Daha çox Qərbli olmaq

Bir müddət əvvəl Vaclav Havelin qəbrinə getmişdim. Çox da təmtərağı olmayan qəbirdir. Hər iki arvadı da yanındadır. Yanımızda çexlər də var idi. Çexlərdən biri danışdı. Dedi, dissident olub, prezident olub, mübarizə aparıb və s..

Belə qulaq asa-asa ətrafıma baxırdım. Gözəl şəraiti var dövlətin. Sənayesi, infrastrukturu, mədəniyyəti... Halbuki onlar da vaxtilə bizlə eyni sistemin içində olublar. Sadəcə indi demokratiyanın sərhədləri daxilindədirlər, bizsə o sərhədlərdən çöldə (halbuki sərhəd Qazaxdan, Balakəndən keçir).

Fikirləşdim ki, əgər onların bu cür gözəl cəmiyyət qurmasında əsas səbəbkar Haveldirsə, bəs niyə bizdə o əjdahadan yoxdur?! Amma bizim Haveli də tapdım – Elçibəy. “Elçibəy bizim Havelimizdir” fikrinə etiraz edən razılaşandan çox olar. Amma fikirləşdim ki, axı nədir fərq? Kim nəyi etməyib ki, o biri edib?

Fikirləşdim, fikirləşdim, tapdım. Fərq uğurdadır. Elçibəy uduzub, Havel yox. Vəssalam. Mən nəticə etibarilə başqa fərq tapa bilmədim. (Çünki hesab edirəm ki, Elçibəyin niyyəti bəd olmayıb). Bilmirəm, Havelin əleyhinə Brnoda qiyam olsa idi, o, Praqadan qaçardı, ya yox. Yaxud bizdə Surət Hüseynov qiyamı olmasa idi, nələr olardı. Əslində şəxsiyyətin subyektiv tərəflərinə girmədən analoji vəziyyəti biz Çexoslovakiyada da görmüşük. 1968-də Dubçek havellik, elçibəylik etmək istəyirdi. Bacarmadı, çünki o vaxt demokratiyanın sərhədi Çexiyanın şimalından, qərbindən, cənubundan keçirdi. Amma çexlər o sərhədlərin daxilində deyildilər. O vaxt Dubçekin yerində Havel də olsa idi, 1968 Praqa baharının nəticəsi dəyişməyəcəkdi.


Qətiyyən konspiroloji düşünmürəm. Real düşündüyümü hesab edirəm. Biz Rusiyaya güzəşt olunduqca, bütün elçibəylərimiz luzer olacaq. İnanıram ki, əksər ölkələrin Haveli olub. Bunların da əksəriyyəti uduzub. Məhz uduzduqlarına görə onları tanımırıq. Biz Haveli, Valensanı, Atatürkü, Vaşinqtonu, Helmut Kolu... tanıyırıq, çünki uğurlu olublar. Amma demokratik dəyərlərin hələ ki qalib gələ bilmədiyi ölkələrdə yüzlərlə bu kimi insanı tanımırıq, ona görə yox ki, onların belə insanları yoxdur, ona görə ki, onlar uduzublar. Kütlə məğlubları sevmir.

Lakin bu, o demək deyil ki, oturub gözləməliyik ki, nə vaxt dəyişiklik özü gəlib bizə çatacaq. Belə olan halda heç vaxt çatmayacaq. İndi dünyada sivilizasion şəkillənmə daha sürətlə gedir. Qlobalizasiyanın qara dəlik funksiyası güclənib, hər şeyi udur. Amma udulanlar arasında fərqlər qalacaq. Toplumların bir-birindən fərqi onların bəşəri dəyərlərdən yerləşmə məsafələridir və bu meyar get-gedə güclənəcək. Bu dəyərlərə gec çatanlar onları tez çatanlardan daha pis mənimsəyəcək (Koreya kimi istisnalar azdır). Biz hətta nə vaxtsa Avropa Birliyinə girsək də, gürcülərdən geri olacağıq. Çünki ortada vaxt məsələsi var. Biz zamanı geri qaytara bilmərik. Necə ki, gürcülər Avropa Şurasına 1999-da girmişdilər, biz 2001-də. Bu 2 illik fərqin axırı o oldu ki, indi onların üzü Avropa Birliyinədir, biz isə Nardarana girişə icazəni gözləyirik.

Yəni dünyanın gedişi əvvəl-axır bəşəri dəyərlərin qələbəsinədir. Hamımız tez və ya gec Qərb olacağıq. Sadəcə tez gedənlər daha artıq Qərb olacaqlar. Hər şeyi də bu “daha az” və ya “daha çox” olmaq məsələsi həll edir.

Comments