Apr 28, 2015

Liberal çıxış yolu

Liberal olsam da, “Real”ı müdafiə etmək kimi bir öhdəliyim yoxdur. Nicat Qarayevin dəyərli yazısını oxuyandan sonra sadəcə fikirlərimi bölüşmək qərarına gəldim.

Düzü, yazının əvvəlindəki ümumi böyük giriş məni daha çox vadar etdi bunu yazmağa, amma “Real” haqqında da nələrsə yazmaq ehtiyacı hiss elədim. “Real”ı xeyli tənqid edə bilərəm, bunu haqq ediblər, deyə düşünürəm. Sadəcə Nicatın yazısı ətrafında yazdığıma görə “Real” haqqındakı bütün fikirlərimi burda yazmaq fikrim yoxdur.

Mən düşünürəm ki, “Real” son məqsəd olaraq, liberal, daha çox klassik liberalizmə yaxınlaşmaq istəyən bir qrup kimi görünür. Sadəcə bu son məqsədə çatmaq üçün keçəcəkləri yolu hələ müəyyən etməyiblər, ya da müəyyən ediblər, sadəcə camaata fərqli üsulla çatdırmaq istəyirlər. Biri deyir, sağ avtoritarizm, biri deyir, dövlətsizləşdirmə, biri deyir, millətçilik və s.. Xalqımız həddən artıq praqmatik olduğundan onların nazı ilə necə oynamağı düşünüb tapmaq çox çətindir, xüsusən də, pulsuzsansa. “Real”çılarda isə nə bu repressiv şəraitdə xalqa çatımı təmin edəcək pul var, nə də kütlə ilə işləməyi mükəmməl bacaran baş (görünən budur).