Qaçmağın yolu dartınmaqdan keçir



Əsgərlikdə xidməti daim fırladırdım. Düzdür, əvvəldən də fırlatmağı planlamışdım, amma səbəbim də oldu da. 3-cü ayımda cərrahi əməliyyat olundum. Xidmətdə hər şey kimi idmanı da fırladırdım. Əsgərlərin, zabitlərin “padyom perevarot” adlandırdığı hərəkəti və dartınmanı etmək mütləq idi. Birincini eləməm sadəcə mümkün deyildi, ölçülərim imkan vermir. Amma ikinci alına bilərdi.
Mən də eləmirdim, çünki əməliyyat olunmuşdum.
Əməliyyatdan 6-7 keçəndə mənə dirəşirdilər ki, dartın. Mən də dartınmayanda zabitlərdən bir ağıllısı qabağa çıxıb mühazirə deyirdi. Guya ali təhsilliləri mühazirə ilə qandıra biləcəyini sanırdı.
“Əsgər blyad, dartınmaq sizə elə-belə gələ bilər. Amma sabah erməninin qabağına çıxanda itdən peşman olacaqsız ki, niyə vaxtında dartınmadım. Həri, indi dartına bilmirsənsə, sabah hücum qalsın qırağa, lazım gəlsə, silahını, mənliyini atıb qaçmağa başlayanda da gücün çatmayacaq. Dartınmaq lazımdır.”
Bu və buna bənzər mühazirələrə mən zahirən ciddi, daxilən mrtla qulaq assam da, 18 yaşı tamam olan kimi otardığı sürünü buraxıb əsgərliyə gedən sadəlövh uşaqlar elə bilirdilər ki, Qarabağa yol turnikdən və dartınmadan keçir. Buna inanır və mən dartınmaqdan imtina edəndə qınayıcı, mənalı nəzərlərlə mənə baxırdılar. Dartınmayanlara qarşı ictimai qınağı hələ o vaxtdan hiss etmişdim.
Yaddan çxmışdı bu məsələ. Mülki həyatda dartınma problemi ilə qarşılaşmayacağımı düşünürdüm. Çifayda. Diktatorumuz bu gözləntilərimi yerdən yerə vurdu. Çıxdı turnikə, düz 10 dəfə dartındı. Bu qədər bacardığına görə yox haa. Haşa. Göstərdi ki, yuvarlaq edə bilir, lazım gəlsə, Qarabağı azad... eee... lazım gəlsə, 20 dəfə də dartınar.
Bəli, mən o videoya baxanda bildim ki, o zabit düz deyirmiş. Qarabağa gedən yol cəhənnəm, lazım gəlsə, silahını, mənliyini atıb qaçmağın da yolu dartınmaqdan keçir. Dartınmaq lazımdır.

Comments