Qoltaşalar və ya pirsinq taxmağın KQB-ə nə dəxli var?




Söz veriblər də. Bütün nəfəslikləri qapadacaqlar. Bir iynə ucu da olmaz ağzını dirəyib azadlıq udasan. İndi də əl atıblar internetə, sosial mediaya, başqa sözlə facebook-a, twitter-ə, blog-lara, internet köşələrə...
Həmişəki kimi planı hazırlayıblar, onsuz da reaksiyasız olan cəmiyyətin reksiyasını son ehtiyat kimi yoxlamaq üçün bir toplantı da təşkil ediblər. Şəkililərin bir sözü var – qoltaşa. Bu, yaltağın, yarınanın lap axırıncı variantıdır. Bunlar da o toplantıda qoltaşalarını bu qapatmaq istədikləri nəfəslikdən azadlıq adlı oksigen alanların qabağına çxarıblar.
Qoltaşalar elə absurd ideya “irəli sürüblər” ki (“irəli sürmək” = tutuquşu kimi öyrədiləni təkrar etmək), buna bişmiş YAP-çının da gülməyi gələr. Blog yazısı, facebook statusu, twitter twit-i Azərbaycan kimi analoqsuz inkişaflı, Ermənistandan 3796746329 dəfə güclü, regionun lider dövlətinin milli təhlükəsizliyinə ziyan vura bilərmiş. Pah. Nələr yazırmışıq biz?! İndi bu yazının hansı dövlətin milli təhlükəsizliyinə ziyanı varsa, o dövlət özünü buraxıb yaxınlıqdakı və ya okeanın o tayındakı bir imperiyanın müstəmləkəsi olsa, daha yaxşıdır.
Absurd iddialarını sübut etmək üçün əttökən arqumentlər irəli sürüblər. Qoltaşalardan biri deyib, milli təhlükəsizliyi təmin etməyin yolunu heç kim tapmayıb, ona görə də gəlin sosial mediaya senzura tətbiq edək (nə dəxli!); biri deyib ki, radio-televiziyada senzura var, xeyir ola, sosial media əziyyət çəkməsin, gəlin, mələdək onları; keçəl başının tükləri qədər ölkə gəzmiş biri isə deyib ki, dövlət təhlükəsizliyinə milli mentalitet də daxildir, yəni blog-da yazsan ki, bakirə qızla evlənməyin əleyhinəyəm və ya oğlanların sırğa taxmağını istəyirəm, yaxud ayağımı ayağımın üstünə cowboy-sayağı aşırıram, vəssəlam, 26 min illik dövlətçilik ənənəsi, o boyhdana ümummilli lideri olan Azərbaycan dövləti və dövlətçiliyi təhlükə qarşısında qalır.
Bir də ki, KQB məhz dövlət təhlükəsizliyini qorumaq üçündür. Ümummilli lideriniz də ordan çıxıb, boz kardinalınız da, nəbilim yaşıl nazirləriniz də, buqələmun qoltaşalarınız da. Heç olmasa, onların xətrinə bu söhbəti düşükləşdirməyin.
Əşi, adam kimi deyin ki, mentalitet diktaturanın əsasıdır, “palaza bürün, elnən sürün” deməyəni bandotdeldə köpük gələnə qədər çırpacağıq, internetin, blog-ların ağzını yığammırıq, senzuramız ora girmir deyə elə senzura qoyacağıq ki, köpük üçün könüllü bandotdelə gedəcəksiniz, biz də işimizi bilək də. Yoxsa ki, pirsinq taxmağın KQB-ə nə dəxli var?

Comments