Kürdəxanıdan məktublar - 2

Bu yazı, Zaur Qurbanlının vəkilinə
əzbər şifahi danışması əsasında sonradan vəkil
tərəfindən yazı şəklinə salınmışdır.
Bu ölkədə indiki şəraitdə "hər şey ağ-qara deyil" demək ayıbdır. Bunu hiss etmək üçün həbs olunmağa ehtiyac olmasa da, həbsdə buna daha çox əmin olursan. Hər şeyin alqı-satqı obyektinə çevrilməsi insanları çox asanlıqla 2 qütbə bölür. Ya mənəvi dəyərlərin hamısının istisnasız satılmasına razı olanlardansan, ya da bununla razılaşmayanlardan. Yaponiya, Cənubi Koreya kimi ölkələr çoxdan sübut ediblər ki, maddi sərvət olmadan inkişaf etmək mümkündür. Buna görə də neftin və başqa maddi dəyərlərin satılması nə qədər ağır olsa da ən ağırı deyil. Problem mənəvi dəyərlərin alqı-satqı obyektinə çevrilməsindədir.


Rejim əlehinə mübarizə aparan insanlar çoxmilyonlu neytrallar dəstəsini başa salmaq üçün əziyyət çəkirlər. Çünki "bir qarın çörək" adlı maddi dəyər uğrunda bütün mənəvi dəyərlər satılır və ya satılmağa hazırdır.
Buna görə də hazırda rejim əlehinə mübarizə aparanları birləşdirən əsas məsələ mənəviyyatdır. Dindar, ziyalı, klassik müxalifət, yeni gənclər və digərləri daxil olmaqla mübarizə aparan hər kəs üçün vazkeçilməz bir şey var: BİZİM HƏR ŞEYİMİZ SATILIQ DEYİL. Yəni, "bir qarın çörək" uğrunda biz, bəzi mənəvi dəyərlər var ki, onlardan vaz keçməyəcəyik, əksinə, o çörəyi də, o qarını da ən azı ikinci plana atırıq. Ona görə bütün bu etirazçılar nə qədər bir-birilərindən fərqlənsələr də, onları birləşdirən bir məqsəd var - bu vazkeçilməz mənəvi dəyərlərini qoruya biləcəkləri və həm də hər kəsin öz dəyərini qoruya biləcəyi mühit yaratmaq. Bu mühitin adı demokratiyadır. Bu ölkənin dindarı da, ateisti də, klassik müxalifətçisi də, yeni aktivisti də demokratiyaya möhtacdır. Biz - dini heysiyyətini qoruyanlar, etiraz etməməyi ziyalı adına yaraşdırmayanlar, "gənclik"lə "etiraz"ı sinonim sayanlar, 25 ildir bu ölkənin azadlığı uğrunda mübarizə aparanlar - hamımız bir cəbhəyik. Qarşı tərəfdə isə hər bir hissin, hər bir insanın, hər bir göz yaşının, hər bir azadlıq yanğısının pul ekivalentinin olmasına qəti əmin olan və bunu bacardığı qədər tətbiq edən dağıdıcı talançılar ordusudur.
Bəli, mən bilirəm ki, dindarların son arzusu olan dövlət quruluşunda mən ya həbsdə, ya qəbirdə, ya da siyasi mühacirətdə olacam. Bəli, mən bilirəm ki, klassik müxalifət mühafizəkardır və müasir dövlət qura bilməz. Bəli, mən bilirəm ki, son 1-2 ildə ziyalılığı yada düşən alimlər vaxtilə yüzlərlə siyasi məhbusun mövcudluluğuna göz yumublar, bəziləri "ümumilli liderin uğurlu daxili və xarici siyasətini" dəstəkləyib. Lakin mən indi bu dindarlarla, müxalifətçilərlə, ziyalılarla bir cəbhədəyəm. Çünki mən onlarla uzaqbaşı rəqib olaram. Rəqiblər isə normal şərtlər altında mövcud olur. Ən adi və ilkin dəyərləri satanlar isə rəqib deyillər, düşməndirlər. Mən, rəqiblərimlə yarışa biləcəyim mühit yaratmaq üçün bu rejimə düşmənəm. Mənim üçün məni "kafir" adlandıran dindar ateist yap-çıdan daha doğmadır. Bizi vahid düşmənə qarşı mübarizə birləşdirir.
Azərbaycanın Bastiliyası olan Kürdəxanı Təcridxanasında yüzlərlə siyasi məhbus var və əksəriyyəti dindarlardır. Çoxu ictimaiyyət tərəfindən tanınmır. Amma burada təsadüfi rastlaşmalarımdan əmin oluram ki, onlar hər şeyini satan və ya hərraca qoyan yap-çılardan fərqləndiklərinə, nələrininsə satılıq olmadıqlarını iddia etdiklərinə görə burdadırlar. İndi dindarlı, klassikli, aktivistli filanlı - hamılıqla vahid düşmənə - rejimə qarşı sivil mübarizədə birləşmə zamanıdır ki, sonra bir-birimizlə sağlam rəqabət apara bilək.
Zaur Qurbanlı, 29 aprel 2013, Kürdəxanı

Comments