Hər şey öz fonunda



Yadıma yeni yaradılmaqda olan ədəbiyyat nümunələrimizin topa tutulması düşdü. Bunlardan daha çox diqqət mərkəzində olan “Amneziya”, “Quqark”, “Yad dildə” haqqında danışmaqla ümumi mənzərə yaratmaq olar. Mən ədəbi tənqidçi də deyiləm, dəhşət mütaliəli adam da deyiləm, ədəbiyyatşünas da deyiləm. Öz məntiqimlə, təcrübəmlə münasibət bildirəcəm.

Bu əsərləri, xüsusən “Amneziya”nı tənqid edənlərin əsas mövqeyi budur ki, əsər ədəbi cəhətdən zəifdir, rəqabət qabiliyyəti azdır və s.. Bu tənqidlərdə problem müqayisə obyektinin yanlış seçimindədir. Tənqid edənlər dünyanın klassiklərini, hal-hazırkı ən məşhur yazarlarını, yaxud heç olmasa, nobelliləri oxuyublar və Azərbaycanın yeni ədəbiyyatını da onlarla müqayisə edirlər. Biri deyir, 100 il sonra Əli Əkbər Dostoyevski kimi xatırlanacaqmı? Biri deyir, “Amneziya” hara, “Səfillər” hara? Biri deyir “Yad dildə” “1984”dən zəifdir.

Gülməli müqayisələrdir. Anlamıram, bunlar Əli Əkbərdən, Seymur Baycandan, Pərvizdən və başqalarından nə gözləyirlər. Viktor Hüqonu unutdurmağımı? Dostoyevskini gülüş hədəfinə çevirməyimi? Yaxud deyirlər ki, 100 il sonra bu əsərlərin əhəmiyyəti qalmayacaq. Hə, nolsun? Qalmayanda qalmayacaq da. Amerikada tarixi abidəni ziyarət edəndə bizə 1930-ların istehsalı olan “Opera kabusu” səssiz kinosunu göstərdilər. Düzdür, indiki qorxulu kino effektləri ilə müqayisə edəndə bu film gülünc görsənirdi və mənim də məqsədim gələcəkdə bizim indi yaranan ədəbiyyatımızın gülünc olacağını demək deyil. Demək istəyirəm ki, illər keçsə də, keçmişdə yaradılmış və öz dövrünə görə əhəmiyyəti olan əsərlər gələcəkdə ağıllı insanlar tərəfindən qiymətləndirilir və bu qiymətləndirmə zamanı da yaşadıqları dövrün yox, əsərin yaradıldığı dövrün xüsusiyyətləri əsas götürülür.

Məsələn, indi kimsə durub platonik sevgi haqqında poema, roman yazsa, bu əsər heç vaxt “Leyli və Məcnun” kimi məşhur olmayacaq. Amma “Leyli və Məcnun” bir klassikadır və 9 əsrdir ki, ölmür. Çünki öz dövrünün fəlsəfəsinə uyğundur, öz dövrünün düşüncəlilərinin zövqlərini oxşayıb, onu aktual sayıblar və s.. Yaxud indi durub təkəri ixtira etmiş qədim insanı tənqid edək ki, camaat səndən milyon il sonra kompyüter çıxarıb, sən hələ təkərdə ilişmisən.

Gəlin, nə qədər çətin olsa da, təsəvvür edək ki, 50 il keçib, Azərbaycanda müharibə başa çatıb, demokratik rejim qurulub. O zaman “Amneziya”nın inqilab illüziyaları, “Yad dildə”nin mübarizləri demokratik mübarizənin məğlubiyyətindən sonraya da ümidlə hazırlayan sonluğu, “Quqark”ın xalqların düşmən olmaması, müharibənin iyrəncliyi haqqındakı mülahizələri nə qədər aktual olacaq? Demokratik rejimdə inqilab və ya ermənilərlə can bir qəlbdə yaşayanlar üçün onsuz da çılpaq həqiqət olan milli ayrıseçkiliyin yolverilməzliyi kimə lazım olacaq? Amma o 50 il sonrakı dövrdə bir gənc bu əsərləri oxyub biləcək ki, vaxtilə Azərbaycanda necə qəddar rejim olub, xalqlar bir-birinə nifrətə sövq edilib, ümidsiz sizifvari mübarizlər nə çətinliklər çəkiblər və bütün bunların, ümumi zombiləşdirmənin, kitab düşmənçiliyinin, yazıçının əsərindən pul qazanmasının mümkünsüzlüyünün fonunda enerjisini, vaxtını – özünü xərcləyib anladığı həqiqətləri bədii dillə yazanlar, bunu gələcəyə çatdırmağı bacaranlar, ictimai fikri dəyişmək, hər şeyə hazır olmaq istiqamətində tərbiyə edənlər olub.

1920-30-larda “Lenin baba, Lenin baba, Əlimizə verdi yaba” yazanlar indi ədəbiyyat dərsliklərində həmin dövrün ədəbi hadisəsi kimi yad edilir və biz də onlara haqq qazandırırıq ki, Stalin yoldaşın süngüsünün qabağında bunu da demək böyük şeydir. Hal-hazırda Azərbaycanda son 20 ilin dövlət başçılarını tanımayanların olduğu, qızlarını məktəbə buraxmayanların sürətlə artdığı, prezidentə oğlunu İsmayıl peyğəmbər kimi qurban kəsməyə hazır olanların tüğyan etdiyi, manısları qəlblərinə həkk etmiş, kitabxanaların yerində şadlıq sarayları tikilən cəmiyyət əksəriyyəti təşkil edir və bu sürünü diktatura azsaylı intellektuallara qarşı bütün gücü ilə müdafiə edir. Fon budur. Diktaturanın süngüsü və bu süngüdən dəfələrlə güclü olan cəmiyyətin təpkisi, lağlağısı, təhqiri, yazıçının dəyişmək istədiyi kütlənin bu yazıçının özünə qarşı qəzəbi. 50 il sonranın demokratik, inkişaf etmiş, ermənilərlə konfederasiya yaratmış fonu deyil. Qiymətləndirmə obyektini öz fonunda görmədən obyekti utopik arzularımızın, ultraintellektual düşüncələrimizin fonunda qiymətləndirdikdə belə ədalətsizliklər meydana çıxacaq.

Comments