Jun 4, 2013

Kürdəxanıdan məktublar - 3

Son vaxtlar qanunvericilikdə ard-arda dəyişikliklər edilir, inzibati həbslər artırılır, internetə senzura tətbiq olunur, eləcə də şərləmələr (narkotik, xuliqanlıq və s.) davam edir. Mətbuatdan hər gün oxuduğunuz səbəbləri sadalamağıma ehtiyac yoxdur. Yəni bütün bunların rejimin qorxusunun rüsvayçı təzahürü, ölməkdə olan çürük sistemin son nəfəsləri olduğunu deməyə ehtiyac yoxdur.

Özünüz də anlayırsınız ki, əsas məqsəd gəncləri qorxutmaqdır. Nəbadə qorxu-hürküyə düşəsiniz. Həbs qorxulu bir şey deyil. Bunu sizə həbsdən deyirəm :) Kamera yoldaşlarım məndəki optimizmə təəccüblənirlər. Digər N!DA-çılar haqqında deyirlər ki, daim deyib-gülürlər, "eləbil 5 ildən 8 ilə qədər cəza bunları gözləmir". Bu optimizmimiz də əsassız deyil. Bizə edə biləcəkləri ən sonuncu cəzanı tətbiq edirlər, bununla da bizi susdura bilmirlər. N!DA-nın böyüməsinin qarşısını ala bilmirlər.