May 3, 2015

Rəşad – gəncliyini türmədə tərk edənlər


Hekayəsi olan şeylər gözəldir. “Rodriqonun gitara konserti” mahnısının hekayəsi var. Deyirlər, Deniz Gezmiş asılanda bu mahnını istəyib son arzu kimi. Mahnıya qulaq asanda adamın keçdiyi həyat yolu yadına düşür. Bu həyat yolunda böyük adamlar gözə dəyir. Bəziləri hələ də həyatındadır. Məsələn, Rəşad dərhal dəydi gözümə. Ad günüdür deyə.

Artıq mübarizə adamları gəncliyini türmədə tərk edir. Rəşad da 29-u yola saldı. Düzdür, beyin hər zaman gənc qalacaq, bəlkə də. Amma biz fiziki, bioloji varlıqlarıq. Bədən öz sözünü deyir. Türmələrdə, betonların, barmaqlıqların arasında illərimizi oğurlayırlar, xərcləyirlər.

Rəşadın da hekayəsi var. Onun hekayəsi bu ölkədə hər kəsin mübarizəyə qoşulmasına əsasdır. Rəşad riyaziyyatçıdır. ODTÜ-nü qurtarıb. Riyaziyyat sahəsində elmi işlərlə məşğul olmaq istəyir. Amma deyir ki, ölkədəki durum imkan vermir. Bu vəziyyəti dəyişmək lazımdır ki, istədiyinlə də rahat məşğul olasan. Yoxsa sənin yanında insan hüquqları tapdalana, sən daxil olmaqla milyonlarla vətəndaş adam yerinə qoyulmaya, sən də durub professor-filan adı alasan.