Mədət Quliyevin səmimiyyəti




Penitensiar Xidmətin rəisi Mədət Quliyev Azadlıq radiosuna müsahibə verib (http://www.azadliq.org/content/article/24298749.html). Müsahibədə bəzi maraqlı etiraflar, necə deyərlər, quşburaxmalar oldu. Deməli, Mədət Quliyev cəzaçəkmə müəssisələrində özünün rəisliyi dövründə etdiyi “dəyişikliklər”i sadalayır – məhkumların sayına uyğun hamam və tualetlər artırılıb, “burjuy otaqları” ləğv olunub, rəislərin şəxsi təsərrüfatları və məhkumların həmin təsərrüfatlda qul əməyi ləğv olunub, “voronok”lar ləğv olunacaq, dustaqların yeməyi yaxşılaşıb (amma yenə evdən yemək gəlir (!)) və s..
Əvvəldən deyim ki yoldaş Quliyev müsahibə boyu utanmadan ağ yalanlar danışırdı. Amma danışırdı da. Gəlin onun danışdıqlarına fikir verək. Kişi deyir ki, cəzaçəkmə müəssisələrində “burjuy otaq”larının olması barədə şəxsən İlham Əliyev məlumatlıdır: “Mən prezidentin qəbulunda olarkən o dedi ki, bəzi məhkumlara qanunsuz imtiyazlar var. Prezident bu işlərdən tam məlumatlı idi. ” İndi sual çıxır ortaya – yoldaş Əliyev 8 ildir ki, prezidentdir və bu məsələdən də xəbərdardır. Elə isə niyə bu 8 il müddətinə bu problem həll olunmayıb? Mədət Quliyev tapılmırdı görəsən? Hələ hesab etsək ki, bala Əliyev ata Əliyevin siyasi kursunun davamçısıdır, deməli, “burjuy otaqları”nın saxlanması siyasi kurs kimi atadan oğula keçibmiş.

Yoldaş Quliyev cəzaçəkmə müəssisələrində olan hər problemi atır özündən əvvəlki rəhbərliyin üzərinə. Xatırladım ki, ondan əvvəl bu vəzifəni Nazim Ələkbərov icra edib. Hələ vurğulayır ki, “Baş idarənin rəisi və nazir müavini kimi əgər penitensiar xidmətdə hər hansı bir nöqsan varsa, bu, mənim fəaliyyətimdə olan nöqsandır. Mən görməliyəm və vaxtında bu problemin qarşısını almalıyam.” Deməli, bu problemləri yoldaş Ələkbərov da görürmüş, ya da görməli imiş, hər iki halda təqsirkardır. Elə isə onun barəsində cinayət işi qaldırılıbmı? Mədət Quliyev bu barədə lazımi orqanlara məruzə eləmirsə, cinayəti bilib xəbər verməmə maddəsinə görə məsuliyyətə cəlb olunubmu?

Nemət Pənahlı ilə bağlı sualda isə yoldaş Quliyev özünü açıb-buraxıb. Diqqət edək: “- Həmin təcridxanada saxlanan Nemət Pənahlı da bəyanat vermişdi ki, ona işgəncələr verilir.

- Bəli, bəzi hallarda Nemət Pənahlı elədiyi hərəkətlərə görə cəzalanır orda. Kim çılğınlığa yol verirsə o cəzalanır.” Deməli, məhkumlara işgəncə verildiyini Mədət müəllim bilir və bunu dəstəkləyir. Bərəkallah.

Gigiyenik ləvazimatların çatdırılması ilə bağlı suala cavab verərkən yoldaş rəis deyir ki, “çatdırılmalıdır”. Jurnalist soruşur ki, “-malıdır” öz yerində, bəs çatdırılırmı, cavab gəlir ki, “çatdırılacaq”. Rəisin səmimiliyi adamı heyrətə salır.
Axırda isə həyasız ittiham – jurnalist deyir ki, Bəxtiyar Hacıyev xəstədir və müalicə olunmur. Görün rəis nə cavab verir: “Onun qardaşı hara baxır”. Şərhsiz.

Comments