Azərbaycanda vicdanla yaşamaq


Keçən yazıda vicdansız yaşamaq məsləsi haqqında yazırdım. İnsanlar vintə çevrilir və nəticədə öz hərəkətləri bu rejimin saxlanmasına xidmət edirlər. Başında acgöz oliqarxların durduğu, korrupsiyasız mövcud ola bilməyən bir rejim üçün hamının rüşvətə bulaşması (heç olmasa, rüşvət verən qismində) sərfəlidir.
Yəni hakimiyyət çalışır ki, hər bir insan bu rejimin saxlanması üçün vint olsun və nəticədə hər bir vint (vətəndaş) rejimin saxlanmasında maraqlı olsun. Çünki kütlə fitrən tənbəldir və sabit, sakit yaşamağı azadlıqdan, mübarizədən üstün tutur, başqa sözlə kütləyə daha çox sərf edir ki, minimal təmin olunmuş qeyri-azad həyatını yaşasın, nəinki azad həyatı olan insana çevrilmək üçün mübarizə ilə dolu, təmin olunması şübhə altına alınan həyatı.
Nəticədə hər kəsin hakimiyyət tərəfindən müəyyənləşdirilən həyat tərzi olur. Müəllim dərsə getməli, mümkün qədər keyfiyyətsiz dərs keçməlidir ki, repetitorluq üçün şagird ona müraciət etsin, axşama qədər repetitorluqla məşğul olmalı, nəticədə yalnız minimum yaşayış pulunu qazanmalı, axşam da evə gələndə ailə problemləri ilə məşğul olmalıdır; dövlət qulluqçusu səhərdən gecəyə qədər işləməli, orta səviyyəli yaşayışını təmin etmək üçün rüşvət almalı, yerdə qalan cüzi vaxtını da ailəsinə xərcləməlidir; fəhlə günün yarsını işləməlidir və s.. Yəni elə vəziyyət yaradlıb ki, bu yaşayış tərzi – hər qrup üçün müəyyənləşdirilmiş bu tərz dəyişilərsə, bu, hakimiyyətin əleyhinə çevrilmiş hərəkət və ya belə hərəkətin başlanğıcı olur. Bu vəziyyətdə öz vəzifəsini yerinə yetirmək, öz peşəsi ilə, işi ilə məsuliyyətlə, vicdanla məşğul olmaq hakimiyyətə sərf etmir. Bu elə cəmiyyətdir ki, insanlar yalanlara inanmır, amma yalanlara uyğunlaşaraq yaşayır, bununla da vicdansızlıq etmiş olurlar. Çünki məmur vicdanlı olsa, rüşvət almayacaq, nəticədə korrupsiya piramidasını zədələyəcək, bu da hakimiyyətin siyasətinə ziddir; müəllim repetitorluq üçün qəsdən pis dərs keçməsini vicdanına görə aradan qaldırsa, dərsi məsuliyyətlə tədris etsə, repetitora ehtiyac qalmayacaq, nəticədə müəllimlər az miqdarda pulla dolana bilməyəcəklər, həmçinin təhsil sisteminin biabırçılığı daha çox gözə girəcək, bu da hakimiyyətin siyasətinə ziddir; fəhlə gündə 8 saatdan çox işləməyib normal maaş, əmək müqaviləsi tələb etsə, oliqarxların şirkətləri ziyana düşəcək, bu da hakimiyyətin siyasətinə ziddir...
Beləcə hər bir vicdanlı yanaşma hakimiyyətin siyasətinə ziyan vurur. Ən sadə formada – yalnız öz işini məsuliyyətlə, vicdanla görmək bu hakimiyyəti laxlatmağa xidmət edir. Ona görə də Vatslav Havelin post-totalitar sistemdə YALANSIZ YAŞAMAQ kimi formulə etdiyi həyat tərzi indiki Azərbaycanda VİCDANLA YAŞAMAQ kimi realizə olunur. Ona görə də Havelin göstərdiyi 3 mübarizə üsulundan (müxalifət kimi; dissident kimi; sadəcə yalansız yaşamaqla) sonuncusunu - ən təhlükəsizini icra etmək şəxslərin mənəvi keyfiyyətindən, daha konkret desək, vicdanından asılıdır.
Amma burda da yeni hal yaranır. Tutaq ki, müəllim vicdanla yaşamağı seçir. O neyləyəcək? Digər müəllimlərdən fərqli olaraq dərsə vicdanla yanaşacaq, necə deyərlər, sinifdə can qoyacaq, repetitorluğu təbliğ etməyəcək, “pulsuz” müəllim kimi öyrətdiyi, “pullu” repetitor kimi öyrətdiyindən daha keyfiyətli olacaq. nəticədə az pul qazanacaq və cüzi maaşla yaşaya bilməyərək, maaşın artırılmasını tələb edəcək. Bunlar ona imkan verəcək ki, təhqiredici təhsil sisteminin mundarlığını daha yaxşı görsün, daha yaxşı hiss etsin ki, bu sistemlə barışmaq mənəvi keyfiyyətin aşağı olmasını tələb edir. Bu müəllim qaib silmək üçün rüşvət almayacaq, deməli, yuxarlara da tələb olunan rüşvəti verə bilməyəcək, üstəlik övladını rüşvətlə “oxutmaq” istəyən valideynin təpkisi ilə də üzləşəcək (yeri gəlmişkən, təhsil sisteminin uğursuz təşkili (lazımsız dərslər, qəbul imtahanlarının fövqəladə çətinliyi və s.) həmin valideyni də təqsirləndirməyə imkan vermir), nəticədə hər bir halda – ən azından aşağı səviyyədə hakimiyyətin quraşdırdığı mexanizmlə üz-üzə gələcək.
Bu vicdansızlaşdırma elə qurulub ki və ya qurulmağa cəhd edilib ki, bir az vicdanlı olan kimi rejimin əleyhinə çıxmış sayılırsan, bu isə ilk növbədə həmin müəllimin öz kolleqalarının təpkisinə tuş gəlir. Çünki sabit, sakit, tənbəl, təşəbbüssüz pul qazandıran repetitorluq, qaibə görə pul almaq və digər vicdansız pul qazanma vasitələri bu müəllimə görə təhlükə qarşısında qalır, dediyimiz kimi kütlə də tənbəl pul qazanmanı heç nəyə qurban vermək istəmir. Hə, qaldı ki, “bəs o müəllimlər heç mi şagirdləri, öz övladlarının da daxil olduğu uşaqların gələcəyini düşünmürlər?” məsələsinə, bu haqda da vurğuladıq ki, bu mexanizmdə olmaq üçün vicdansız olmaq əsas şərtdir. Vicdansız adamın isə nə vecinədir ki, uşaqların, dolayı olaraq dövlətin gələcəyi necə olacaq!?
Mən mexanizmin nisbətən uğurlu tətbiq olunduğu variantı təhlil edirəm, Azərbaycanda isə hələ o qədər də mükəmməl tətbiq edə bilməyiblər bu mexanizmi. Gördüyümüz kimi vicdansız yaşamaq şərtinin əsas olduğu mexanizmdə kimsə vicdanla yaşayanda əvvəl-axır, hər necə olsa, rejimlə toqquşur. Müəllim siyasiləşməyə məcbur olur. Rejim özü hər şeyi ağ-qara olmağa aparır – ya vicdansız olub bizə qulluq eləməlisən, ya da vicdanlı olub bizə düşmən olmalısan. Hal-hazırda isə Azərbaycanda bu mexanizm tam tətbiq oluna bilməyib, ona görə də sistemin tətbiqi uğrunda rejimin cəhdləri davam edir. Tam tətbiq oluna bilmədiyindəndir ki, nə qədər hər şeyi ağ-qara etməyə nail olsalar da, nisbətən başqa rənglərdə olanlar da var. Belə ki, bəzi adamlar vicdanla yaşayırlar, çətin olsa da, belə yaşayırlar. Məsələn, rüşvət alınmağa məcbur edilən (maaşına görə), lakin almayan məmur az da olsa, var. Onların fərdi nümunələri başqalarına misaldır. Buna görə də yalanlarla yaşayan cəmiyyətdən fərqli olaraq vicdansız yaşayan cəmiyyət olaraq bizdə bu fərdi nümunələr qiymətləndirilir, onlar “başıxarab” sayılsalar da, xüsusi hörmət sahibləri, siyasi söhbətlərin mövzuları olurlar. İnsanlar istər-istəməz onları siyasiləşdirir və bununla da həmin adamı ağ-qara kateqoriyasına aid edərək hakimiyyətin hər şeyi ikicəbhəli etməsi siyasətinə qulluq edirlər.
Vicdanla yaşamağa vütün cəhdlərin siyasətə aid olunması hakimiyyətin marağındadır, çünki o zaman o insanları əvvəl-axır klassik müxalifətə aid edəcək, klassik müxalifət istiqamətinə “itələyəcək”. Keçən yazıda da qeyd etmişəm ki, “klassik müxalifətin iyrəncliyi”nə insanları necə inandırırlar. Yəni “vicdanlıların iyrəncliyi” fikri formalaşdırılaraq vicdansız yaşamağın alternativsiz olması fikrini beyinlərə yeridirlər.

Comments