Nənə (I hissə)

Atamın əmisi arvadı var idi. Adı da özü kimi qoca idi – Mirəstə. Pasportuna yazlmışdı ki, təvəllüdü 1911-dir. 1911-də atamın atası anadan olub. Soruşurdum ki, “ay nənə, sən, baba yaşdasan?” Deyirdi ki, “ay bala, baban doğulanda mən ərgən qız idim.” Xatırladımn ki, ərgən ərə gedəcək yaşda olan deməkdir.
Bu arvadı həmişə eyni vəziyyətdə görmüşəm. Mən doğulanda necə idisə, öləndə də elə idi. Çünki mən doğulanda da o qədər qocalmışdı ki, artıq bundan sonra onda dəyişiklik olacaq deyildi.
Hamımız nənə deyirdik ona. Nənə 20-ci əsri başdan-başa görmüşdü. Onun həyatına çox az bələdəm. Amma bələd olduğum qədərindən mənə elə gəlir ki, o Azərbaycanda yaşayan kütlənin bu 100 ildən çox müddətdə yaşadığını ən tipik surətdə yaşayıb. Ömrünün axırına bir müddət qalanda hələ danışa, eşidə bilirdi. Onda ona suallar verirdim.
Mənə Nikolayın vaxtında biyara getmələrindən danışırdı. Faytonla ərə veriləndə lap uşaq idi. Türklərin 1918-də gəlişi haqqında xatirələri xoş deyildi deyəsən. Atamın anasının bu barədə dediyi “türk gəldi, g.tümüzə s.k gəldi” məsəli ilə razı görünürdü. Sovet dövründə kəndin oxuyub-yazma bilənləri digərlərnə tövlədə-filanda dərs keçirmişlər, nənə də bir dəfə qaynı olan müəllimi söyüb biabır edibmiş “dərs vaxtı”.
Müharibəyə gedən əri qayıtmayıb. Çox sonralar qardaşım televizorda təsadüfən Ukraynadkı qardaşlıq qəbirstanlığının kadrlarında başdaşı üzərində nənənin ərinin ad-soyadını görəndə bilmişdik ki, kişi ölüb. İnanıram ki, bu 50 il ərzində arvad inanıb ki, kişi ölməyib. Bu təsadüfün nə qədər böyük inadla yanan ümidi söndürdüyünü o vaxt bəlkə də kimsə anlamamışdı.
Nənə xalqımızın tipik surəti kimi gəlinlərlə, xüsusən şəhərdən gələnlərlə dalaşır, onlarla səbəbini özü də bilmədən prinsip aparırdı. Bu bədbəxt xalqın nələr yaşadığını onun həyatına baxıb öyrənirdim. Ona ayrıca ev ayrılmışdı həyətdə - torpaqdan, üstü əvvəl küləşlə, küləşin də üstündən şiferlə örtülmüş bir otaqlı, bir eyvanlı ev. O ev basdırılan mentalitemizin, tipik xalq nümayəndəsinin taleyinin təcəssümüdür. Amma kimdir onları ora qoyan? Həmin taleyi yaşayacaq, bu ayrıseçkiliyin bir gün də özlərinin başına gələcəyini bilsə də, nəzərə almayan, əvvəl-axır hamısı bu atılmışlığı yaşayan digər kənd nümayəndələri.
İndi o evdə bibim yaşayır. Ərə getməmiş, işləməkdən başqa bir vəzifəsi olmayan adi bədbəxt qadın olan bibim o evdə ölümün gəlməsini gözləyir. İnanıram ki, o evdəkilər ölümü gülərüzlə qarşılayırlar. Çünki o anda hiss edirlər ki, insan nə qədər başqalarının əhatəsində olsa da, ölüm gələndə təkbətək qalır. Buna baxmayaraq ölümü gözləyən kabus təsiri bağışlayan onun kimi adamları ayrıca evə həbs edən insanlar bir gün ölümün gözünə baxanda bu hərəkətlərinin nə qədər gülünc olduğunu anlayacaqlar. Bibim özü ayrıca yazı mövzusu olan həyatı sürünür.
İndi də mentalitet nənə kimi insanlara zülm verir. Lakin ondan əl çəkə bilmirlər, atırlar ayrıca evə, amma atsalar da, özləri də mentalitet yolu ilə gedirlər. Nə qədər ki bu mentalitet bizlədir, bu xalq fərd-fərd ölümlə duel olan atılmışlar evinə gedəcək.

Comments