Kürdəxanıdan məktublar - 4

Bu yazı, Zaur Qurbanlının vəkilinə əzbər şifahi danışması əsasında sonradan vəkil tərəfindən yazı şəklinə salınmışdır.
                                          “Sonuncu mogikan” yaşamalıdır"


Siyasi məhbuslara  “Yeni Müsavat” qəzeti verilir, “Azadlıq” qəzeti isə verilmir. Səbəb sadədir. Bir nazirin kurasiyasında olduğu deyilən “Yeni Müsavat"ın hakim ailə və onun ətrafını tənqid etməyə cəsarəti çatmır, hələ imkanı demirəm. ”Azadlıq” isə yeganə qəzetdir ki, Əli Kərimlidən başqa hər kəsin əleyhinə gedə bilər. Azərbaycanın fərdi fədakarlıqlarla, eyni zamanda kütləvi biganəliklərlə zəngin mətbuat tarixinin hazırkı “sonuncu mogikanı”  “Azadlıq” qəzetidir. Gənclərin, dindarların və digər siyasi məhbusların vəziyyətlərini eyni dərəcədə diqqətdə saxlamağa, balansı qorumağa çalışan yeganə qəzetimiz “Azadlıq"dır.



Adi müqayisə aparım: AGT-nın aktivisti İlkin Rüstəmzadə həbs ediləndə “Yeni Müsavat” bu xəbəri arxa səhifələrdən birində “İlhamə Brilyantı çimdiklədi” tipində xəbər kimi əhəmiyyətsiz və nəzərəçarpmaz mövqedə vermişdi. “Azadlıq” isə 3-cü səhifəsində İlkinin fotosuna “daimi sığınacaq” verdi.

“Yeni Müsavat” bağlanmaz, çünki rejimə sərf edir, “Azadlıq” isə bağlanma ərəfəsindədir. Bu, təkcə bir qəzetin bağlanması, gündəlik nəşrlərin 16 səhifə aşağı düşməsi deyil. Bu, o deməkdir ki, biz cümhuriyyətimizin vətəndaşları deyilik, o deməkdir ki, biz artıq Zərdabi, Məmmədquluzadə ənənələrini davam etdirə bilmərik; o deməkdir ki, Mətbuat azadlığı indeksində Türkmənistan və Şimali Koreyanı tutduğu mövqelərində sıxışdırılmaqda qərarlıyıq.

Bilirəm, bu sözlər fərd olaraq, bir qrup insanı narahat edir, xalq olaraq isə, vecimizə deyil. Cəlil Məmmədquluzadənin daşa basanlar, Sabiri acından öldürənlər, Elmar Hüseynovun qətlini “namus üstündə öldürülüb” şaiyəsinə yazanlar, gündə 40 qəpik qəzetə verməyib Manaf Ağayevin “toylar kralı” olması üçün 1 milyon səs göndərənlər sağdır və 90 %-mizdən çoxu elə bunlardan ibarətdir. Ona görə də “xalq” adlı amörf kütləyə müraciət etmirəm. Ümidim “Azadlıq”ın 10 minlik oxucusuna və internetdəki bir meçə minlik vicdanlı insanadır.

Artıq qəzet almaqla, hər gün 40 qəpik verməklə məsələ həll olunmur. İndi real yardımı göstərməliyik. Pulun azlığından utanmaq lazım deyil, azad və ləyaqətli mətbuatımızın “sonuncu mogikanı”nı bu hala salanlar utansın. Kimdənsə fədakar olmağı gözləmək olmaz, amma özündə azacıq vicdan olduğuna inanan insanlardan gözləmək lazımdır ki, 10 qəpik,20 qəpik, 3manat, 5 manat pul versinlər bu qəzetə. Bu, dilənçilik deyil, bu, Azərbaycan mətbuatının ölməməsi üçün dişi-dırnağı ilə mübarizə aparmaqdır.

“Azadlıq”ın işçiləri artıq maaşsız çalışırlar. Bunun nə demək olduğunu anlayan hər kəsin qəzetə yardım edəcəyinə inanıram. Mən bu işi maaşsız görən hər bir jurnalist və texniki işçi qarşısında baş əyirəm və bacardığım yardımı edəcəm. İndi əsas işimiz nəfəs almaqdır. Nəfəsimizin kəsilməməsi üçün “Azadlıq” yaşamalıdır.

Zaur Qurbanlı


28 may 2013

Bakı İstintaq Təcridxanası

Comments