Dinlərdən uzaq olaq


Bir şeydəki hazır suallara cavab var, bu, dindir. Tərif kimi təhlil etməyin, çünki tərif kimi verməmişəm, indi açıqlama verəcəm misallarla.
Məsələn, Qəddafinin qızı deyəndə ki, “atam hara getsin ki? Bura onun vətənidir. O, Liviyanın simvoludur”, bu, artıq Qəddafinin Liviyada qalmalı və diktator olmasını mübahisəolunmaz hala gətirir. Bu, dindir. Aişə Qəddafinin verdiyi sual rotorikdir, cavab tələb etmir, yəni “belə də olmalıdır, buna başqa cür cavab almaq istəyirsinizsə, beləcə ritorik sualla qarşılaşacaqsınız, bu, hazır cavabı olan sualdır bizim üçün”. Hazır cavabların müzakirəsinə cəhd ən azı təhqirlə qarşılana bilər.

Turan İbrahimov Turqut Qəmbərə deyəndə ki, “Heydər Əliyevin ümummilli olduğunu qəbul edin, sonra başlayaq müzakirəyə, o ulu öndərdi də, bu, həqiqətdir”, bu da dindir. Turanın dediyini qəbul edənlər üçün “ulu öndər kimdir?” sualının bir cavabı var və bu cavab əvvəldən müəyyənləşib. Turqut bununla razılaşmadı və Turan lağlağıya keçib təhqirə cəhd etdi.

“Bəlkə Məhəmməd fırıldaqçı olub?” islamda qadağan olunmuş sualdır, çünki bu, əvvəldən müəyyən olunmuş cavablara ziddir, məsələn, “Məhəmməd Allahın elçisidir” cavabına. Buna şübhə edən hər hansı fikrə qarşılıq olaraq Qurandan sitatlar gələ bilər – “kafirlər donuzdur, heyvandır, mundardır”.

Desək ki, Çe Qevara əslində terrorla məşğul olurdu. Bu, “Çe qəhrəmandır, xilaskardır, fədaidir, azadlığımız uğrunda qurbandır” kimi əvvəldən kimlərsə tərəfindən müəyyənləşdirilmiş hazır cavablara zidd olacaq. Ona görə də bu dinin tərəfdarlarının təhqirinə tuş gəlmək təbiidir.

Desək ki, “ana müqəddəs deyil”, mentalitetin “ana müqəddəsdir” hazır cavabının əleyhinə getmiş olacağıq və ən yüngül forma kimi “qeyrətsiz” təhqiri ilə qarşılaşacağıq.

“Biz bundan yaxşısını yarada bilməmişik” hazır cavabının əleyhinə çıxıb desək ki, bu “qabiliyyətsizliyimizə” baxmayaraq kapitalizm, yaxud demokratiya əleyhinə mübarizə aparmalı, bundan daha yaxşısnı tapmağa çalışmalıyıq, onda da bu dinlə qarşı-qarşıya gələcəyik.
Dinlərdən uzaq olaq, hazır cavablar yoxdur, bütün bu cavabları bizim kimi insanlar yaradıb, seçilmişlər, müqəddəslər yox. O insanların cavab tapmaq və cavablarını kütləyə yeritmək qabiliyyəti bizi sərbəst olaraq şübhə etmək qabiliyyətindən məhrum etmir.

P.S. Yazını şəxsiləşdirməmək üçün öz dinimdən danışmıram.

Comments