5-ci sinifdə kəsilən müəllimlər




Təhsilimiz get-gedə bərbad hala düşür, həm də bu, elə sürətlə gedir ki, prosesin içində ola-ola biz bunu hiss edirik. Bu yaxında öyrəndiyim fakt isə hansı normal ölkədə olsa, o ölkənin nəinki təhsil naziri, bütün kabineti istefa verərdi.
Deməli, 2010-2011-ci tədris ilində 5-ci sinif şagirdlərinə riyaziyyatdan imtahan təşkil olunub. Əlbəttə ki, bu imtahan 5-ci sinif səviyyəsində olub. Yəni bura 1-5-ci sinif dərsliklərindəki məlumatlardan artıq nə isə salınmayıb. Bunu yazmağımı artıq hesab edə bilərsiniz, amma yenə xatırladacam hələ. Necə olubsa, Təhsil Nazirliyindən belə göstəriş gəlib ki, eyni testləri, təkrar edirəm, eyni testləri riyaziyyat müəllimləri də həll etsin.

Bu qərar müəllimlərə təhqir sayıla bilər, axı belə hesab olunur ki, müəllim nəinki 1-5-ci siniflərin dərslik materiallarını bilir, həmçinin bütün ortta məktəb materialını əlinin içi kimi bilir, hətta universitetdə də oxuyub, ali riyaziyyatı-filanı öyrənib. Amma, sən demə, nazirlik müəllimlərinin kəramətinə bələd imiş. Əlqərəz imtahan olur, müəllimlər də dərs dedikləri uşaqlarla birlikdə eyni (!) testlərdən imtahan verirlər.

İmtahandan sonra mənə bu məlumatı verən müəllimi Nərimanov rayon Təhsil Şöbəsindən zəng edib təbrik edirlər ki, “imtahandan “5” almısınız”. Müəllim də əsəbləşir ki, “utanmırsınız, hələ bizi 5-ci sinif səviyyəsində testlə imtahan etdiyiniz bəs deyil, üstəlik təbrik də edirsiz.” Təbrik edən adam isə cavabında Azərbaycan təhsilinin divara çoxdan vurulmuş bir zibil olduğunu sübut edir. Deyir ki, “Müəllimə, nə utanmağı. Ciddi olaraq, təbrik edirəm. Sizin məktəbin bütün riyaziyyat müəllimləri arasında yalnız siz “5” almısınız. Bütün Nərimanov rayonu üzrə isə cəmi 2 müəllim “5” alıb. Hələ nə qədər müəllim “2” alıb.”

Bax, belə. 5-ci sinif səviyyəsində (1-5-ci sinif riyaziyyat dərsliklərində materiallar əsasında) imtahan olunan uşaqların müəllimləri, bu materialları onlara öyrətməyə borclu olan şəxslər özləri bu imtahandan kəsilirlər. Sözün bitdiyi yerdir. Bu ölkədə doğmaq günahdır. Övladlarımızı hansı müəllimlərə etibar edirik biz? 5-ci sinifdən “2” alan müəllimlərə?

Comments