Kürdəxanıdan məktublar - 6

Bu yazı, Zaur Qurbanlının vəkilinə əzbər şifahi danışması əsasında sonradan vəkil tərəfindən yazı şəklinə salınmışdır.






Darvin haqqında qısaca 


Əlbəttə ki, nəyinsə haqqında 100 cür şərh eşitməkdənsə , həmin şeyin özü ilə tanış olmaq yaxşıdır. Ona görə də əziyyətlə Bibliyanı, Quranı oxumağa çalışmışam. Haqqında ən çox uydurmalar deyilən kitablardan birini də nəhayət  bir neçə ay əvvəl türkiyə türkcəsində tapıb oxudum : “Çarlz Darvin “- “Növlərin mənşəyi” . Özü də lap vaxtında oxumuşammış. O günlərdə bir xanıma yaxından tamaşa eləmək şansım oldu. Xanım o qədər mükəmməl gözəlliyə malik idi ki, az qala Harun Yəhyavari Allaha inanacaqdım. Amma təbii seçmə haqqında Darvinin fikirlərini oxudum və xanımı qabağıma çıxartdığına görə təsadüflərə təşəkkür elədim.



      Darvin o qədər böyük elm adamıdır ki , onun ən azı “Növlərin mənşəyi”-ndə yazdığı  bir cümlə bütün Bibliyadan , Qurandan , Avestadan zaddan qiymətlidir. Əslində bu müqayisə qüsurludur. Çünki elmi kitablar təbiətdən qorxunun , insanın gerizəkalılığının və bunlardan sui-istifadənin üzərində yazılıb. ”Növlərin mənşəyi” isə təkcə bir fəslinin yazılması üçün müəllifin tonlarla göyərçin növünü illərlə bəsləyib çarpazlaşdırdığı , eyni zamanda İngiltərənin göyərçin saxlayan bütün klublarına üzv olduğu möhtəşəm əsərdir. ”Növlərin mənşəyi” bir dühanın 5 illik dünya səyahətindən sonra 10 illərlə üzərində işlədiyi inqilabi bir araşdırmadır.

    O əsərin əsas mövzusu  təbii seçmə və yaşamaq uğrunda mübarizənin təbiətdə əsas proses olması barədə nəzəriyyənin əsaslandırılmasıdır. Darvin əsl alim kimi öz fikirlərinin də sadəcə bir nəzəriyyə olduğunu , hətta öz nəzəriyyəsinə qarşı olan fikirləri kitabında qeyd etmiş,  öz əleyhinə olan nəzəriyyələrə hörmətlə yanaşmış,  bəzilərinin əleyhinə arqumentlərinin zəif olmasını etiraf etmişdir.Lakin bu etirafların təvazökarlığı XXI əsrin normal dünyagörüşlü adamında hörmətli  bir təbəssüm doğurur. Çünki təbii seçmə və yaşama uğrunda mübarizənin mövcud olması hazırda elmdə aksiomdur. Təsadüfi deyil ki, hazırda Darvinin əleyhinə çıxanlar elm adamı yox , mövhumat və cəhalətin sistemləşdirilmiş forması olan dinlərdir. Bu gerizəkalılığın ən həyasız formalarından biri olan Harun Yəhya isə özünü Darvinə qarşı Don-Kixot hesab edir yəqin. Mən Harun Yəhya ləqəbli Adnan Oktarın “ Quran möcüzələri” kitabını da oxumuşam.Elə onu oxuduğuma görə də Darvinin əsəri haqqında yazımda bu kitab və müəllifi barədə söz açdığım üçün Darvindən üzr istəyirəm. Darvinin kitabı necə yazması haqqında bir misal çəkdim (göyərçinlər). Başqasını da yazım : arıların mükəmməl altıbucaqlı formada pətək qurmasını araşdıran Darvin onlarla arı növünün pətək qurma prosesini hər gün saatlarla olmaq etibarilə aylarla izləmişdir(nəticədə aşkara çıxmışdır ki , Meksika arıları kürə formada pətək qururlar  və bu kürələr  təbii seçmə və təkamül nəticəsində getdikcə mükəmməlləşir: amma yazımda kitabı araşdırmayacam ) yaxud qarışaqların çoxalma qabiliyyətinə malik olmayan işçi fərdlərinin təkamül keçirdiyini sübut etmiş, bunun üçün onlarla qarışqa yuvasını 19-cu əsrin indiyə baxanda geridə qalmış texnologiyası vasitəsilə araşdırmışdır. İşçi qarışqalar üzərində çoxsaylı eksperiment keçirmişdir.

     Uzatmağa ehtiyac yoxdur,  Darvinin elmə gətirdiyi yenilikləri, kəşfləri , Sokratın fəlsəfəyə , Nyutonun fizikaya verdikləri ilə müqayisə oluna bilər. Siz dinlərə, bütlərə, tanrılara, hətta mollalara inana bilərsiz , amma Darvinə ilişməyə cəhd eləməyin, yoxsa gülməli duruma düşəcəksiz. Kütlə olmaq ayıb deyil , kütlədən olub elmlə, alimlə dirəşməyə cəhd göstərmək ayıbdı. Sonda Darvin əleyhinə gülməli iddia haqqında 2 cümlə yazım :

1) Darvin heç vaxt insanın meymundan yaranmasını  iddia etməyib.

2) Sosial Darvinizm nəzəriyyəsi yarananda Darvin hələ doğulmamışdı, adlanma sizi aldatmasın.

Zaur Qurbanlı.    

05.09.13 , Bakı İstintaq Təcridxanası

Comments