İsanın dönüşü və ya modernizmin yeni triumfu

Rəsulzadənin sovetlərin yıxılacağına və Azərbaycanın yenidən müstəqilləşəcəyinə on illər öncə olan əminliyi 1991-də təsdiqini tapdı. Zaman-zaman bu dahi adamın digər əminlikləri də təsdiqini tapır. O, modernist idi. Təəssüf ki, Atatürk qədər məqsədi vasitədən üstün tuta bilən adam, sərkərdə deyildi və öz ideyaları üçün uğursuz zaman və məkanda fəaliyyət göstərirdi.

Amma Atatürklə oxşarlığı modernistliyində idi. Liberalizmə, insan hüquq və azadlıqlarının aliliyinə, sekulyarizmə, demokratiyaya sadiq idi və bəşəriyyət üçün bunu xilas sayırdı. O, xilasa inanırdı. Xilaskar İsaya etiqad edən protestant əxlaqında öz ifadəsini tapmış kapitalizm və liberalizmin də inandığı xilasa. Rəsulzadə qətiyyən post-modernist deyildi, onun üçün ağ və qara var idi, pozulmaz, ali dəyərlər var idi.

Bütün bu inandıqlarını ölkəsində bərqərar etməyə çalışırdı. Qismən edə bildi və ardını bacarmadı. Həm də ona görə ki, Atatürk qədər inqilabçı deyildi, daha çox islahat, təkamül meylli adam idi. O, Azərbaycanın müstəqilliyi ideyasını daha çox 1918 mart soyqırımı başlayandan sonra müdafiə etməyə başladı, buna kimi Rusiya tərkibində siyasi-mədəni muxtariyyət ideyasına daha çox sadiq idi. (Hətta müstəqilliyi müdafiə edəndə də Zaqafqaziyanın tərkibindən ən son çıxan Azərbaycan oldu.)

Ona görə yox ki, Azərbaycanı az sevirdi, ona görə ki, məsələləri yavaş-yavaş həll etmək istəyirdi, qəfil dəyişiklikləri təhlükəli hesab edirdi. Çünki humanist idi, kiminsə onun qərarı nəticəsində ölməsinə çətin dözərdi. Bu baxımdan Rəsulzadəyə çox bənzəyən Elçibəy 1993 qiyamında niyə hərbi müqavimət göstərilməməsi ilə bağlı suala təxminən belə cavab vermişdi ki, mən prezidentəmsə, mənim əmrimlə mənim əsgərim ölməməlidir.


Atatürk isə ordunu döyüşə aparırdı, yeri etirazları aşırı güc tətbiq edərək, yatırırdı, millətçilik ideyası naminə kürdləri qırırdı... (Haqq qazandırmıram, sadəcə müqayisə edirəm.) Nəticə göz önündədir – Türkiyə o zaman müstəqilliyini qoruya bildi, biz isə demək olar ki, döyüşsüz təslim olduq.

Vasitələrə və onlara münasibətinə baxmayaraq, Atatürk də, Rəsulzadə də modernist idilər. İndiki dünyada isə ən çox ehtiyac olan şey məhz modernizmdir. Kimin nə deməyindən, hansı ideyanı müdafiə etməyindən asılı olmayaraq, bütün dünya Qərbə - modernist cəmiyyətin bərqərar olduğu mühitə axışır – yüz milyonlarla insan. Sosialist, kommunist, şəriət, feodal və s. ideyaların daşıyıcıları olmağından asılı olmayaraq, hər kəs min bir əziyyətlə, ölümü də gözə alaraq, sərhədləri pozaraq, üzərək, uçaraq, qaçaraq Qərb ölkələrinə can atır.

Kimin necə izah eləməyindən asılı olmayaraq, səbəb birdir – modernist liberal quruluş insan ləyaqətini ən çox qoruya bilən sistemdir. Hazırda Qərbin təbii post-modernizmi öz keçmişinə müraciətlə - faşizmə, kommunizmə (baxmayaraq ki, faşizm, kommunizm modernizmin məhsuludur, hazırkı dövr üçün keçilmiş, keçmiş sayılır) apelyasiya ilə, orta əsrlər zövqünə qayıtmaqla, modernizmə çox ağır şəkildə uduzur. Şərqin saxta post-modernizmi isə öz feodalizminə, terroruna, despotizminə qayıtmaq cəhdi ilə modernizmdən aşağıdır.

Düzdür, son bir neçə ildə Qərbdə də, Şərqdə də modernizm geriləyib, yerini Trump-a, Brexit-ə, Putinin, Erdoğanın uğurlarına verib. Amma bu özü elə modernist dəyərlərin əhəmiyyətini artırır. Hitlerin çox “uğurla” sınaqdan keçirdiyi bütün dəyərləri populizmə qurban vermək siyasəti yenidən dirçəlir. (Amma tezliklə uduzacaq, bu, ayrı söhbətin mövzusudur.)

Hazırda isə dünyanın modernist dəyərlərin yeni təntənəli triumfuna ehtiyacı var. Türkiyənin Atatürkə, Rusiyanın və Şərqi Avropanın 90-lar demokratiyasına, Britaniyanın kommunizmin və faşizmin barışmaz düşməni Çörçillə, Azərbaycanın isə Rəsulzadə ideyalarına ehtiyacı var. Tələb varsa, təklif də olacaq, zamanla tarazlıq da öz yerini tapacaq – tələb-təklif əyrisi kəsişəcək.

Bu gün Rəsulzadənin doğum günüdür. Onun ən məşhur sözlərindən biri “İnsanlara hürriyyət, millətlərə istiqlal”dır – ABŞ aeroportlarında insanlar indi elə bunu qışqırır. Bu, modernizmin yeni dalğasının səsidir. 1948 İnsan Hüquqları Bəyannaməsinə ehtiyac çox nadir hallarda bu qədər çox olmuşdu.


Təbii ki, dövr dəyişib, Atatürkün vasitələri keçmir (2016-nın iyulunda bunun şahidi olduq. Küt populizm dəyərlərin diktaturasına qalib gəlmişdi onda), Rəsulzadənin yumşaqlığı, bəlkə, daha çox işə yarayacaq... bilmirəm. Amma əvvəl axır vasitələr də tapılacaq, insan hüquq və azadlıqları yenidən layiq olduğu ən yüksə səviyyəyə qalxacaq, bu hüquq və azadlıqlar institutu kilsədən aldığı Xilaskar İsa rolunu daha uğurla icra edəcəkdir.

Comments

Post a Comment