Ruslara qarşı rasist düşüncələrimi bir qadın dəyişdi



Ruslara şovinst nifrətimin yox olmasına yol açan hadisə haqqında danışmaq istəyirəm.

8 yaşımdan yeni evə köçdük, yeni yaşayış massivi olduğundan qonşular çox az idi. Aramızda bir divar olan qonşumuzun gəlinləri rus idi – İrina. Mingəçevir rusu idi, “dünya dağılanda” valideynləri, qohumları Rusiyaya getmiş, o isə azərbaycanlı əri ilə qalmışdı. Hamı İra deyirdi ona, ərinin qohumları İradə.
İra xala tank kimi işləyirdi. Evdə bütün işləri görürdü. Sarışın əsl rus irqindən idi. Əlləri həyətdə torpaqda işləməkdən kobudlaşıb kişi əlinə oxşayırdı. Amma mən onun dırnaqlarına baxanda bilirdim ki, əslində bu əllər daha gözəldir, kənd işi, istismar imkan vermir bu gözəlliyin görsənməsinə.

Kök qaynanası molla idi. Qaynatası əlil idi. Əri isə hərbçi. Bir oğlu, bir qızı var idi, biz ora köçəndən sonra bir oğlu da oldu. Hərdən onlardan qışqırıq səsləri gəlirdi. Arvadlar deyirdilər ki, İranı döyürlər. Arvad döymək adi işdir bu ölkədə. Biz də adi baxırdıq.

Amma vəziyyət adi olmadığını göstərdi bizə. Deyirdilər ki, İranı yarım metr hündürlüyü olan zirzəmiyə salıb döyürlər ki, səsi eşidilməsin. İranın döyülməsinin vəhşiliyi haqqında bir də onu eitmişdim ki, onu 20 litrlik benzin kanstrləri ilə döyürlər, özü də qaynanası, qaynatası və əri birlikdə.

Anam deyirdi ki, ona pul vermirlər ki, Rusiyaya valideynlərinin yanına gedə bilməsin. O qədər pulsuz olurmuş ki, brezentdən özü özünə alt paltarları tikirmiş. Bədənlə təmas üçün yararsız olan parça dərini dağıdırmış. Valideynləri ilə ərinin nəzarəti altında danışır, həmişə də deyərmiş ki, vəziyyət əladır.

İra xalanın böyük oğlu ilə dost idim uşaqlıqda. Həmişə bir yerdə olardıq. Uşağa da, anasına da yazığım gəlirdi. O vaxta kimi ruslara şovinistliklə nifrət edirdim. 8-9 yaşım var idi, dövlət yalnız AZTV-ni göstərən televizorda 20 yanvarın kadrlarını, Xocalıda 366-cı alayın törətdikləri görüntüləri beynimə yeritməklə məndə nifrəti artırırdı.

Amma İra xalanın hamıyla xoş münasibəti, ailəsinə, hətta onu döyənlərə heç bir milli fərq qoymadan canıyananlıqla qulluq etməsinin təsiri AZTV-nin təsirinə qalib gəldi məndə. İnandım ki, dövlət televiziyamızın rasist təbliğatı reallıqla heç uyuşmur. Hətta bir ara İranın əslində erməni olması şayiəsini buraxdılar. Mən bu şayiəin doğru olacağı təqdirdə ermənilərə qarşı rasist düşüncələrimi dəyişəcəyimə söz vermişdim.

Nəhayət İragil də ordan köçdülər, biz də. Xeyli müddət bir-birimizlə əlaqəmiz olmadı, elə indi də yoxdur. Amma bu yaxında anam onların qohumlarından biri ilə görüşüb və öyrənib ki, bir müddət əvvəl nəhayət ki, İranı Rusiyaya – ailəsinə baş çəkməyə göndəriblər. Atası ağır xəstədir, anası isə artıq ölüb. İranın vaxtilə telefonla danışanda valideynlərinə özündən başqa hamını razı salan yalanlar deməsini, əslində qəhrəmancasına yaşamış olduğu ağır həyatı, onu gözləyə-gözləyə ölən anasını gözümün qabağına gətirməyə çalışdım və uzaq Rusiyada heç vaxt tanımadığım, vaxtilə rasistcəsinə nifrət etdiyim bir rus qarının ölməsinə görə kövrəldim.

P.S. Düzdür, sonralar ruslara münasibətim daha başqa əsaslarla formalaşdı, amma şovinizmdən məni İra qurtardı.

Comments