Jul 3, 2012

Tərs asılan bayraqlar


Dünən ABŞ-ın müstəqilliyinin 236-cı ildönümü günü münasibətilə səfirlikdə təşkil edilmiş ziyafət zamanı səfirliyin divarından böyük ABŞ bayrağı tərs asılmışdı. Ulduzlu hissə solda qalmışdı, yəni bizim bayraqla müqayisə etsək, yaşıl rəng sağda qalıb. Amma bu amerikanların vecinə də deyildi, hər biri həmişəki kimi gülümsəyirdi. O bayrağın uğurları, verdiyi qürur tərs asılma kimi xırda məsələni çoxdan ört-basdır edib. Onlar bayraqlarının bikininin rəngləri olmasına, tərsinə asılmasına, porno filmlərdə döşəkağı olmasına tolerantdırlar. Çünki nailiyyətləri o qədər çoxdur ki, bu nailiyyətləri ilə bayrağı elə ucaldıblar ki, bikini-filanla enən deyil o bayraq.

Hansı ölkələrin ki, nailiyyətləri az, bayrağının təmsilçisi olan xalqın fərdlərinin iddiaları cılız, kompleksləri yarımçıqdır, o ölkələrin də bayraqları düppədüz asılır, bayrağa qarşı yüngülvari diqqətsizlik sərt vətənşüvən təpkisinə tuş gəlir, çünki bayraqdan başqa fəxr etməli nələrisə yox dərəcəsindədir. Əllərində tutub başlarının üstünə qaldırmalı olan nailiyyətləri o qədər azdır ki, bayrağın parça və ya rənglər birliyi olmasını qəbul etməyib, onu müqəddəsləşdirirlər, bu rəngləri əllərində tutub başlarının üzərinə qaldırır və başqalarının gözünə soxurlar.