Bir var
statistika, ümumi kənardan baxış, bir də var, insan taleyi, hər bir fərdin hiss
etdikləri, yaşadıqları. Biri realist, biri isə moralist yanaşmadır.
23 il
bitib artıq, 24-cü ildir. Biz eyni rejimdə gedirik. Realist yanaşma ilə siyasi
həyatda dəyişən çox az şey var, moralist yanaşmaya görə isə çox şey dəyişib.
Bir qrup
insan 23 il əvvəl hərbi çevriliş vasitəsilə hakimiyyəti qəsb edib, o zaman əhalinin
əhəmiyyətli hissəsi bu xuntaya qarşı müxalifətə keçdi. Xuntanın başında isə
KQB, Rusiya general-mayoru dururdu, çox ağıllı idi, müxalifətin bir marginal
qrupdan ibarət olmadığını görürdü və ona görə də onlarla hesablaşırdı. Bu vəziyyət
generalın ölümünə qədər davam etdi. Lakin məsələ burasındadır ki, o ölənə qədər
həmin müxalifətin rəhbərləri də onunla heablaşır və bir centlmen razılaşmasına əsasən,
onun hakimiyyətinin devrilməsi üçün potensiallarından istifadə etmirdilər.
Bəzən
seçkilər zamanı müxalifətin birləşib hakimiyyəti devirmək potensialının olduğu
məlum olurdu. Amma hər dəfə ortaya bir müxalifət lideri çıxır, öz arxasınca gələn
yüz minlərlə insanı bu birləşmə prosesindən kənar qoyur, generalın növbəti qələbəsi
üçün münbit şərait yaradırdı. Növbəti seçkidə bu müxalifət lideri birləşmənin təəssübkeşi
kimi çıxış edir, bu zaman öz kütləsini birəşmə prosesindən kənarda saxlamaq
obrazını başqa aktyor öz üzərinə götürürdü.
Beləcə
generalın iqtidarda və onun centlmen sazişi üzrə tərəfdarlarının müxalifətdə
hakimiyyəti davam edirdi. Bir gün general öldü. İqtidardakılar müxalifətlə
razılaşmadan 4 gün sonra varisi müəyyən etdi, özü də generalın adından. Amma
general yox idi, bir çox adam müxalifətin o vaxtkı ən güclü lideri İsa Qəmbəri
bu qeyri-legitim varislik şəraitindən yararlanıb hərəkət etməyə çağırdı. Amma
İsa bəy düşündü ki, “Bu da atasının oğludur. Centlmen razılaşmasını davam
etdirmək olar”. Və bəy icazəli aksiyalar cızığından kənara çıxmadı.
Amma bəyin
potensialı onun qorxaqlığının sərhədlərini aşdı, 16 oktyabrda İsa Qəmbərin
razılığı olmadan minlərlə insan Azadlıq meydanına töküldü. Təbii ki, nə müxalifət,
nə də iqtidar tərəfindən meydana çıxmağı razılaşdırılmış bu fədakar insanlar əzilməyə
başlandı. Bu insanlar qanına qəltan edildilər. İsa bəy isə illər sonra açıqlama
verdi ki, “mən o zaman evdə idim, çıxsam, tutardılar”. Bu ev tətili zamanı isə
İsa bəyin prezident olması uğrunda mübarizə aparan insanlar ağlasığmaz işgəncələr
altında liderləri əleyhinə ifadə verməyə məcbur edilirdilər. Bir çoxu da ifadə
vermirdi, lakin xəbərləri yox idi ki, həmin lider mitinq zamanı qərargahda
olmadığına, ümumiyyətlə evdən çıxmadığına camaatı inandırmaq uğrunda mübarizə
aparır.
Amma İsa bəy
ağıllı adamdır, yeni centlmen sazişi yüzlərlə müsavatçının qanı üzərindən qüvvəyə
mindi. Amma müxalifətin hamısının yeni sazişə əməl edəcəyi bilinmirdi. Etmədilər
də. 2005-də Əli Kərimli varislə saziş bağlamaqdan imtina etmək iradəsi göstərdi,
icazəli mitinqin vaxtı qurtaranda meydanda oturdu və hamını oturmağa səslədi. Təxminən
15-20 dəqiqəyə on minlərlə insanı meydandan kürüyüb atdılar, elə Əli bəyi də. O
da yeni centlmen sazişinə əməl etməli oldu. Bəs əməl etməyənləri nə gözləyir?
Bunu bir az sonra – 2013-cü ildə görəcəkdik.
Yeni
centlmen sazişinin mahiyyəti isə belədir: iqtidar müxalifət olaraq yalnız 2
partiyanı tanıyır. Özü bəzən bəzi partiyaları cib müxalifəti kimi təqdim edəcək,
amma hər bir halda beynəlxalq təşkilatların, xarici səfirliklərin apelyasiya
etməsi üçün əsl müxalifət kimi bu 2 partiyanı saxlayacaq. Əvəzində bu 2 partiya
özlərindən başqa müxalifətin mövcud olmaması üçün əllərindən gələni edəcəklər, əlbəttə,
bu sahədə iqtidar da öz böyük zor aparatı ilə yardımçıları olacaqdı. Bir sözlə,
AXCP və Müsavat “Müxalifət Nazirliyi” olaraq, fəaliyyətlərinə davam edə bilərdilər.
Bu partiyaları idarə edənlər buna razılaşdılar. Bu, həm də iqtidarın Qərb
qarşısında demokratiya imitasiyası oyununa rəng qatan əsas dekor oldu.
AXCP və
Müsavatdan kənar müxalifət olmaq cəhdi (fərdi və ya təşkilat olaraq – fərq
etmir) AXCP və Müsavatın təhqirlərinə, lağlağılarına, qınamalarına, bəzən
böhtanlarına, şantajlarına tuş gəlmək deməkdir. Belə cəhdlər isə 2011-ə qədər təşkilatlanmış
səviyyədə, demək olar ki, olmurdu. 2008-də Real hərəkatı yaradılmışdı, amma
onların da əsas fəaliyyəti bir neçə il sonra nəzərə çarpdı. Realın sədri İlqar
Məmmədov həmişə cəbhəçi və müsavatçılar tərəfindən “2003 London danışıqlarının
tərcüməçisi” adlandırılaraq, aşağılandı. Ta ki həbs olunana qədər. Cəbhəçi və
müsavatçılardan dəfələrlə eşitmişəm ki, “İlqar Məmmədovu çox da böyütməyin. Həbsdən
çıxsın, görərsiniz, nədir.” Bu, o deməkdir ki, “qoy həbsdən çıxsın, görün, onu
nə günə salırıq”.
Realdan
başqa meydana Nida da çıxmışdı 2011-də. 2013-də isə Nida indiyə qədərki fəaliyyətinin
ən parlaq dövrünü yaşayırdı. Mitinqlər Nidasız alınmazdı. İcazəsiz aksiyaların əsas
hərəkətverici qüvvəsi Nidadakı gənclər idi. Amma Nidada da 2 düşərgə var idi –
partiyalara tərəfdar olanlar və partiyaların əleyhdarları. O zaman Nida güclü
idi və daha çox siyasi partiya üzvü olmayan insanları cəlb edirdi özünə. Ona
görə də partiya əleyhdarları da daha üstün mövqeyə malik idilər. Partiya tərəfdarları
isə özləri bu “dəcəllər”in öhdəsindən gələ bilmirdilər deyə, ümumi prosesin
onların xeyrinə nəticələnməsini gözləyirdilər. “Müxalifət Nazirliyi” Nidanın
öhdəsindən gələ bilməyəndə iqtidar özü işə düşdü. 2013-də başlanılmış Nidaya
qarşı kütləvi repressiya Hərəkatı yarımcan etdi və bir neçə il sonra tamamilə
çökdürdü.
Nidanın
müstəqil, partiya mövqeyi ilə barışmayan üzvləri həbs edildi, 6-8 il azadlıqdan
məhrum etməyə məhkum edildilər. O vaxt Nidaya dəstək xətrinə çoxlu yeni üzv gəldi,
amma reklam olunmasa da, bundan dəfələrlə çox üzv də həbsdən ehtiyat edərək,
Nidadan çıxdı.
Realın isə
başına başqa cür oyun açıldı. “Müxalifət Nazirliyi”nin İlqar Məmmədov haqqında
hədyanları işə yaramayanda iqtidar yenə köməyə gəldi. İlqar Məmmədov, ardınca Rəsul
Cəfərov həbs olundu, digər İdarə Heyəti üzvləri barəsində cinayət işi açıldı,
bir çoxu ölkədən qaçdı, onların QHT fəaliyyəti çökdürüldü və Real bir kluba
döndərildi.
Meydan
qaldı yenə “Nazirliy”in ixtiyarında. 2005-ci ildə qurulması başa çatdırılmış
meydan 2016-cı ildə artıq bərpa edilmişdi. Ortada nə Nida vardı, nə də xalqa
çatımlı Real. Üstəgəl, demokratiyanı sərhədlərdən xeyli uzaqlaşdıran Türkiyədəki
darbe cəhdi oldu. Dərhal referendum elan olundu ki, konstitusiya dəyişdirilir.
Bu “referendum” isə artıq yeni varis hazırlayırdı. Yeni varislə yeni centlmen
sazişinə hazır olduğunu sübut etmək isə “Müxalifət Nazirliyi” üçün növbətçi
mitinqlərdən keçirdi. Heç bir etirazçı təşviqat qrupu qeydə alınmamışdı. Təcili
5-10 min adamın bir yerə toplaşıb icazə verilən yerdə icazə verilən müddətdə
icazə verilən şüarları deməsinə ehtiyac var idi. Bir az da sutkalıq həbslərlə bəzək-düzək
veriləcəkdi. Bu potensiala malik yeganə qurum isə “Müxalifət nazirliyi”dir –
saf, vicdanlı, əqidəli minlərlə üzv, bu üzvlərin saflığından, vicdanından, əqidəsindən
sui-istifadə etmək qabiliyyətinə malik olduğunu dəfələrlə sübut etmiş liderlər.
“Nazirlik” dərhal meydana atıldı. Ard-arda mitinqlərdə hansı şüarların
qışqırılmasını da polislər müəyyən edirdi. Amma artıq mitinqlər növbətçilik
reysindən çıxa bilərdi. Dayandırmaq lazım idi. Yenə iqtidar qardaş köməyə gəldi.
Həbsləri çoxaltdı, “nazir”lərdən biri mitinqindən imtina etdi, o birinin tərəfdaları
bunun tərəfdarlarını qınadı, yeni mövzu yarandı və... vəssalam, məsələ bitdi.
Övladlarının üzünə necə baxacağını düşünə-düşünə 3-cü onillikdir, mübarizə
aparan insanlar isə çaşqın halda kimi qınayacaqlarını bilmədən bir az döyüküb
iqtidarın müəyyən etdiyi yeni gündəmlərə geri qayıtdılar.
Bütün
bunlar statistik, kənardan görünən tərəflərdir, yəni realist yanaşma ilə çox
şey dəyişməyib. “Müxalifət Nazirliyi”nin centlmen sazişləri varisdən-varisə
yenilənə-yenilənə gəlir, iqtidar da dəyişmir, müxalifət də. Əli Kərimli Stalin
kimi yeganə namizəd olaraq partiyasındakı sədr seçkisinə qatılır (bir dəfə bir
partiya üzvü namizədliyini vermişdi ki, bu oyun seçkiyə oxşasın, onda da onu əlüstü
“KQB-şnik” çıxarıb namizədliyini geri götürməyə vadar etmişdilər), İsa Qəmbər
isə 24 illik kabinetindən “nazirliy”in idarəçiliyi ilə məşğuldur. Ciddi dəyişən
nəsə yoxdur. Real və Nida dəyişiklik yaratmağa çalışsalar da, bir şey alınmadı.
Moralist
yanaşmada isə çox şey dəyişib – on, bəlkə də yüz minlərlə insanın mübarizəsi 2
nəfərin “centlmen”cəsinə hakimiyyətlə razılaşmasına qurban gedib. Və beləcə
davam edir. Yeni gənclər qoşulur mübarizəyə, hərəsi də bir dünya arzu, ölkələrinə
sevgi, ideyalarına sadiqlik ilə. Bu gənclər ya “Müxalifət nazirliyi”nə
inanmalıdırlar, ya da aşağılanma cəhdləri ilə uzaqlaşdırılmalıdırlar. Beləcə
ölkənin potensialı həm də ona görə məhv edilir ki, 2 nəfərin müxalifətdə hakim olmaq ehtirası təmin
edilsin. Axı demokratiya şəriaitində onlar kimin nəyinə lazımdırlar? 24-27 ilə
partiyalarından bir gənci belə lider kimi yetişdirib çıxara bilməyən, yetişənləri
də Osmanlı padşahları qardaşlarını çıxdaş edən sayaq partiyadan uzaqlaşdıran
insanlar, qərargahsız vəzifəsindən, bir kabinetindən çıxa bilmək mənliyi
olmayan insanlar ölkədə hansı dəyişikliyi həyata keçirə bilərlər ki?!
Demokratiya
şəraitində hətta əvvəlcə seçiləsələr də, 4-5 il keçməmiş biabırçılıqla hakimiyyətlərini
itirəcəkləri məntiqli və tənqid etməyi bacaran adamlarda şübhə yaratmaz.
Demokratik şəraitdə onlar nə iqtidar olacaqlar, nə də müxalifət. Hamam-tualetli
kabinetlərini də itirəcəklər, təknamizədli “seçki”lərini də. Ona görə bərk-bərk
yapışıblar, bu qədər insanın vicdanı, cəsarəti, bəzən qanı üzərindən öz sədrliklərini,
başqanlıqlarını qoruyurlar.
Bəli,
moralist yanaşmada çox şey dəyişib. Çox insanın həyatı məhv olub gedib. Amma
bir az dərindən baxanda elə realist olaraq da nələrinsə dəyişdiyini görə bilərik.
Bu yaxında məlum oldu ki, Diplomatik Akademiyada 2013 mitinqləri tədrisə daxil
edilib. Çünki bu, bu xalqın həm iqtidara, həm də onun “Müxaifət Nazirliyi”nə
qarşı 2003, 2005 ayaqlanmalarından bəri yeganə siyasi uğurudur. Və həmin gənclik
parça-parça edilib. Bu isə “Müxalifət Nazirliyi”nin uğurudur.
Comments
Post a Comment