Kürdəxanıdan məktublar - 8

Bu yazı, Zaur Qurbanlının vəkilinə əzbər şifahi danışması əsasında sonradan vəkil tərəfindən yazı şəklinə salınmışdır
                                      Səviyyə söhbəti

Depressiyaya düşəndə 17 ölkəyə gedib sakitləşmək kimi bir xasiyyətim olmasa da, bir dəfə təsadfən ABŞda olmuşam. Onda da eşşək vurub cənnətə salmışdı, düşmüşdüm Mayamiyə. Amerika xalqının demokratiyaya layiq olmağından filandan danışanda təbii ki, özümüzün iyrəncliklərimizlə müqayisə edirdik. Bizdə camaatın böyük motorlu maşınlar alıb yüksək səsli musiqi ilə şəhərdə avaralanmasından danışaraq Mayamidə gəzirdik. Bir də gördük, bir zənci ( mədəni adamlar onlara afro-amerikalı deyirlər ) bir təkəri bizim maşınlar boyda olan “cip”də “toy kalonkaları” ilə şəhərdə yavaş yavaş gəzir.
Zənci repi qulağımızı deşirdi. Amerikada təhsil alan nəzarətçimiz dedi ki, “qaralar”dan bu, gözləniləndir. Məlum oldu ki, dünyanın model-demokratiyasını qurmuş xalq da belə eşşəklik edirmiş. “Gangnam Style” uğurunun zirvəsinə gedəndə anladım ki, ANS demiş, Castin Biber adlı bir uşağın  düşük bir klipinə 750 milyon dəfə baxılıbmış. Dediyim odur ki, bu məntiqdən baxanda amerikalılar da bizdən o qədər səviyyəli deyillər. Çünki kütlələr bir-birinə daha çox oxşayır nəinki siyasi rejimlər. Bizim heç bir təsnifata uyğun olmayan rejim kütlə olaraq, bu düşüklüyümüzü gözə soxur. Adi misala baxaq: ABŞ yeni “Boinq” təyyarə modeli ixtira edəndə bunu adi xəbər kim verirlər, əgər lap belə elmdə inqilab edən  modeldirsə, bu işin mütəxəsisləri toplaşıb 1-2 elmi çıxış irad edirlər. Bizdə isə amerikalılar üçün “PAZ” avtobus səviyyəsində bir “Boinq”i zurna-balabançılar, milli geyimli qızlar,  rəqqaslar, Oğuz elinin aşıqları qarşıladılar.Bizim hökumət bunu ona görə edir ki, “sübut eləsinlər” ki, biz kimik. TV-də bu kadrları nümayiş etdirməklə, sadəcə onu deyirlər ki, ey Azərbaycan əhli, siz busunuz. Texnoloji nailiyyətin qabağında yallı gedirsiniz, təyyarə görəndə saz çalırsız, Rastropoviçə muğam həsr edirsiniz. Bu qədər ibtidai adam çağdaş ola bilərmi, demokratiya qura bilərmi? Əlbəttə, yox. Kəsin səsinizi, oturun yerinizdə. Sizə bu hökumət də azdır hələ.
Amma Castin bəy Mayamidə qabağımıza çıxan Üzeyir Mehdizadə həvəskarı səviyyəsində zənci ilə birlikdə sübut edir ki, lazım gəlsə, Amerikada da “Boinq”i yallı ilə qarşılayanlar tapmaq olar. Sadəcə Amerikanın siyasi rejiminin siyasi iradəsi tapmaqdan yana deyil, düşük kütləyə azadlıq verməkdən yanadır ki, istəyən yalllı getsin, istəyən də, Bethovenə qulaq assın.
Bütün günü telekanalizasiyalarımızda manıslar ağalıq edirlər. O gün Toliki çağırmışdılar. “Səni axtarıram” verilişinə ki, ailə qurmaq və saxlamaq haqqında dəyərli məsləhətlərini dünya azərbaycanlıları ilə bölüşsün. ( “dünya azərbaycanlıları” da bir paz ifadədir ki, keçmişik. Sanki “merkuri azərbaycanlıları” da var). Əlbəttə, ABŞda manıslar xalqa həyat dərsi keçirlər. Fərqimiz ordadır ki, orda camaat öz təbii halına buraxılıb, bizdə isə zorla evimizə soxurlar. Təcrübə göstərir ki, xalqı başlı başına buraxanda neçə yüz milyon adamın manıslara biyət etməsinə baxmayaraq, inkişaf, tərəqqi , səviyyə də öz azlığını tapıb yüksəlir. Bizdə isə bu “azlığa” öz yerini tapmağa imkan verilmir, bütün vasitələr və dövlət aparatı səviyyəsizliyin təbliğinə, gözə soxulmasına istiqamətləndirilib. Məqsəd yuxarıda qeyd etdiyimdir: “ Buyurun, siz busunuz. Manaf Ağayevə 1 milyon səs göndərənlərsiz. Sizdən adam olmaz. Ona görə də sizi adam balası kimi idarə etmək olmaz”
Amma qeyd etdiyim kimi, inkişaf etmiş ölkələrin təcrübəsi- azadlıq veriləndə kütlənin əksəriyyətinin səviyyəsizliyə meyl etdiyi şəraitdə də tərəqqinin, mədəniyyətin özünə yol tapa bilməsi praktikası sübut edir ki,- biz başqa xalqlardan daha səviyyəsiz, demokratiya üçün nalayiq deyilik, bizi idarə edənlər səviyyəsizdirlər.
 Zaur Qurbanlı, Bakı İstintaq Təcridxanası.

Comments