Apr 14, 2013

Kürdəxanıdan məktublar - 1

Bu yazı, Zaur Qurbanlının vəkilinə əzbər şifahi danışması əsasında sonradan vəkil tərəfindən yazı şəklinə salınmışdır.
Yəqin böyük giriş vermək məcburiyyətində deyiləm. Bizi həbsdə ayaqda saxlayan nəsnələr barədə yazmaq istəyirəm. Ayaqda qalmaq çətindir burada. Çünki bəzən hər dəqiqəsi keçmək bilməyən müddətin illər olma ehtimalını nəzərə aldıqda bu çətinlik anlaşılar. Bu situasiya bizim üçün ona görə xüsusilə ağırdır ki, biz nəinki insanın təbii vəziyyəti olan azadlıqdan istifadə etmişik, həm də azadlığın başqaları üçün qazanılmasına da çalışmışıq. Su balıq üçün nədirsə, azadlıq insan üçün odur. Sadəcə insan balıqdan daha dözümlüdür. Biz suyun nə olmasını anlayan ( və ya digərlərindən anlamaq üçün daha çox səy göstərmiş) balıqlarıq. Məhz bu anlayış həqiqətə daha çox yaxınlaşmaq vəziyyətimizi, ayaqda qalmamızı çətinləşdirir. Amma dözmək olur. Çünki :
1) Biz müxtəlif cinayətlər törətmiş minlərlə insanın əhatəsindəyik. Burada bir neçə nəfəri amansızcasına öldürəndən, residivistdən tutmuş cibəgirənə qədər hər növ insan var. Yəqin ki, 90%-dən çoxu ali təhsildən məhrumdur. Onlar anlayırlar ki, siyasi məhbuslar cinayətkar deyillər. Ona görə də bizdən "oğru qaydaları"na uyğunlaşmaq başqalarından tələb olunduğu qədər gözlənilmir. ( Lakin istənilən hər bir halda mühit onlarındır, süni də olsa, uyğunlaşmağa məcburuq. )
2) "N!DA-çı" deyiləndə, yaxud "müxalifətçi" deyiləndə penitensiar xidmətin işçilərinə də aydın olur ki, məsələ nə yerdədir. Xüsusi sifariş olmasa, bizimlə mədəni davranırlar. Məsələn, mən karantində olarkən bir nəfər normal cinayətkarı yanıma saldılar. Yanıma gələn adam dedi ki, onlardan xahiş etdim ki, məni "salidni", oxumuş adamın yanına salsınlar. Dedilər, 5-ci kamerada ( mənim kameram idi) N!DA-çı var, salaq ora.