Avropa dəyərləri

 
Camaatı Avropadan iyrəndirməmək üçün “Avropa dəyərləri”, “avropalaşmaq”, “qərb mədəniyyəti” və s. kimi sözlər işlədərkən ehtiyatlı davranırlar. Çünki bu söz birləşmələrinin ifadə etdiyi mənaya mentalitetdə nifrət və diktaturada güclü təpki var. Deyirlər ki, Avropanın yaxşılarını götürək, pislərini yox.
Necə olur bu?
Azadlıq – mentalitetin zincirlərini tərk etməmək şərtilə;
demokratiya – ağsaqqal institutunun saxlanması şərti ilə;
liberalizm – SSRİ-dəkindən də çox sosial xərclərin saxlanması, başqa sözlə dövlətdən müftə-müsəlləm yemək şərti ilə;
hüquq bərabərliyi – böyüyə hörmətin, kiçiyə istehzanın saxlanması şərti ilə;
cinslərin bərabərliyi – qadınların yarıminsan sayılmasının davam etməsi şərti ilə…
Çox uzatmaq olar, çünki bizdə hər şeyə bir mız var. Amma bir az düşünə bilən adam anlaya bilər ki, Avropada mədəniyyət süni yolla, üstündən gündə 2 maşın, 3 velosiped keçən Bakı körpüləri kimi girdirmə yolla yaranmayıb. Bu mədəniyyət, sivilizasiya, davranış qaydaları – hamısı təbii yolla, iqlimin, coğrafi-siyasi mövqenin və s.-nin təsiri ilə əsrlərlə, əziyyətlə, inqilablarla, qırğınlarla, fədakarlıqlarla formalaşıb.
Avropa iqtisadiyyatı ilə, sivilizasiyası ilə, yaşayışının ən adi qaydaları ilə bir sistemdir, bütövdür. Bu sistemdən nəyisə ayırmaq o orqanizmi zədələməkdir, hələ yerinə yerli mentalitetdən nə isə qoymaq… Sanki sağlam orqanizmdən qolu dibindən qoparıb yerinə həkimlik təcrübəsi-zadı olmayan bir çoban tərəfindən öz çomağı qoyulur. Baxın, Avropanın “pisi”nin əvəzinə mentalitetdən “yaxşı” qoymaq buna bənzəyir.
Anlayıram, çox çətindir. Le Bon 19-cu əsrdə yazırdı ki, hər bir xalqın ruhu olur və bu ruhun dəyişməsi min illər çəkə bilər. Avropa bir sivilizasiya kimi harada işləyə bilir? Məhz avropalıların arasında – Avropanın özündə, Amerikada, Avstraliyada, Yeni Zelandiyada və s.. Heç birində yerli əhalinin özünün Avropa yaratması nümunəsi yoxdur.
Amma biz bundan, türklər demiş, yılmamalıyıq. Cənubi Koreya, Yaponiya misallarına qədər özümüzə baxmalıyıq. 19-cu əsrdə - 20-ci əsrin əvvəllərində yaşamış, fərdi olaraq avropalaşa bilmiş və kütləni də buna çəkməyə çalışmış ağıllılarımız olub, məhz onlar Cümhuriyyətimizi qurublar, dediyim odur ki, biz buna qadirik. Biz konqolular kimi adı “demokratiya uğrunda vətəndaş müharibəsi” qoyulan qırğında hannibalizmlə məşğul olacaq qədər həyasız deyilik (baxmayaraq ki, mən konqoluları da demokratiyaya layiq hesab edirəm), biz Rəsulzadə, Elçibəy kimi demokratik quruluşu da insan hüquqlarına qurban verəcək qədər səmimiyik. Bu da bizim xalqın ruhudur.
Buna görə də hər şeyi öz adı ilə adlandırmaq zamanıdır artıq. Avropalaşmaq deyəndə Qırmızı fənərlər küçəsinə gülmək və onu burda tətbiq etməyə ironiya ilə yanaşmaq lazım deyil. Biz o sivilizasiyanın yolunu tutmuşuqsa, o sistemi əlini-qolunu qırmadan tətbiq etməliyik. Mentalitetdən nəyi isə saxlamaq uğrunda ciddi-cəhdlə əlləşənlər bir kərə anlasınlar ki, onsuz da bu mentaliteti xalqın alt-şüurundan silməyə le Bonun min illəri lazımdır, hətta illərlə mentalitet haqqında heç kim danışmasa da, görəcəyik ki, 2050-ci ildə biri namus üstündə qız bıçaqladı.
Bizə indi lazım olan, silinməsi onsuz da çox çətin olan mentaliteti yaşatmaq deyil, get-gedə savadsızlaşan bu kütləni üstün sivilizasiyanın qucağına atmaqdır. Beləliklə, hər şeyi öz adı ilə adlandıraq – bəli, avropalaşdıqca LGBT çoxalacaq, sərbəstləşəcəyik, namussuzlar artacaq, qeyrətlilərə güləcəklər, dədən-baban mırt obyekti olacaq, “ana-bajı” söhbətlərini uzaqbaşı anan-bajın özü aparacaq, kişilər də qab yuyacaq, küçədə əmişənlərə təpik vurmamalı olacan, polisin, türemşiklərin pedofili butulkada oturtmasına etiraz edəcən…
Avropanı “yaxşı”ları ilə yox, hər şeyi ilə götürməliyik, daha doğrusu o, bizi qucağına almalıdır.

Comments