19 yaşlı Cabbar nümunəsi




{“İmzam siyasi məhbuslarınıza necə xeyir verəcək anlamıram. Hakimiyyət tərəfindən qara siyahıya salınmamış adamlara, ən azından böyük qüvvələrə sözü keçə bilən adamlara imzalatsanız, daha yaxşı olmaz?”
Redaktor gülümsədi: “Olar, əlbəttə.”
Tomasın oğlu da gülümsədi; bu, çox şeyin fərqində olan birinin gülümsəməsi idi: “Olmasına olar, amma onlar heç vaxt imzalamazlar.”
“Bu demək deyildir ki, onların da yaxasından yapışmırıq”, deyə davam etdi redaktor, “onların qızarıb-bozarıb çətin vəziyyətə düşdüklərini vecimizə də almırıq”, güldü, “irəli sürdükləri üzrxahlıqları bir eşidəydiniz. Ağlagəlməz şeylərdir!”
Tomasın oğlu da bu sözlərlə razılaşdığını göstərirmiş kimi güldü.
Redaktor “Əlbəttə, hamısı bizimlə eyni düşüncədə olduqlarını söyləməklə söhbətə başlayırlar”, deyə davam etdi, “yalnız yanaşma fərqli olmalıymış, elə deyirlər. Daha təmkinli, daha ağlı başında, daha diqqətli şeylər… İmzalamaqdan qorxurlar, bir tərəfdən də imzalamayacaqları təqdirdə gözümüzdə 5 qəpiklik dəyərlərinin qalmayacağını düşünüb qayğılanırlar.”}

Bu, Milan Kunderanın “Varolmanın dözülməz yüngüllüyü” əsərindən bir hissədir. Birinə prezidentə siyasi məhbusların azad olunması üçün məktub təqdim olunur ki, imzalasın və orada belə söhbət yer alır.
Obrazların adı olmasa, yəqin elə bilinər ki, söhbət indiki Azərbaycandan gedir. Həyatı, sağlamlığı və ən əsası azadlığı bahasına mübarizə aparanlar var və onların həbsdən qurtarmas üçün 1 imzasını əsrgəyənlər. Bəhanələr gətirirlər, amma necə də gülüncdür, düşükdür bəhanələri də özləri kimi.
Vaxt gələcək bu bəhanə gətirənlərin övladları onlara deyəcək ki, “ata (ana), Azərbaycanda siyasi məhbusların türmələrə sığmadığı vaxt sən neynəmisən?” Onda yəqin cavab verəcəklər ki, mən təmkinli olmuşam, xalqı maarifləndirmişəm, məqamı gözləmişəm, daha ağıllı tərpənmişəm. O zaman uşaq cavab verə bilər ki, “sən qorxaqlığından gözləyə-gözləyə qalanda 19 yaşlı Cabbar içəridə sənin kimi qorxaqlara göz dağı verirdi.”
Bu gün mübarizə aparmayanların boyunu 19 yaşlı Cabbar nümunəsi yerə soxacaq.
Bu gün mübarizə aparmayanlar sabah da maddi cəhətdən bu vəziyyətdə və ya bundan daha yaxşı yaşaya bilərlər, amma mənəvi cəhətdən bundan da kasıb olacaqlar, onlarla başqa siyasi məhbusdan hələ söz etmirəm, sizi belə alçaldan 19 yaşlı Cabbar nümunəsi olacaq.
Meydana çıxmaq üçün yüzminlərin küçəyə axışmasını gözləyənlər təkbaşına Azadlıq meydanına çıxmağı gözə alan 19 yaşlı Cabbarın nümunəsi ilə yanaşı duranda tüpürcək vektorlarının hədəfi olacaqlar.

Comments