Apr 12, 2016

“Klas-klas”

... Biz əkiz doğulduq. Hərəmiz bir cinsdən. Atam xəstəxananın otağına girdi, məni qaldırıb öpdü, qoydu yerimə, amma o birini başı üstünə qaldırdı, vüqarla baxdı, bir az qucağında saxladı – həkim əlindən alıb atamı otaqdan çıxarana qədər. Otaqdan çıxanda da onun arxasıyca baxırdı.

... Evə qonaqlar gəlmişdi bizi görməyə. Məni qucağına alan az idi, mən öz paltarımda yerimdə uzanmışdım. Amma onu lüt şəkildə yuxarı qaldırır, hamı zarafatlaşırdı. Mən altımı batıranda əynimi hamının gözündən uzaq yerdə dəyişirdilər, amma o, qonaqların yanında lüt gülürdü.

... İkimizə də çoxlu oyuncaqlar alırdılar. Mənə tozsoran, qab-qacaq dəsti, ev təmizləmək üçün əşyaların modelləri. Ona isə mənim arzularımı – maşınlar, tapançalar...

... Bir dəfə divardan aşanda anam bizi gördü. Məni vurdu, dedi, divara dırmaşmaq sənə olmaz. O isə yenə divara dırmaşırdı. Biz hələ cinsi fərqlərin nə olduğunu bilməyəcək qədər balaca idik. Amma dost dairəmiz cinsimizə görə müəyyən olunurdu.

... Mən öz dostlarımla evcik-evcik oynayırdım, adətən evi yığışdırmaq, təmizləmək, qulluq eləmək kimi vəzifələri imitasiya edirdik. O isə öz dostları ilə vuruşurdu, idman oyunları oynayırdı. Biz uşağa yaraşan atdanıb-düşmə oyunu oynayanda da yerdə qəfəslər çəkib, yalnız onların içində atdanıb-düşürdük. Hara tullandığımızı və hara düşəcəyimizi hər kəs görməli idi – boz asfaltda ağ təbaşir xətləri kimi.