Kürdəxanıdan məktublar - 3

Son vaxtlar qanunvericilikdə ard-arda dəyişikliklər edilir, inzibati həbslər artırılır, internetə senzura tətbiq olunur, eləcə də şərləmələr (narkotik, xuliqanlıq və s.) davam edir. Mətbuatdan hər gün oxuduğunuz səbəbləri sadalamağıma ehtiyac yoxdur. Yəni bütün bunların rejimin qorxusunun rüsvayçı təzahürü, ölməkdə olan çürük sistemin son nəfəsləri olduğunu deməyə ehtiyac yoxdur.

Özünüz də anlayırsınız ki, əsas məqsəd gəncləri qorxutmaqdır. Nəbadə qorxu-hürküyə düşəsiniz. Həbs qorxulu bir şey deyil. Bunu sizə həbsdən deyirəm :) Kamera yoldaşlarım məndəki optimizmə təəccüblənirlər. Digər N!DA-çılar haqqında deyirlər ki, daim deyib-gülürlər, "eləbil 5 ildən 8 ilə qədər cəza bunları gözləmir". Bu optimizmimiz də əsassız deyil. Bizə edə biləcəkləri ən sonuncu cəzanı tətbiq edirlər, bununla da bizi susdura bilmirlər. N!DA-nın böyüməsinin qarşısını ala bilmirlər.



İlkin Rüstəmzadəni tutmurdular ki, onun agent olmasından şübhələnək. Amma nail ola bilmədilər və onu da tutdular. Onlar bizə hər sahədə məğlubdurlar.

Kürdəxanıya gələndən bir neçə gün sonra burdakı yüksək rütbəli zabitlərdən biri məni qəbul etdi. Mənimlə söhbətində oxuduğu kitabları, müəllifləri sayırdı, bildiklərini sadalayırdı, sübut etmək istəyirdi ki, bizim qədər bilir. Deyirdi ki, "biz sizdən savadsız deyilik, biz də vəziyyəti başa düşürük". Onda əmin oldum ki, bunların bizə nifrətlərinin kökündə yarımçılıq kompleksi durur. Bilirlər ki, hər sahədə bizə uduzurlar. Ona görə də qorxmağa dəyməz.

N!DA-çı olmaqla fəxr etmək pafos deyil, təbii hissdir. 2 ay həbs-filan bu hissin qabağında çox zəifdir. Biz bu hisslə 8 illik həbs hədəsini məğlub etmişik. Möhkəm olun! Qələbə yaxındır.

Zaur Qurbanlı, Kürdəxanı, 18.05.2013

Comments