Azərbaycanlı, yoxsa türk?



Çox deyilib, çox yazılıb bu barədə, mən də mübahisələr eləmişəm. Axır vaxtlar adətən şərh yazmıram belə yazılara. Çünki təkrarçılıq olmasın deyə bir bloq yazısı yazıb hər şərhdə onun keçidindən istifadə etmək fikrindəyəm.
Atatürkün seçdiyi stil göz qabağındadır, hansı ki, bunu bizim Cümhuriyyət qurucuları da seçmişdi. Bu, Qərbin millətçi-libeal dövlət stilidir. İndi qanunlarda dünyanın 90%-dən çoxu bu dövlətlərdən ibarətdir, amma əksəriyyətində qanun elə bizdəki kimi hörmətsizdir. Qərbin həmin stilinə görə feodalizmdən fərqli olaraq insanlar dininə, qanına görə qruplaşdırılmırlar. Onlar vətəndaşlıqlarına görə qruplaşdırılır və dövlət qururlar.

İndi bir-neçə anlayışa fikir verək, sonra davam edərik. Var “ethnicity”, var “nation”, var “people”. Bunlardan son ikisinin bizim türkcəyə tərcüməsi çox uğursuzdur. Belə ki, ingiliscə “nation” deyiləndə qanına, yaşayış yerinə, adət-ənənsinə görə qruplaşdırılan insanlar başa düşülür, bizdə bu səhvən “millət” kimi tərcümə olunur. “Millət” ərəb sözü olub “ümmət”, yəni dininə görə fərqlənən insan qrupu deməkdir. “Nation” əslində bizim dildə xalqdır. Lakin indi işlətdiyimiz “Azərbaycan xalqı” birləşməsi isə daha çox “people” sözünə uyğun gəlir. “People” isə vahid vətəndaşlığı, vahid dövləti, vahid iqtisadi əlaqələri olan əhali qrupudur, hansı ki, bunun yaranması birbaşa kapitalizmlə bağlıdır, natural təsərrüfatdan manufakturalara keçidlə başlayıb sənaye inqilabına qədər bu anlayışı kapitalizm formalaşdırıb. Təəssüf ki, bizim tarix dərsliklərində insanların bu qruplaşmalarının son inkişaf instansiyası kimi kapitalizm məhsulu olaraq “millət” göstərilib, hansı ki, bu termin islam mənşəli olmaqla kapitalizmin və liberalizmin rədd etdiyi dini qruplaşmanı ehtiva edir. Lakin verilən anlayışdan görünür ki, tarix dərsliklərimizin müəllifləri “millət” dedikdə məhz “people”-ı nəzərdə tutublar.

Qayıdaq əvvəlki abzasa. Qərb stilində dövlət dedikdə isə məhz bu “people”-ın (tarix dərsliklərimizdəki “millət”in) vahidliyinə əsaslanan dövlət başa düşülür. Yəni kimsə Fransa vətəndaşı olursa, o fransız adlanır. Lakin bunu “nation” (“xalq”) kimi fransızlarla qarışdıraraq etnik mənsubiyyətə hörmətsizlik etmək lazım deyil. Bu, məhz “people” mənasında, yəni vətəndaşlığına görə liberal dövlətə tabe olan insanların kimliyini müəyyən edən dəyər mənasında fransızdır. Bunun ən uğurlu variantı ABŞ-dadır. Orada insanlar “filan mənşəli amerikan” adlandırılır. Avtomatk anlaşılır ki, ilk söz (məsələn, “irland mənşəli amerikan” birləşməsində “irland” sözü) etnik mənsubiyyəti, xalqı (“nation”), ikinci söz isə “people”-ı bildirir; nəticədə 300 milyonluq rəngarəng ABŞ vətəndaşı “American people” adlanır.


Gələk özümüzə. Bizdə Azərbaycan Respublikası vətəndaşları yanlış olaraq Azərbaycan xalqı adlandırılır. Bu, ona görə yanlışdır ki, xalq “nation”-ı bildirməklə ləzgi, avar, türk və s olmağımızı ifadə edir (etnik mənsubiyyət isə xalqa sinonim kimi və ya daha xırdalığa gedən anlayış kimi xarakterizə oluna bilər, məsələn, mənim atamgil özlərini Qaraqoyunlu tayfasından sayaraq etnik mənsubiyyətlərini tayfaya bağlayırlar, Pakistanda qəbilə başçıları var və s.). Madam ki, insan qruplarının inkişafının hələ ki son variantı olan “people” bizə dərsliklərimizdə “millət” kimi tərcümə olunursa, onda Azərbaycan Respublikası vətəndaşları Azərbaycan milləti adlanmalı və milliyyət sözünün ehtiva etdiyi anlam etnik mənsubiyyət və ya xalq mənsubiyyəti ifadələrindən biri ilə əvəz olunmalıdır.

Yoxsa ki, indi milliyyət dedikdə məhz etnik mənsubiyyət və ya xalq mənsubiyyəti anlaşılsa da, dərsliklərimiz “millət”in məhz kapitalizm törəməsi olan “people” olmasını bizə tədris edir.


Demək ki, bizim ikibaşlı anlaşılan sözlərdən istifadə edərək azərbaycanlılara anlayış verə bilməyəcəyik. Ona görə də bayaqdan istifadə etdiyim ingilis sözləri ilə deyirəm: Azərbaycan Respublikasının vətəndaşları “Azerbaijan people”-dır, burada yaşayan türklər, ləzgilər, avarlar, saxurlar, molokanlar və s. isə “nation”-dır. Bunları tərcümə etmək isə başqalarının işidir, sadəcə nəzərə almaq lazımdır ki, 1) “Azerbaijan people”-ı “Azərbaycan xalqı” kimi tərcümə etdikdə türkdillilərə “türk xalqı” demək olmaz (çünki birincisi siyasi-hüquqi bağlılıq olan vətəndaşlıq mənsubiyyətini, ikincisi isə qan, ərazi bağlılığı olan etnik mənsubiyyəti bildirir); 2) Kapitalizm nəticəsində yaranan “people”-ı ərəb sözü olan “millət” kimi tərcümə etmək olmaz, lap şərti olaraq sözü əsl mənasından uzaqlaşdırıb belə tərcümə olunsa da, bu zaman “milliyyət” sözü “nationality” kimi tərcümə olunmamalıdır (çünki yenə birincisi siyasi-hüquqi bağlılıq olan vətəndaşlıq mənsubiyyətini, ikincisi isə qan, ərazi bağlılığı olan etnik mənsubiyyəti bildirəcək).

P.S. İkinci şəkildə məşhur irland mənşəli amerikanların bəzilərinin fotoları verilib.

Comments