Aug 2, 2013

Kürdəxanıdan məktublar - 5

Bu yazı, Zaur Qurbanlının vəkilinə əzbər şifahi danışması əsasında sonradan vəkil tərəfindən yazı şəklinə salınmışdır.


Ən gənc siyasi məhbuslar ölkəsi
Məcid Mərcanlının həbsdən çıxma xəbərini eşidəndə yadıma bir sözü düşdü onun. Cabbar Savalanlı həbsdə idi. O vaxt o, dünyanın ən gənc siyasi məhbusu idi.Məcid onda ağlaya –ağlaya demişdi ki, “Ala, 19 yaş ee. Təsəvvür edirsən? 19 yaş.” İndi də gənc siyasi məhbuslar var. Təkcə “Azadlıq” qəzetində şəkli olanların 14-ü gəncdir. Hələ mən şəkli orda olmayan neçə-neçə əqidəli dindar qardaşımızı demirəm. Orda şəkli olanlardan biri Cabbarın rekordunu təzələyib: Şahin Novruzlunun 17 yaşı var. Onunla birgə tutulan Bəxtiyar Quliyevin 18, Məmməd Əzizovun 20 yaşı var. Yəqin gənc siyasi məhbusların yaş sıralamasında ilk üçlük Azərbaycana məxsusdur indi. Bu dəfə də mən vaxtilə Məcidin mənə dediyini sizə demək istəyirəm:”Ala, 17 yaş ee. Təsəvvür edirsiz? 17 yaş!” Həbsinə qədər “Nida”dan cəmi 2-3 nəfəri tanıyan Şahin 10 gün əvvəl mənə deyir ki, “Mən Nida ilə və nidaçı olmağımla qürur duyuram.” Bəs onun və digər siyasi məhbusların müdafiəsi üçün sizlər nə edirsiz? Bu, ittiham sualı deyil. Ritorik sual da deyil. Sadəcə düşünmək üçün sualdır. Xəbər mənbəyimiz cəmi 2 qəzetdir. Aylardır ki, o qəzetlərdə dünyanın ən gənc siyasi məhbusları haqda heç nə yazılmır. Qəzetlərin redaksiyalarını ittiham etmirəm.