Dec 20, 2016

“Yaxşı birdir”

Türkiyə Cümhuriyyətinin 93-cü ildönümündə ilk dəfə “Yol” filminə baxdım. Çox ağır filmdir. Sona 17 dəqiqə qalmış artıq sarsılmışdım. Amma məsələ təkcə filmin ağırlığında deyil. Düşünəndə ki, Türkiyənin öz taleyi bu filmdən qat-qat ağır mərhələni yaşayır, istər-istəməz bir sual düşündürür adamı – Qərb dəyərlərinin Şərqdə tətbiqi uğurludurmu? Bəlkə bu ideyadan vaz keçmək lazımdır? İslam və demokratiya bir araya sığarmı?

Əslində bu suallara nümunələrlə cavablar verilib. Samuray adəti kimi demokratiya, humanizmlə 180 dərəcə tərs düşən adəti olan ölkədən demokratik cəmiyyət düzəltmək olursa, məncə hər bir toplumda eyni praktikanı tətbiq etmək olar. Amma məsələ bu dəfə daha ağırdır – Avropa, daha geniş desək, Şimali Atlantika regionu Qərb dəyərlərinin yayıcısı vəzifəsini daşımalıdırlarmı? Daşımalıdırlarsa, bu zaman zorakılıq tətbiq etmək olarmı? Humanizmi yaymaq üçün insan öldürmək bakirəliyi qorumaq üçün fahişəlik etməyə bənzəmirmi?


Hazırda görünən odur ki, Qərb bu vəzifəsinin icrasında tərəddüdlər edir (Əlbəttə, bu tərəddüdlərin müvəqqəti olduğunu düşünürəm, amma bu, ayrı söhbətin mövzusudur). Belə olan halda Nazarbayevin ifadəsi ağla gəlir: “Demokratiya bizim üçün məqsəddir. Bizim ona doğru getməkdə öz yolumuz var. Biz fərqliyik.” Təbii, cənab diktator bu sözləri səmimi olaraq deməyib, sadəcə öz korrupsioner hakimiyyətini qoruyub saxlamaq üçün “narışkinlik” edir. Amma söhbət Qazaxıstandan getmir.

Öz misalımıza qayıtsaq, Türkiyə nə edir bu barədə? Atatürkdən başlayaraq, çox qəribə üsulla Qərb dəyərlərini tətbiq edirdilər. Zorla, mərkəzdən gələn inzibati amirliklə humanizm, tolerantlıq, insan hüquq və azadlıqlarının bərabərliyi kimi ideyalar yayılırdı. Bu, artıq, həqiqətən də, səmimi olaraq, “öz yolu”nun olması anlamına gəlir. Türkiyə dünyanın, yəqin ki, yeganə ölkəsi olub ki (bu ilki çevriliş cəhdindən sonra bu status dəyişilib artıq), ordu demokratiyanı qorumaqla məşğul olub. Özü də qeyri-demokratik yolla. Çünki zorakılıq ordunun ən fərqləndirici xüsusiyyətidir. 

Kommunizm, şəriət təhlükəsi olanda hakimiyyəti zorla ələ keçirib, repressiyalar edərək, sonradan hakimiyyəti demokratik hökumətə təhvil verən bir ordu – bu, dünyada fenomendir. Hər yerdə ordu demokratiyaya, ictimai müqaviləyə əsas maneə sayılıb. Hərbi çevrilişlə hakimiyyətə gələnlər çətin gedir, çox vaxt könüllü olaraq, heç getmirlər.
Türkiyənin bu “öz yolu” uğursuzdurmu? Hələ ki, məsələlər təzədir, Erdoğanın nələr edə biləcəyi çox da aydın deyil, Türkiyə cəmiyyəti bu qədər asanlıqla məğlub ediləsi bir cəmiyyət deyil. Ona görə bu yolun uğursuzluğu barədə nəsə demək olmur. Amma bir şey aydındır ki, bu yol unikaldır, başqaları üçün tətbiqedilməzdir. Atatürk əvəzedilməz olduğu kimi, 1920-lərin şəraiti də bir daha olduğu kimi təkrar olunmayacaq. Həmin şəraitdə məhz Atatürkün yaratdığı bu üsul isə bəşəri deyil, lokaldır, başqa yerlərdə (bəlkə, elə Türkiyənin özündə də) istifadəyə yararsızdır.

Bəs bəşəriyyətin xilası olan Qərb dəyərləri necə yayılmalıdır? O gün bir sorğuya baxıram. ABŞ-da insanlar onların dövlətinin hazırda neçə dövlətin ərazisini bombaladığını bilmirlər. Aparıcı deyir ki, 7 dövlətdir (Pakistan, Əfqanıstan, Suriya, İraq, Yəmən, Liviya, Somali). Bu, əslində Qərbin legitim zorakılıq hüququna hələ də iddialı olduğunu göstərir. Onlar bu iddianı Böyük Coğrafi Kəşflərlə ortaya qoyublar. BMT Nizamnaməsində “sivil xalqlar” ifadəsi var. Dünyanın əksər hissəsi “qeyri-sivil” sayıldığından, yəni özünü idarə etməyə və bir çox başqa şeylərə layiq sayılmadığından bu ifadə Millətlər Liqasının Nizamnaməsinə yazılmışdı.

Amma əsas problem ordadır ki, Qərb mələklərdən ibarət deyil. Və zorakılığı tətbiq edərkən də əksər vaxt bunun arxasında yaxşı niyyət durmur. Bu şəraitdə yeganə real görünən optimist yol odur ki, Şərqin proqressiv insanları Qərbin proqressiv insanları ilə əməkdaşlıq etsinlər, Qərbin həm iqtisadi-siyasi, həm də hərbi müdaxiləsinin mümkün qədər yaxşı niyyətlə əhatə olumasına nail olsunlar. Qərbin proqressiv insanları isə zorakılıq tətbiq olunmadan Qərb dəyələri üçün qazanılması mümkün olan cəmiyyətlərə, başqa sözlə “bişmiş cəmiyyətlər”ə biganə qalmasınlar.

Bir müddət əvvəl İsveçdə yaşayan dostum deyir ki, burada televiziyada Türkiyə haqqında tez-tez danışırlar. Bu, məni yuxarıda yazdığım səbəblərdən sevindirdi. Türkiyə cəmiyyəti zor-xoş, pis-yaxşı artıq Qərb dəyərlərini qəbul etmək üçün bişib. Bizim küçədə əsgər döyən gördüyümüz mollalar azlıqdır. İnsanların AKP-ə səs verməsi hər zaman onların gerizəkalılığından irəli gəlmir. Eləcə də SSRİ-nin sekulyarlıq qazandırdığı və bunu saxlaya bilmiş eks-sovet müsəlman cəmiyyətləri Qərb dəyərlərini udmağa hazırdırlar. Çoxlu belə cəmiyyətlər var ki, proqressiv insanların birgə əməyi sayəsində demokratik, sekulyar, müasir dünyanın sərhədləri içinə alına bilər.

Dünya hazırda proqressiv və reqressivlərə, başqa sözlə “yaxşı və pis” adamlara daha çox bölünüb. Modernizmə hazırda II Dünya müharibəsindən sonra ən yüksək səviyyədə tələbat var. İnsanlar nazarbayevlərin “öz yolları”ndan beziblər. Hər kəs Qərbə qaçır. Çünki türmə jarqonunda da deyildiyi kimi, “yaxşı birdir”. Bu isə Qərbdir, Şimali Atlantika sivilizasiyasıdır.


Atatürkün vasitəsi – ordu ilə demokratiya qurmaq bəlkə də 21-ci əsr üçün uğursuz vasitədir. Amma indiyə qədər baş vermişlər, dəyişdirilə bilməyəcək hadisələr Türkiyə cəmiyyətində elə tarixi kontingent yaradıb ki, bunun köməkliyi ilə və insanların hazırkı iqtisadi ehtiyaclarına cavab verərək, Türkiyəni Qərb üçün qazandırmaq olar. Atatürkün ən böyük əməyi də budur. Vasitələri pis ola bilər, amma seçdiyi yol düzgün olub – Cümhuriyyət, sekulyarlıq, müasirlik yolu. Türkiyə Cümhuriyyəti vasitəni dəyişsə də, məqsədi, yolu dəyişməməlidir. Hələ ümid var. Cümhuriyyət də var. Qərb dəyərlərinə təşnə milyardlarla insan da var.

No comments:

Post a Comment