Türkiyə niyə xilasdır? və ya Erdoğan niyə avtoritar sayılmalıdır? (III HİSSƏ)

Və bir sual da var ki, axı Türkiyə demokratik səsvermə keçirir?! Əgər bu səsvermənin nəticəsində AKP seçilirsə, seçicilərin əksəriyyəti şəriət dövləti və ya diktatura istəyirsə, artıq edilə biləcək bir iş qalmır axı?!

Bu, aldadıcı, populist mövqedir. Əvvəla, bilmək lazımdır ki, insanlar üçün ən azı bu zaman dilimində ali dəyər nədir və bu dəyərə çatmaq üçün vasitə nədir. Yəni bunları qarışdırmamaq lazımdır. Ali dəyər humanizm, insan rifahının təmini, ədalət ola bilər. Demokratiya isə ona çatmaq yolunda bir vasitədir. Səsvermə isə demokratiyaya çatmaq yolunda bir vasitədir. Yəni yuxarıdakı aldadıcı mövqeni səsləndirənlər və ya bölüşənlər ali dəyərin vasitəsinin vasitəsini ali dəyərin özü kimi sırımaq istəyirlər. Səsvermə təkbaşına bir dəyər deyil, dəyərin tərkib hissəsidir. Ona görə də səsvermənin nəticəsi dəyərə təhlükə yaradanda həmin dəyərin tərkibinə daxil olan başqa komponentlər tərəfindən mühakimə olunub zərərsizləşdirilməlidir. Başqa sözlə, demokratik yolla demokratiyanı devirmək olmaz. Demokratiya bu ali dəyərlərə çatmaq üçün əsas vasitədir. Hazırda Vatikan, Myanma (bu da son günlər dəyişdi), Səudiyyə Ərəbistanı və Bruneydən başqa Yer kürəsindəki bütün dövlətlər özlərini demokratik adlandırırlar.


Demokratiyanın vasitə olması terminoloji olaraq da ifadə edilib və artıq Avropa üçün keçilmiş bir mərhələdir. I Dünya müharibəsində aristokratik liberalizm sistemi süqut etdi. Ona görə də Versalda demokratik liberalizm yaradıldı. Demokratik liberalizmin də əsas tərkib hissələrindən biri liberal millətə tam suverenlik verməkdən ibarət idi. Xalq suverenliyinin qeyri-məhdudluğu prinsipi əsas tutulurdu. Nəticədə Hitler “vasitənin vasitəsi”ni – səsverməni dəyər kimi sırıyaraq, seçkidə qalib gəldi və xalq suverenliyinin qeyri-məhdud olduğunu əsas gətirərək, Almaniyada istədiyini qurmağa girişdi. Siyasi maraqlar bir yana, hüquqi cəhətdən də digər dövlətlər ona müdaxilə edə bilmədilər, çünki xalq suverendir, nə istəsə edər, kimi, hansı quruluşu istəsə, seçər.

Hitlerin elədiyi qələtlərin miqyası elə böyük oldu ki, demokratik liberalizm də süqut etdi və BMT-nin yaradılması ilə hibrid mexanizmə keçidə cəhd göstərildi. İnsan Hüquqları Bəyannaməsi, İnsan Hüquqları haqqında Paktlar və digər çoxsaylı sənədlər qəbul edildi. Dövlətlərin bu sənədlərdə qeyd edilən dəyərlərdən kənara çıxmaması tövsiyə olundu və ya öhdəlik kimi qoyuldu. Bu sistem istənildiyi kimi uğurlu olmadı, dövlətlərin hamısı dəyərlərə riayət etmir, amma bu, dəyərlərin insaniliyinə, məntiqinə şübhə salmır. Bir qrup insan səs verib bir manyakı başçı seçib ağzına gələni edə bilməz. Səsvermə hər şeyə bəraət qazandırmır, yaxud səsvermə legitimliyin yeganə vasitəsi deyil.

Dünyadakı demokratik və azad seçki olan ölkələrin statistikasına baxanda bilinir ki, seçə bilmək hələ demokratik olmaq, azad ölkə olmaq demək deyil. Freedom House hesab edir ki, dünyada 89 azad ölkə, 117 azad seçki olan ölkə var. Bu iki xəritədən (mənbə en.wikipedia) görə bilərik ki, azad seçkisi olan ölkədə demokratiyanın səviyyəsi çox aşağı ola bilər.




Əslində vətəndaş cəmiyyəti də buna görə yaradılıb. Fikir verin, vətəndaş cəmiyyəti daha çox demokratiya olan ölkələrdə güclüdür. Niyə? Çünki demokratik hökuməti məhdudlaşdıran vasitə kimi nəzərdə tutulub. Yəni kütlə kütlüyünə salıb axmağın birinə səs versə, o axmağı məhdudlaşdırmağa bir institut, qüvvə lazımdır. Bu da vətəndaş cəmiyyətidir. Yaxud fikir verin, səsvermənin nəticəsinə istinad edən, onu əlində bayraq tutan avtoritar liderlər vətəndaş cəmiyyətini həmişə məhv etməyə çalışıblar. Çünki vətəndaş cəmiyyəti toplumun zərdabıdır, öz səs verdiyi adamın və ya adamların zəhərinə qarşı toplumu qoruya bilir. Başqa sözlə desəm, səsvermənin demokratiyanı pozması ehtimalı o qədər böyükdür ki, nəhəng bir institut – vətəndaş cəmiyyəti bu ehtimalın qarşısında durmaqla məşğuldur.


Erdoğan səs yığa bilər, amma demokratik ola bilməz. O, hətta 100% səs yığsa da, bu, Türkiyədə demokratiyanın qələbəsi demək olmayacaq. Çünki demokratiya yalnız səsvermə demək deyil. Demokratiyanı NATO-nun təkidi ilə mərkəzdən də qurmaq olar. Eyni zamanda avtoritarizmi də səsvermə ilə qurmaq olar. Hər ikisi dəfələrlə sübut olunub. İnsan hüquq və azadlıqlarının aliliyinə hörmətsizlik edən, xüsusən də, bu hörmətsizlik üçün utanmadan bir hüquqdan – səs hüququndan yapışan adam diktatordur və ya diktator olmaq istəyir. Yəni AKP seçkidə qalib gəlsə də, Erdoğan avtoritardır. İnsanlar niyyətlərinə görə qiymətləndirilirlər, təbii, əgər niyyəti müəyyən etmək mümkünsə. Erdoğan isə niyyətini çoxdan faş edib.

Comments