Nov 13, 2015

Türkiyə niyə xilasdır? və ya Erdoğan niyə avtoritar sayılmalıdır? (III HİSSƏ)

Və bir sual da var ki, axı Türkiyə demokratik səsvermə keçirir?! Əgər bu səsvermənin nəticəsində AKP seçilirsə, seçicilərin əksəriyyəti şəriət dövləti və ya diktatura istəyirsə, artıq edilə biləcək bir iş qalmır axı?!

Bu, aldadıcı, populist mövqedir. Əvvəla, bilmək lazımdır ki, insanlar üçün ən azı bu zaman dilimində ali dəyər nədir və bu dəyərə çatmaq üçün vasitə nədir. Yəni bunları qarışdırmamaq lazımdır. Ali dəyər humanizm, insan rifahının təmini, ədalət ola bilər. Demokratiya isə ona çatmaq yolunda bir vasitədir. Səsvermə isə demokratiyaya çatmaq yolunda bir vasitədir. Yəni yuxarıdakı aldadıcı mövqeni səsləndirənlər və ya bölüşənlər ali dəyərin vasitəsinin vasitəsini ali dəyərin özü kimi sırımaq istəyirlər. Səsvermə təkbaşına bir dəyər deyil, dəyərin tərkib hissəsidir. Ona görə də səsvermənin nəticəsi dəyərə təhlükə yaradanda həmin dəyərin tərkibinə daxil olan başqa komponentlər tərəfindən mühakimə olunub zərərsizləşdirilməlidir. Başqa sözlə, demokratik yolla demokratiyanı devirmək olmaz. Demokratiya bu ali dəyərlərə çatmaq üçün əsas vasitədir. Hazırda Vatikan, Myanma (bu da son günlər dəyişdi), Səudiyyə Ərəbistanı və Bruneydən başqa Yer kürəsindəki bütün dövlətlər özlərini demokratik adlandırırlar.

Nov 11, 2015

Türkiyə niyə xilasdır? və ya Erdoğan niyə avtoritar sayılmalıdır? (II HİSSƏ)

Türkiyə yeganə ölkədir ki, aborigenlər işğalçıların məcburetməsi olmadan demokratiya qura biliblər. Bunun üçün cümhuriyyəti quran Atatürk olub, demokratiyanı tələb edən NATO olub – hər nə olubsa, axır ki, demokratiya qurulub. Türkiyədə demokratik seçki, Şərqə nisbətdə xeyli azad mətbuat və müstəqil məhkəmələr var.

Bu 3 şey elə bir nemətdir ki, bununla Erdoğan kimi diktatura meylli, iddiası özündən böyük və on milyonlarla seçici dəstəyi olan bir adamın qabağını almaq olar.

Şərq despotlarının Erdoğan qədər nüfuzu yoxdur. Onlar demokratik səsverməni dərhal uduzarlar. Elə ona görə də demokratik səsverməyə getmirlər. Erdoğan demokrat deyil, sadəcə Türkiyə 7 iyunda Erdoğan üzərində qələbə çala bilmişdi. Min təəssüf ki, bu qələbənin ardı gəlmədi. Çünki demokratlar onların düşmənləri qədər rəzil deyillər. Bəs niyə buna təəssüflənirəm?

Nov 9, 2015

Türkiyə niyə xilasdır? və ya Erdoğan niyə avtoritar sayılmalıdır? (I HİSSƏ)

Türkiyədə baş verənlər ürəyimizi ağrıdır. Amma məsələ bu qədər sentimental deyil. Türk olmasa idik də, bu məsələ ürəyimizi ağrıtmalı idi, çünki bir azdan buna görə başımız ağrıyacaq. Bəs niyə Türkiyə?

Türkiyə həm yerləşdiyi yerə, həm də tarixi inkişafına görə çox unikal ölkədir. İranla Türkiyəni xeyli cəhətlər birləşdirir. Amma İranın Atatürkü olmayıb. İran Qərb işğalına müqavimətdə daha uğursuz olub. 1925-də sonuncu Qacar şahı Əhməd şah ölkənin İngiltərə və Rusiya təsir dairələrinə bölünməsinə razı olmadığına görə devrildi (bu təklifə cavab olaraq, “ondansa gedib Parisdə ləbləbi (çuğundur) sataram” demişdi). İran haqqında hələ də deyilir ki, İngiltərə və Rusiya təsir dairələri qüvvədədir. Ona görə də İrandan heç vaxt ciddi şəkildə NATO-ya girmə, eləcə də demokratikləşmə tələbləri olmayıb.