Jul 7, 2016

Sənaye İnqilabı niyə İngiltərədə başladı?

İELTS mətnlərindən maraqlı məlumatları təqdim etməyə davam edirəm))

Sənaye İnqilabının İngiltərədə başlandığını çoxumuz bilirik. Bu, İngiltərənin hər sahədə kontinental Avropa daxil olmaqla, bütün dünyadan uzun müddət daha yüksək inkişaf etməsinə səbəb olub. Bəs Sənaye İnqilabı niyə məhz İngiltərədə başladı?

Bu suala cavab olaraq çoxlu nəzəriyyə və ehtimallar var - coğrafi nəzəriyyədən tutmuş Avropada taunun Britaniya və kontinentdə müxtəlif təsirlərinə qədər. Onlardan maraqlı biri ilə İELTS-in "Reading" materiallarının birində tanış oldum.

Deməli, bu nəzəriyyə iddia edir ki, çay və pivədən istifadənin İngiltərədə geniş yayılması Sənaye İnqilabına səbəb olub. Necə?

Kembric Kral Kollecindən olan antropoloji elmlər professoru Alan Makfarleyn (Alan Macfarlane) Sənaye İnqilabının niyə məhz Britaniyada və niyə məhz 18-ci əsrdə baş verməsini on illərlə araşdırıb və müəyyən edib ki, sənaye istehsalına keçid üçün bir sıra şərtlər lazımdır: fabrikləri idarə etmək üçün texnologiya və enerji; ucuz əmək qüvvəsini təmin etmək üçün çoxsaylı şəhər əhalisi; malları daşımaq üçün asan nəqliyyat sistemi;kütləvi istehsal olunan məhsulları almaq arzusunda olan təminatlı orta-sinif; bazar iqtisadiyyatı və bütün bunların baş verməsinə imkan verən siyasi sistem.


Makfarleyn qeyd edir ki, bu şərtlər 18-ci əsrdə İngiltərə ilə yanaşı Fransada, Yaponiyada, Niderlandda, hətta qismən Çində də mövcud olub, amma Sənaye İnqilabı İngilətərədə baş verib. Sənaye İnqilabının baş verməsinə səbəb olan və yuxarıda sadalanmamış faktor hər mətbəxin şkafında var - pivə və çay.

Makfarleyn bu nəticəyə əhalinin artımını araşdırarkən, gəlib. Belə ki, Britaniya əhalisi 1650-1740-cı illərdə sabit sayda qalıb. Lakin ardınca əhali artımında partlayış olub. Çünki 20 il ərzində öüm sayı həm kənd, həm də şəhər ərazilərində yarıbayarı azalıb. Bununla bağlı 4 mümkün variant araşdırılıb: a) Virus və bakteriyaların yayılmasında azalma olubmu? Yox. Çünki bunun üçün tibbdə hansısa əhəmiyyətli inkişaf baş verməmişdi. Listerin viruslar əleyhinə inqilabı hələ 1 əsr sonra olacaqdı. b) Ətarf mühitdə hansısa dəyişiklik olubmu? Kənd təsərrüfatında malyariyanı ləğv edən yeniliklər olub, amma bunun təsiri az idi. c) Sanitariya? Bu 19-cu əsrə qədər geniş yayılmamışdı. d) Ərzaq. Bu da uğurlu variant deyil. Çünki əhalinin boy və çəki statistikası göstərir ki, ərzağın keyfiyyəti o dövrdə pisləşməkdə idi. Uşaq ölümlərindəki qəfil azalmanı bunlarla izah etmək mümkün deyil.
Alan Macfarlane

Makfarleyn qeyd edir ki, bu dövrün sürətli əhali artımı SƏnaye İnqilabının ucuz uşçi qüvvəsi ilə təminatına səbəb olub. Başqa sözlə, Sənaye İnqilabının əsas şərtlərindən biri olan əhalinin sürətlə artması məhz bu dövrdə ölümün azalmasına görə olub. Ölümün kəskin azalmasının səbəbi kimi isə Makfarleyn İngiltərənin pivə və çay içmək ənənəsini göstərir. Çünki pivə və çay yalnız qaynadılmış sudan hazırlanır. Qaynadılmış su isə dizenteriyanı məhv edir. Ana südündə dizenteriyanın olması uşaq ölümlərini artırır. Pivənin buna birbaşa təsirini izah eləmək üçün Makferleyn 1720-ci ildə buğdaya (bu, mətndə "malt" kimi adlandırılır, pivə istehsal etmək üçün əsas xammaldır) qoyulan vergilər nəticəsində pivə istehsalının keyfiyyətinin pisləşməsi və nəticədə əhali arasında ölüm statistikasının artmasını göstərir.

Amma, qeyd etdiyimiz kimi, bu ölümlər bir az sonra qəfil endi. Buna səbəb isə çay idi. 18-ci əsrin əvvəllərində Çindən birbaşa çay idxalı başladığından əhalinin qaynadılmış su istehlakı artmış, nəticədə ana südü dizenteriyadan və qaynadılmış su istehlakı nəticəsində məhv olan digər təhlükəli xəstəliklərdən azad olmuş və uşaq ölümləri kəskin azalaraq, əhalinin sıçrayışlı artımına səbəb olmuşdur. Bu da Sənaye İnqilabı üçün əsas amillərdən olan ucuz işçi qüvvəsini təmin etmişdir.

Makfarleyn eyni faktorların mövcud olduğu Yaponiya ilə Britaniyanı müqayisə də edir. Belə ki, yaponlarda Sənaye İnqilabına səbəb ola bilən bütün faktorlar, o cümlədən çay mədəniyyəti də var idi. Bəs onlarda niyə bu inqilab olmadı? Makfarleyn iddia edir ki, yaponlar insan əməyini azaldan texnologiyanın, məslən, heyvanlar vasitəsilə hərəkətə gətirilən yeni texnologiyanın tətbiqindən imtina etdilər, çünki bunun insanları işdən soyudacağını düşündülər. Nəticədə indi dünyada ən çox texnologiyalaşmış xalq sayılan yaponlar 19-cu əsrə "təkərsiz" girdilər.

No comments:

Post a Comment