May 13, 2016

“Bioqrafiya bir dəfə yazılır”



Ölkənin bioqrafiyasına çox şey yazılır, daha parlaq görünənləri isə, adətən gənclər yazır. Çünki onlar emosionaldırlar, inanırlar, ümid doludurlar. Onların cəsarət nümunələri tarixdə qalır və tarixi bazaya əlavə olunur. Daron Acemoglu (Daron Acemoğlu) və James Robinson (Ceyms Robinson) bunu “historical contingent” adlandırır və qeyd edirlər ki, ölkənin dəyişməsində bunun böyük rolu var.

Hardan yadıma düşdü?! O gün 2007-ci ildə çəkilmiş “Xatın” filminə baxdım. 1939-da SSRİ və Hitler Almaniyası müttəfiq olub Polşanı işğal edəndən sonra SSRİ-nin polyak zabitləri kütləvi məhv etməsi haqqındadır. Təxminən 22.000 nəfər öldürülüb.

Düzü, mən gözləyirdim ki, qırğın kadrlarına baxım. Amma məhz bu kadrlar sonda 10-15 dəqiqə oldu. Bu kadrlara qədər film xronoloji ardıcıllıqla gedirdi və 1941-dən 1943-ə keçid edəndə heyfsləndim ki, qırğını görməyəcəm. Amma daha maraqlı şeylər gördüm.

İnsanların necə satılmasını, alçalmasını, yaşamaq uğrunda mübarizənin bütün dəyərləri tapdalaya bilməsini görmək olar filmdə. Əlbəttə, bunları başqa filmlər, bəlkə də, daha yaxşı yaradıb. Məsələn, “Pianoçu” filmində bir səhnə var: gettoda 2 yəhudi – bir qoca qadın və bir oğlan bir qab yemək uğrunda dalaşırlar. Yemək dağılır. Oğlan diz üstə dayanıb yeməyi yerdən yalamağa başlayır. Qadın ona baxır, əyilir və ağlaya-ağlaya əllərini oğlanın başına döyəcləyir. Mən heyvani hisslərin bütün insani dəyərləri tapdalamsına bundan yaxşı nümunə görməmişəm.


“Xatın”da isə başqa orijinal səhnələr var. Orada sadəlövh yeniyetmə oğlan surəti var. Müharibədən sonra Krakova gəlib texnikuma girmək istəyir. O, həmişə hesab edib ki, Xatın faciəsini ruslar törədib. Amma artıq Polşa SSRİ-nin təsir dairəsindədir və təbliğat bu yöndədir ki, Xatını almanlar törədib. Meyitlər üzərində işləyən alimlər televizorda deyirlər ki, meyitlərin analizi göstərir ki, qətliam 1941-dən əvvəl törədilə bilməzdi. Amma sadəlövh oğlan texnikuma qəbul ərizəsində atasının ölüm səbəbi kimi ruslar tərəfindən Xatında qətl edildiyini yazır. Digər Xatın qurbanının bacısı isə texnikum müdiri olur və oğlanı bunu yazmamağa inandırmaq istəyir. Deyir ki, “Polşa bir də heç vaxt azad olmayacaq. Sən bioqrafiyanı dəyiş.” Oğlan isə otaqdan çıxır və çıxanda deyir: “Bioqrafiya bir dəfə yazılır”.

Məsələ elə bundadır. Ölkənin də bioqrafiyası bir dəfə yazılır. “1984” əsərindəki baş qəhrəmanın işlədiyi yeri xatırlayırsınız yəqin. Tarixi yenidən yazırdılar, bütün sənədlər saxtalaşdırılırdı. Sosialist Polşasında da elə idi. Xatın qatillərinin adları, milliyətləri fərqli yazılır, həqiqəti bilənlər isə yalan danışmağa məcbur edilirdilər. texnikum direktorunun bacısı öz qətlə yetirilmiş qardaşına başdaşı hazırlayır və orada yazdırır ki, onu sovetlər öldürüblər. Təbii, daşı qoydura bilmir, həbs edirlər, daşı sındırırlar. Amma o daşın qəbirə qədər aparılması Polşanın tarixində qaldı.

Söhbət məhz o hadisənin real tarixi fakt olmasından getmir. O daş həqiqətin özüdür. Ağır, təhlükəli. Amma kimlərsə onu daşıyır, yerə düşüb qırılanda tarixdə qalır ki, həqiqət filan vaxt filan yerdə sındırıldı.

Kağızları, xəritələri, hətta insanların beyinlərini dəyişmək olar. Zaman maşını ixtira olunsa, gələcəyə gedilə biləcək, çünki işıq sürətinə yaxın sürətdə zaman yavaşlayır. Amma keçmişə qayıtmaq, keçmişi dəyişmək olmur.

Həbslər, şərləmələr, qətllər insan ömürlərini dəyişə, zülmləri artıra bilər. Amma bir tarixi baza (“historical contingent”) var. Bu, dəyişmir, artır, azalır, amma nəyisə ordan silmək olmur. Çünki meydana, divara, heykəllərə yazılmasından asılı olmayaraq, ölkənin bioqrafiyası bir dəfə yazılır.

No comments:

Post a Comment