“Cinayətkarın fotoları”



Yəqin görmüsünüz, Amerikada məhkəmələrdən fotolar yox, əllə çəkilən rəsmlər paylaşılır. Səbəbi təqsirsizlik prezumpsiyasıdır. Düzdür, 2014-dən etibarən məhkəmədən foto çəkməyə icazə var, amma təqsirsizlik prezumpsiyası hüququ yenə də qorunur. İnsan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan cinayətkar adlandırıla, belə təqdim oluna, xüsusən də, kütləvi informasiya vasitələrində adı "cinayətkar" kimi hallandırıla bilməz. Çünki istintaqın, məhkəmənin gedişində heç kim bilə bilməz ki, hökm necə olacaq. Bəraət alma ehtimalı daxil olmaqla, çoxlu ehtimallar var. Bir insanı cinayətkar adlandırmaqla, onun nüfuzunu zədələyə, karyerasını məhv edə, həyatını zəhərə döndərə, intihara səbəb ola bilərsiniz, halbuki o adam, bəlkə də, cinayətkar deyil. İndi cinayətkar adlandıraraq, həyatını korladığınız insan sabah təqsirsiz hesab olunsa, ona vurduğunuz ziyanı aradan qaldıra bilməyəcəksiniz.


Əlbəttə, mövzumu yadıma salan bizim KİV-lərin əxlaqsızlığıdır. Adətən ifadə azadlığının məhdudlaşdırılmasının əleyhinəyəm. Amma insanın təməl hüquqları tapdalanmamalıdır. Yenə saytlarda "anasını öldürən qızın fotoları" adlı xəbərlər gedir. O qadının anasını öldürüb-öldürmədiyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən sonra məlum olacaq. Bir insanın təqsirkar sayılması üçün ibtidai istintaq, məhkəmə baxışı, apelyasiya, kassasiya şikayətləri və s. nəzərdə tutulub. Bu qədər prosedur ona görədir ki, insanı mühakimə etmək çox ağır bir işdir. O qədər ağırdır ki, dinlər bu işi allaha tapşırır.



Deyə bilərsiniz ki, bizdə əslində məhkəmələr yoxdur, məhkəmə adlandırılan qurumlar var ki, sifarişlə, rüşvətlə işləyir. Bu, heç də kimisə təqsirinin olub-olmadığını bilmədən cinayətkar adlandırmağa haqq qazandırmır. Bu, əksinə, Azərbaycan məhkəmələrinin qərarlarından sonra da kiməsə cinayətkar deməyi çətinləşdirir, nəinki məhkəmədən əvvəl. Deməli, məhkəmənin qanuni qüvvəyə mindiyi apelyasiya instansiyasının qərarını yox, ən azı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını gözləməliyik ki, kimisə cinayətkar adlandıraq.


İndi bəzi adamlar iddia edirlər ki, artıq mühakiməni də ediblər, cəzanı da veriblər, hətta cəlladlıq da edirlər - adama ziyan vurmaqla məşğuldurlar. Sabah o qadın təqsirsiz olsa, o saytlar o xanımın nüfuzuna, şəxsiyyətinə vurduqları ziyanı aradan qaldıra biləcəklərmi? Heç cəhd də etməyəcəklər. Çünki indiyə qədər belə cəhd görünməyib. Lap cəhd edilsə də, alınmayacaq. Sən indi yaydığın xəbəri oxuyan adamların daha sonra yayacağın təkzib xəbərini oxuyacağını təmin edə bilməzsən, əvvəlki xəbəri oxuyanların, onların bu informasiyanı paylaşdıqları adamların hamısının fikirlərini dəyişə bilməzsən.


Üstəlik, qadının bu xəbər yayanların öz aləmlərində ehtiraslı olan fotoları paylaşılır ki, xəbər daha çox oxunsun. Bu, əxlaqsızlığın, vəhşiliyin yüksək formasıdır. Başqasının hüququnu (təqsirsizlik prezumpsiyası hüququ), şəxsi həyatını tapdalamaq hesabına "klik" sayı artırmaq, bununla pul qazanmaq məhkəmədə üzə durub pul qazanmaq kimi, bəlkə ondan da şərəfsiz, əxlaqsız işdir.


P.S. Cinayətklar olmaq bəzən ayıb deyil, amma insanın layiq olmadığı şəkildə nüfuzunu zədələmək, pul qazanmaq məqsədilə başqasının hüququnu tapdalamaq, şəxsi həyatına hörmət etməmək həmişə ayıbdır.

Comments