Azərbaycan tolerant ölkədirmi?



 
Ən çox deyilən – yeridilən fikirlərdən biri Azərbaycanın tolerant ölkə olmasıdır. Bu fikrin yaşamasına şərait yaradan həqiqət odur ki, Azərbaycan əhalisi televizorda hər gün gördüyümüz irqi zorakılıq fonunda həqiqətən də yad xalqlara daha tolerantdır. Bu halda televizor və digər rəsmi təbliğat vasitələri ilə məqsədli şəkildə zorakılıqların nümayişini (sanki Azərbaycandan başqa hər yerdə insanlar bir-birlərini yeyirlər), bu qismən tolerantlıqla bizim dünya xalqları içərisində hansı mövqedə durduğumuzu müzakirə etmədən keçək bizim camaatın nələrdə qeyri-tolerant olması məsələsinə.
Burada bir məqam diqqəti cəlb edir – bizimkilər xaricilərdən çox özümüzünkülərə qeyri-tolerantdılar. Buradan çıxan məntiqi nəticə odur ki, bizimkilər ona görə xaricilərə dözürlər ki, onları yad hesab edirlər, adam yerinə qoymurlar, yoxsa onları da qınaq atəşinə tutardılar. Keçək qeyri-tolerantlıqlara:
1) Mentalitet – mentalitetdənkənar aborigenə münasibət qeyri-tolerantdır. Məsələn, kəndlərdə uzunsaçlı, sırğalı oğlana, şortikli oğlan və qızlara, pirsinqli qızlara münasibət necədir hamımıza aydındır. Hələ Bakını götürək. Bir oğlan ictimai elan etsə ki, mən bakirə olmayan qızla evlənirəm, ona münasibət tolerant olacaqmı? Yaxud bir qız biseksual olduğunu elan etsə, mentaliteti tapdalayıb onunla evlənməyə nə qədər adam razı olacaq? Bu yaxında eşitmişəm ki, qolsuz mayka (kimano) geyən birinə “əə, kişi paltarı gey əə” deyən pəzəvəngin biri yaxşıca döyülüb. “Camaatın anası-bacısı var”, “Get o qızla məhlədən kənarda nə istəyirsən, elə” deyilən, ümumiyyətlə məhəllə basqısı olan yerdə hansı tolerantlıqdan danışmaq olar?
2) Din – tolerantlığımız barədə bizə daha çox sırınan bu məsələdə vəziyyət fərqlidir. Dediyim kimi yadlara, adam yerinə qoyulmayanlara fikir vermirlər. Amma vay o gündən ki, özlərininki hesab etdikləri islamdan – özü də “azərbaycanlı islamı”ndan sapa (“Azərbaycanlı islamı” haqqında ayrca yazacam). “Müsəlmansan?” sualına “Yox” deyənə reaksiyalara baxaq – “Azərbaycanlı deyilsən?”, “Ermənisən?”, “O necə olur?”, “Haralısan ki?” və s.. Azərbaycanlı ateist kimi şəxsi təcrübəmdən deyə bilərəm ki, ateistlərə və digər qeyri-“azərbaycanlı müsəlman”a qarşı münasibət o qədər mənfidir ki, bunu münasibətlərində açıq-aşkar büruzə verməkdən çəkinmir, həmin adamı aşkar ayrıseçkiliyə məruz qoyur və bütün bu hərəkətlərində də özlərini haqlı hesab edirlər.
3) Müxalif olmaq – müxaliflərə qarşı (“müxalifətçi” sözü qrammatik cəhətdən məntiqsiz olduğundan xoşuma gəlmir) cüzi gizli rəğbətlə yanaşı xeyli qeyri-tolerantlıq var. Onları ağılsız sayır, bəziləri xaricdən maliyyələşən və “Azərbaycanı parça-parça etmək üçün fürsət gözləyən” müxalifət liderlərinə işləyən hesab edir, qeyri-real və nəhəng “KQB” qorxusu altında onlardan mümkün qədər uzaq qaçır, onları müdiriyyətə “suka”layır, bacardıqca işdən çıxarır, ailədə müxalifin olmamasına çalışır, məclisdə onlardan uzaq dururlar.
4) LGBT – cinsi azlıqların vəziyyəti daha dözülməzdir. Bir virtual tanışım var idi. Deyirdi ki, gay-dir və heç kimə açıqlaya bilmir, dəhşətli əzab çəkir. Axırda o, mənə bir-neçə ay yazmadı, bir gün onun ünvanından gələn məktubda qeyd olunurdu ki, bu ünvanın əvvəlki sahibi intihar edib. Budur bizim cəmiyyətin LGBT-ə toleransı. Bəzən döyülürlər, daim söyülürlər, çıxdaş olunurlar. Hətta dilimizdə “petux” söyüşü var.
5) Fahişələr – bura həm qadınlar, həm də mavilər də daxil olsa da, nədənsə pula çıxan kişilər daxil deyil, yəni giqalolar. Məsələn, bir oğlan “xalaşka” tutması ilə fəxrlə danışa bilər, bu, o deməkdir ki, gənc oğlan özündən azı 2 dəfə yaşlı qadınla mütəmadi cinsi əlaqədə olur və müqabilində həmin qadın maddi vəziyyətindən asılı olaraq gənci müxtəlif cür təmin edir – konturdan tutmuş maşın, ev almağa qədər. Bu ayrıseçkilik yəqin Azərbaycanın kişimərkəzli mentaliteti ilə əlaqədardır. Qadın fahişələrin vəziyyəti isə dəhşətdir. İş yoldaşlarımdan çox eşitmişəm ki, içib fahişəni “eşşək kimi” döyüb sonra əlaqədə olublar. Təsadüfi deyil ki, Türkiyədə “əclaf” mənasında işlədilən “kahpe” sözü bizdə fahişəni ifadə edir. Mavi fahişələrin vəziyyətindən danışmaq isə yəqin artıqdır. Onların kütləvi toplaşdığı yerlərin lağlağı obyektinə çevrilməsi döyülmələrin, bıçaqlanmaların fonunda çox yüngül qeyri-tolerantlıqdır.
6) Xaricilərə qarşı da nə qədər tolerant olsaq da, bu da rəsmi təbliğatdakı kimi qabarıq deyil. Mütəmadi xaricilər döyülür, azərbaycan türkcəsini bilməyənlər üzlərinə qarşı azərbaycan türkcəsində söyülür, taksilərdə və başqa yerlərdə kalan hesab ödətdirilir və s..
Yəqin başqa qeyri-tolerantlıq nümunələrimiz də var.

Comments