Bizi biləşdirən dəyər(sizlik)lər


Azərbaycanda “türkük, yoxsa azərbaycanlı” mübahisəsi var. Səbəb də odur ki, biz hələ nə Avropa stilində milli dövlət yaradaraq vətəndaşlığa görə “nation” təşkil edə bilmişik, nə də tarixi köklərimizi araşdıraraq “ethnicity”-ni müəyyən edə bilmişik (bunları ingiliscə yazmam haqqında başqa yazıda izah verəcəyəm).
Məsələ burasındadır ki, bizim vətəndaş kimi azərbaycanlı sayılmağımız üçün bizi vətəndaşlıqdan başqa birləşdirən dəyərlər də olmalıdır – həmin vətəndaşların qanunlara münasibətindən tutumuş lokallıqdan çıxmış adət-ənənələrə qədər. Hal-hazırda talış, ləzgi, rus, türk və s. sayılmasından asılı olmayaraq özünü azərbaycanlı sayan xeyli insan var. Bəs hansı dəyərlər onları buna məcbur edir?

İlk olaraq toy və yas adətləri – bir az əvvəl televizorda talışların toyunu göstərirdilər, talış dilində mahnı gedir, oynayanlar isə eynilə bizim hər toyda gördüyümüz kimi oynayırlar, toyda stollar, stullar da bildiyimiz kimi düzülüb, azərbaycanlıların hamısında bu, belədir. Sintezator adlanan musiqi aləti bizim kimliyimizi müəyyən edir. Bunu lağla demirəm, tam ciddiyəm. Ad gününə, əsgərlik qonaqlığına, toya sintezator gətirməyənə pis baxırlar. Artıq 17-18 yaşlı azərbaycanlılar belə hallarda sintezator, video-kamera kimi 20-ci əsr texnikasına münasibətdə deyirlər ki, “dədə-babadan belə gəlib”. Bu, o demək deyil ki, həmin adamın babası sintezator görüb, bu, o deməkdir ki, artıq sintezator mentalitetin bir hissəsi, nəticədə azərbaycanlı kimliyini müəyyən edən dəyərlərdən biridir. Yasda mollanı başa düşmədən ona qulaq asmaqdan tutmuş, stolun üstünə delfinə bənzədilərək banan qoyulması da azərbaycanlı olmaq üçün dəyərdir.


Yaxud rüşvət. Bu, artıq bizim üçün dəyərdir. Rüşvət almayan vəzifəliyə, rüşvət vermədən əziyyət çəkən şəxsə necə baxılır? İstehza ilə. Bu istehzalı münasibəti bizimkilər yad mentalitetlərə də göstərirlər (məsələn, afrikalıların yarıçılpaq rəqslərinə). Azərbaycanlılıqda rüşvətsizlik istehza obyekti kimi yadlanır, dışlanır.

Qanunlara mümkün qədər məhəl qoymamaq. Bir dəfə xaricdə mikroavtobusda gedərkən sürücü qəfil saxladı maşını və heyrətlənən azərbaycanlı sərnişinlərinə svetoforun qırmızısını göstərdi, halbuki yolda yüzlərlə metr məsfadə nə maşın vardı, nə də piyada. Bunu mən Azərbaycanda hər danışdıqca, Amerikanı bir az da gözdən salmış oluram. Çünki onlara yad, başıxarab kimi baxırlar (keçən yazılardan birində qeyd etmişdim ki, azərbaycanlılar yadlara qeyri-tolerantdır). Bakıda svetofora daha çox riayət olunur, rayonlarda isə daha az. Səbəb odur ki, biz qanunlara yalnız şəxsən özümüzə sərf edəndə riayət edirik. Rayonda sola-sağa baxıb qırmızıda da keçirlər. Elə bu səbəbdəndir ki, rüşvət alanları söyən adamlar rüşvətdən əziyyət çəkmədikləri qısa aralarda deyirlər ki, “mən də onun yerində olsam, elə edərdim. Bacarana baş qurbandı.”

Bu dəyərlər barədə çox yazmaq olar. Amma Azercell-in “bizi birləşdirən dəyər” reklamından sonra lağlağı proseslərində olsa da, bizi birləşdirən həqiqi dəyərlər haqqında camaat çox danışıb. Buna görə də son vaxtlar təsviri yazılardan qaçmaq stilimə sadiq qalaraq təsviri burada saxlayır və təklif verirəm.

Bizi birləşdirən dəyərləri dəyişmək lazımdır, ən azından fərdi olaraq. Nə qədər ki, cəmiyyətin rüşvət, sintezator, yas çadırında banan kimi aksessuarları bizi birləşdirən dəyər kimi çıxış edir, bizi beləcə kölə vəziyyətində saxlayacaqlar. Lakin mən şən maarifçilərin “hakimiyyəti dəyişmək üçün hamının filosof olması lazımdır” fikri ilə razı deyiləm. Bizdə rüşvəti, yas çadırlarını, bizi get-gedə səviyyəsizləşdirən digər dəyərləri təbliğ edən elə bu hakimiyyətdir, onların kütləyə təsir imkanı hər bir halda QHT-lərin-filanın təsir imkanından çoxdur və belə də olacaq. Buna görə də bizə milli kimliyimizi, etnik mənsubiyyətimizi dərk etməyə imkan verməyən, bunun üçün məqsədli olaraq sırınan dəyərləri müdafiə edən, bu mövhumatı müntalitet adına müqəddəsləşdirən, “dədə-babalaşdıran” hakimiyyəti dəyişmək lazımdır ki, onsuz da hara sürsən, ora gedən kütləyə əsl dəyərləri yeridə biləsən.

Comments