəisə dəyişiklik olmalıdır, bu biabırçılığa dözmək fikri olanlar köhnə taktika ilə gedəcəklər. İnanıram ki, siz dözmək haqqında yox, mübarizə haqqında düşünürsünüz.
Oxucuların bəzilərinin gözlərindən oxunan iradları, kinayələri görürəm. Xeyr, mən kinayənizə layiq deyiləm. Mən 2-ci abzasdakılardan deyiləm. Mən İlham Əliyevdən soruşmuram bunları, Fazil Mustafadan da soruşmuram, Ramiz Mehdiyevdən, Mirmahmud ağadan da soruşmuram. Mən sizdən soruşuram, ay inandığım AXCP və Müsavat. Bir taktika lütfən. Mənim istedadım çatmır bəlkə. Amma istedadlılarımız var. Bir az dəyişiklik bəlkə. Azca. İstiqaməti yox, metodu dəyişmək.
Bilirsiniz kimlərə yazığım gəlir? İnananlara. Tutulanlara yox, inananlara. İnamın sarsılmasının nə olduğunu görmüşəm. Dəhşətli bir şeydir. Eləməyin bunu. Sarsıtmayın inamları. 2 milyondan cəmi bir-neçə min qalıb. Bu qədər inam sarsılıb, bu qədər insan azadlığına inamını basdırıb, üstünə də torpaq əvəzinə satqınlıq, məyusluq, pul, vicdansızlıq və ya göz yaşı atıb. Mən onlardan olmaq istəmirəm.
Mən 2-ci abzasdakılardan olmaq istəmirəm. Mən hələ də sizə inanıram. Azadlığım uğruna hər şeyimi itirməyi gözə alıram. Mənim kimi inanaların inamlarını göz yaşları ilə basdırılmış cəsədlərə döndərməyə ixtiyarınız yoxdur. Mən sizə inanıram, AXCP və Müsavat. Mən 2-ci abzasdakılardan deyiləm.
P.S. Bu videoya baxın və mən dediyim fədakarları, inamlarının basdırılmasına layiq olmayanları görəcəksiniz.

http://vimeo.com/21987389

Comments