Atama yazığım gəlirdi


Bir dəfə bapbalaca idim. Atam məni teatra apardı. Şəki Dram Teatrının zalına girdik. Adamların ayaqlarından və dallarından başqa nəsə görmürdüm. O qədər qaranlıq idi ki, hamı elə qara geyinmişdi ki, çaşdığımdan bilmədim, nə hiss edəm.
Yəqin oturan yerlər dolmuşdu ki, ayaq üstə dayananlar çox idi. Hətta o qədər çox idi ki, atamla mən qapının ağzından azca içəri keçə bildik, eləcə kütlənin arasında qaldıq. Atam ortaboyludur, o vaxt mən bapbalaca olanda da ortaboylu idi. Yəqin görmürdü səhnəni.
Onda atam məni qaldırdı boynuna. Onun başından tutub oturmuşdum, səhnəni görürdüm. Amma orda nələr baş verdiyindən zərrəcə də anlamırdım. Maraqla basabas yaradan adamlara baxır, onların niyə belə əziyyətə qatlaşdıqlarını anlamağa çalışırdım. Bir şey anlamırdım. Mənə səhnədən daha maraqlı olan mənim baxış bucağımda səhnənin aşağısını tutan qara-qara başlar idi.
Bir də atama baxdım. Kişi səhnəni görmür, eləcə qara paltarlı adamların qaranlığına baxır, mənim kimi toppuşu əziyyətlə boynunda saxlayırdı. Mən qanmaz da bir şey qanmırdım səhnədəkilərdən. Dedim axı, bapbalaca idim. Onda atama yazığım gəldi.
Elə yazığım gəldi ki, indi də yadıma düşəndə kövrəlirəm. O, mənim nələrsə görməyim, nəsə hiss etməyim üçün məni boynunda saxlamaq əziyyətindən başqa həm də uzun-uzadı heç bir mənası olmayan qaranlığa baxma əziyyətinə dözürdü. Sonralar fikirləşdim ki, bu adam mənə görə hər şeyə dözər. Amma o anda nəsə fikirləşmirdim, sadəcə şiddətli yazığı gəlmə duyğusu var idi məndə.
Atam elə bilirdi ki, mən səhnəyə baxır, tamaşadan həzz alıram, amma mən onun qucaqladığım başına baxır, sadəcə ona acıyırdım. Elə şiddətlə yazığım gəlirdi ki, istəyirdim özüm onu boynuma alım.
Bu hadisənin təsiri hələ də üzərimdədir, hələ də mənim hamıya yazığım gəlir. Yad bir adama görə özümü qurban verəcək qədər yazığım gəlir insanlara. O gün avtobusda 1 saatlıq yol getdik. O 1 saatı yanımdakı oğlan başını çiynimə qoyub yatdı. Başı sümüyümü əzirdi, amma sümüyüm göynədikcə çiynimi onun başının altında azca oynadır, həm onun başı, həm də çiynim üçün komfort təmin etməyə çalışırdım. Onu oyatmağa isə qıymırdım. Yazığım gəlirdi.
Gözümün qabağında atamın boynunda onun başına baxdığım səhnə dururdu. Atam səhnəni görmürdü. Mənə göstərmək üçün qaranlığa baxırdı. Mən isə səhnəyə baxmırdım, atama baxırdım və ona yazığım gəlirdi.

Comments