ƏFV ƏRİZƏSİ



Salam, Maqa. 3 ilin tamam olur, dedim, məktub yazım yenə))

Yadındadır, Kürdəxanının qabağında çıxan gün müsahibə vermişdim. Hələ də deyirlər, cəsarətli müsahibədir. Halbuki orda dediklərimi biz heç nə sayardıq. Yəni bu qədər ölüb ölkə. Heç nəyi cəsarət sayırlar. Elə ona görə də “heç kim”lər cəsur, qəhrəman olub.

Nə isə əşi. Sənə bu maraqlı olmaz məncə. Gəlim sizə. Sizə olan marağa, diqqətə. Yəni əslində, demək olar ki, olmayan şeylərə. Aztv demiş, burda həm obyektiv, həm də subyektiv səbəblər var. Obyektiv səbəblər heç. Repressiya artıb, ölkə Özbəkistana dönüb, siyasi məhbusların sayı yeni rekordlar vurur, hər ay tutulan olur və s..

Amma məncə sizə də maraqlı olan subyektiv səbəblərdir. Bu xalq filan şeyə layiqdir-zad demirəm. Xalqı qoyaq qırağa. Bu ictimai sektor var haa. Onlar bizim ümidlərimizi doğrultmadılar. Yanına gələnlərdən soruş, gör, neçə nəfər zəng edib maraqlanır sizlə. Həftədə demirəm, ayda neçə nəfərdir, onu soruş. 2 rəqəmli ədəd olsa, mən təəccüblənərəm.

Siz artıq köhnə dustaqlarsınız. Düzdür, heç yenilərə də maraq göstərən yoxdur, demək olar. Artıq həbslər də rutin hala gəlib. Amma sizə “köhnə dustaq” deyib sizinlə maraqlanmamaqlarına haqq qazandıranlar çoxdur, lap çox. Guya belə də olmalı imiş. Proses elə ölüb ki, deyiləsi deyil. Amma prosesin ölməsindən sui-istifadə edib özünü ölülüyə vuranların əlindən addım atmaq çətinləşib, “leşləri” əl-ayağa ilişir.


Keçən il bizim avropalı yoldaşlardan biri dedi ki, siyasi məhbuslardan ağır vəziyyətdə olanların ailələrinə Avropadakı azərbaycanlı fəallardan pul yığaq, aybaay göndərək. Yəni məcbur deyil, 100 dollar versinlər. 10 olsun, 20 olsun, amma hər ay verilsin. “Hər ay” ee, ümidə bax, sevgilim. Çoxu imtina etdi, bir hissəsi elə razılaşdı, hiss olunurdu ki, onlardan bir qəpik də almaq olmayacaq. Birinin aylıq gəliri azı 5 rəqəmli ədədlə ifadə olunurdu, elə imtina etdi ki, bir də ağız aça bilinməsin. Nə isə, bir hissə razılaşdı, ümid onlara idi. Pulu ölkəyə gətirmək və qanuni qeydiyyatını aparmaq variantı da tapıldı, hər şeyi həll olundu.

Bilirsən, nə qədər pul yığıldı? “Yığılmaq” felinin xətrinə dəydim, üzr istəyirəm. Cəmi bir nəfər cəmi bir dəfə 50 avro verdi. Yazdıqca “Yol əhvalatı”nda deyildiyi kimi, özüm ölüm, məni bir gic gülmək tutur. 1 nəfər. 1 dəfə. Avropa. Azərbaycan qaçqınları, tələbələri, işləyənləri. Azı 15 nəfərdən çıxan səs – 50 avro. 9 ay gözlənildi. Bu gəldi. Gözləmək deyəndə, elə indi də göndərə bilərlər, amma kimdi ee göndərən))

Budur vəziyyət. Uğursuzluğa uğramış xalqın uduzmuş hərakatı. Sizlə maraqlanmırlarsa, bunu dərd eləməyin. Sevinin ki, sizi bu ictimai sektor söymür. Hərdən Ahmet Kayadan-zaddan mahnı paylaşıb ağlaşırıq. Vəssalam. Hə, üzr istəyirəm, bir də toylarda “Reşo” mahnısını xorla oxuyub sərxoş-sərxoş yellənirik. Toyda “Reşo” mahnısını və Nidanın himnini çaldıra bilmək qəhrəmanlıq sayılır. Bunu edəndə elə bil, Fəvvarələr Meydanını “occupy” eləmişik kimi hisslər keçiririk.

Siz orda neynirsiniz, biz burda neynirik?! Fərq elədir ki, müqayisəyə gəlmir ee. Sağlığınıza çoxlu-çoxlu içirik. Pəh. Arağın, çaxırın, pivənin sayı yoxdur. Toplasan, hər ay ailələrinizin sizin yanınıza gəlmə xərclərini ödəyərik. Amma biz içirik, işəyirik, içirik, işəyirik, içirik, işəyirik, içirik, işəyirik, içirik, işəyirik...

Amma bu içib-işəmə prosedurasında da diqqətliyik haa. Sizə qarşı hər tərəfdən məhdudiyyət tətbiq etməliyik. Birdən vicdanımız bizi narahat edər. Deməli, bir gün Ümid Xəzərin “Qaçış” kitabının təqdimatı idi. Pub-da yenə içə-içə kitab təqdim edirdik. Deməli, bu pub – Le Chato (adı fransızcadır, bilmirəm necə yazılır, ama hamı “leşato” deyir) ictimai sektordan bir yoldaşındır. Ona görə də orda hər gün konkret bir kontingent olur. Yəni 3 aşağı, 5 yuxarı eyni adamlar hər gün ordadırlar. Özü də bizim uşaqlar. Hər gün öpüşüb-görüşdüklərimiz. Kitabın təqdimat partisində isə bu kontingentdən, demək olar ki, kimsə gəlmədi. Səbəb? Ümid Xəzər onların xoşuna gəlməyən söz deyibmiş. Halbuki “Qaçış” Məmməd Əzizova həsr olunub və əldə olunan gəlir də Ömər Məmmədovun ailəsinə veriləcək.

Bəli, Maqa (və Ömər). Bunlar event-də elan olunmuşdu. Hörmətli kontingent bunu bilirdi. Amma Nidadan qovulmuş adamın partisinə getmək olmaz axı. Vicdana, yola, əqidəyə xəyanət olar. Ömərin ailəsi pul qazanar, Məmmədin-zadın adı gündəmə gələr – yox əşi, nə danışırsan?! Bunlar o birinin qabağında boş şeydir. Əsas odur ki, xalxın vicdanı sakit olsun. Boykot eləmək lazımdır belə əclafın kitabını.

Belə, qardaş. Vəziyyət budur. Elə bilirsən, kədərlənəcəksiniz deyə yazmırıq sizə bunları, demirik?! Yox ee, sadəcə eşşəkliyimizdən, sizi unutduğumuzdan yazmırıq, demirik, ailələrinizlə kövrələndə əlaqə saxlayırıq ki, özümüzü ovudaq. Biz sizi ovutmaq üçün nəsə etmirik, özümüzü ovuduruq. Heş zad. Hamımız da dəhşət deyib-gülən olmuşuq. Fb-da, tvitterdə zarafatın biri 5 qəpiyədir. Divaraişəyən olub zarafatlar, yiyə duran yoxdur. Hər şeylə məzələnirlər. Faciədən tutmuş ciddi tədbirlərə qədər. Düşük Hollivud kinolarındakı pis qəhrəmanların əks-səda verən “ha-ha-ha” gülüşləri var ee. Elə bil, onların sədaları altında yaşayırıq. Hamı ağlını itirənə qədər gülür.

Bağışla bizi. Bağışlaya bilsən. Layiq deyilik bu əfvə. Amma bağışlamaq əslində layiq olmayanları bağışlamaqdır, layiq olanları bağışlamağa nə var ki. Bu, mənim əfv ərizəmdir. Lütfən, bağışla ki, azadlıqsızlığınız qarşısında bu qədər acizəm. İndi sənin şəklini görənlər “bu da tutulub?”, “bu oğlanı da döyüblər?”, “bu gözəllikdə oğlanı döymək olar?” yazırlar. Sən Maqa idin, indi “bu”, “bu oğlan”, “bu kimdir?”, “məlumatlandırın xahiş edirəm” olmusan.


P.S. “Qaçış” romanı partidə cəmi 10 dənə satıldı. 2 nəfər də imza istədi. Lap “avropalılar”ın yığdıqları pula oxşadı))

Comments